Azərbaycan Kinematoqrafçılar İttifaqı Alpavirama Beynəlxalq Gənclər Film Festivalı ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində bu il ilk dəfə olaraq Hindistanın Əhmədabad şəhərində “Xüsusi filmlər bölməsində” dörd gənc rejissorun ərsəyə gətirdiyi qısametrajlı filmlər Hindistan tamaşaçısına təqdim olunacaqlar. Festival jürilərinin nümayiş üçün seçdiyi filmləri təqdim edirik.
1. Ülviyyə Əhmədova – “Mən uşaq olmuşam” (sənədli)
2. Aynur Kazımova – “Unudulmuş arzular” – (sənədli)
3. Türkan Hüseyn – “Sonuncu foto ” – (bədii)
4. Ruslan Mollayev – “Sınaq” – (bədii)
Yeddinci dəfə keçirilən festivalda bu il iki xüsusi nümayiş proqramı yer alır – Azərbaycan Kinematoqrafçılar İttifaqının xüsusi nümayişi və Braziliya San-Paolo Universitetinin xüsusi nümayişi.
Alpavirama Beynəlxalq Gənclər Film Festivalından AKİ-yə daxil olan məlumata görə, Alpavirama (Sanskrit dilində “vergül”) 2011-ci ildən Hindistanın Əhmədabad şəhərində Milli Dizayn İnstitutunda (NID) Film və Video Kommunikasiya Şöbəsi tərəfindən təşkil edilən Beynəlxalq Gənclər Film Festivalıdır. Festivalın builki yeddinci buraxılışı 15-19 oktyabr tarixlərində baş tutacaq. Bu il festivalın mövzusu, gənc kinorejissorların gözü ilə reallığın portretini görmək üçün “Əks olunan reallıqlar” elan edilib.
aki.az