Fərman Kərimzadə - 85

Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən, ədəbiyyatımıza “Qarlı aşırım”, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi önəmli əsərlər bəxş etmiş görkəmli yazıçı, ssenarist Fərman Kərimzadənin (03.03.1937-17.03.1989) 85 illik yubileyidir.

F.Kərimzadənin imzası əsasən tarixi roman müəllifi kimi tanınır. 1967-ci ildə çap olunan “Qarlı aşırım” romanı, onun gələcək nəsillər üçün önəmli fikirlər ortaya qoyacağından xəbər vermişdir. Əsərdə 30-cu illərin ziddiyyətlərinə, kollektivləşmə dövrünün çətinliklərinə tamamilə yeni ruhda geniş yer verilib. O dövrün mübarizə və döyüş iqtidarı, Qəmlo kimilərin sinfi mənafeyi, günahsız insanların taleyi “Qarlı aşırım”da təbii boyalarla əks etdirilib, təsirli və inandırıcı verilib.

1982-ci ildə nəşr edilən “Xudafərin körpüsü” tarixi romanında XV əsrin sonu XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin həyatı, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.

Yazıçının geniş araşdırmalardan sonra qələmə aldığı “Xüdafərin körpüsü” Azərbaycan torpaqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir. F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin məqsədini, köklərini müasirlik ruhu ilə təsvir etmiş, qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır. Bütün bunların nəticəsidir ki, onun əsərləri kino sənəti üçün zəngin material vermişdir. “Toy toğlusu” hekayəsi əsasında qısametrajlı “Zınqırov”, novellası əsasında “Arvadım mənim, uşaqlarım mənim” filmləri çəkilmişdir.

“Qarlı aşırım” romanı əsasında 1971-ci ildə rejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi “Axırıncı aşırım” filmi isə Azərbaycan kinosunun ən uğurlu filmlərindən biri heab olunur. Ekran əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində Sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.

F.Kərimzadə filmin hazırlıq prosesi dövründə Azərbaycan Dövlət Radiosuna (1970) verdiyi müsahibədə əsas obrazlardan biri olan Abbasqulu bəy Şadlinskinin xalqımızın çox böyük qəhrəmanlarından olduğunu dilə gətirib: “1920-ci illərin əvvəllərində Naxçıvanda qvardiya dəstələri təşkil edib. Təsəvvür edin ki, o vaxt hələ XI ordu Bakıya gəlməmişdi. Onun yaratdığı tabor inqilab düşmənlərinə qarşı mübarizə aparıb və bu dəstə Ermənistanda sovet hakimiyyətinin qurulmasında yaxından iştirak edib. Bu xidmətlərə görə Abbasqulu bəy Şadlinski və onun dəstəsindən olan 19 adam “Qırmızı Əmək bayrağı” ordeninə layiq görülüb. Sənəd çoxdur, tarixi şəxsiyyətlər də məlumdur”.

Yazıçı deyib ki, tarixi şəxsiyyətlər məlum olanda onların haqqında əsər yazmaq, onları ekrana gətirmək həm asandır, həm də çətin: “Bu yaxınlarda mən Abbasbəyli kəndindən bir məktub almışam. Məktubun müəllifi Ələkbər kişi sifariş göndərib ki, Abbasqulu bəy haqqında onda qəribə materiallar var. Mən belə adamlarla çox görüşmüşəm, yəqin ki, Ələkbər kişi ilə də görüşəcəyik”.

Filmin haralarda çəkiləcəyilə bağlı qeyd edib ki, Abbasqulu bəyi tanıyan adamlar istəyirlər ki, film onun yaşadığı və mübarizə apardığı yerlərdə çəkilsin, biz də buna çalışacağıq: “Bu günlərdə Vedi rayonunda olacağıq. Bundan əlavə onların qiyamçılar arasına getdiyi kəndlər ki var, biz, o kəndləri görmək istəyirik.  Bu həm rəssam üçün, həm operator üçün, həm də rejissor üçün çox vacibdir”.

Müsahibədə onu da bildirib ki, Abbasqulu bəyin vaxtilə döşünə taxdığı orden durur ki, filmdə həmin ordeni onun rolunu oynayan aktyorun  döşünə taxmasını istəyirik. Hər halda bu aktyorda məsuliyyət hissini artırar: “Rejissor çox istəyir ki, realda olan Abbasqulu bəyi filmdə də olduğu kimi cəm edə bilsin. Bunun üçün çox gərgin axtarışlar gedir. Biz bu rol üçün yəqin ki, çox aktyor çağıracağıq. Görək, kim daha yaxşı obrazı canlandıracaq. Hələ qəti bir söz demək mümkün deyil”.

Hazırlıq prosesində filmin həyəcanını yaşayan və bunu müsahibədə də hiss etdirən yazıçının səyi, zəhməti boşa getmədi. Rejissor Kamil Rüstəmbəyovla dəyərli bir sənət nümunəsi ortaya qoymağı bacardılar.

Fərman Kərimzadə “Qarlı aşırım” əsərinin müəllifi kimi, eyni zamanda  filmin ssenaristi  kimi “Axırıncı aşırım”ın çəkiliş prosesində yaxından iştirak edib. Və hər iki yaradıcının böyük məsuliyyət hissilə yaratdığı film istər öz dövründə, istərsə də hazırkı dövrdə böyük maraqla baxılır. Filmdən danışarkən əsas uğurlarından biri kimi personajların dialoqları göstərilir. Əlbəttə ki, bütün bunların uğurlu alınmasında yazıçının sözləri kəlmə-kəlmə axtarıb taparaq obrazların münasibətinə uyğun tərzə uyğunlaşdırması əsas rol oynayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı adından kinomuza “Axırıncı aşırım” kimi dəyərli sənət nümunəsi bəxş edən görkəmli yazıçı, ssenarist Fərman Kərimzadəni dünyaya göz açdığı gündə böyük hörmət və ehtiramla yad edirik!

Aki.az

 

 

 

 

 

.