Göydə uçan qız və yerdən ona əl edən oğlan
Fevralın 14-də “Azərbaycan” kinoteatrında “Gün keçdi” filminin nümayişində çıxış etmiş sənətşünas Nadir Bədəlovun çıxışının tezislərini təqdim edirik.
Bu başlığı 1971-ci ildə çəkilən “Gün keçdi” filmi haqqında spontan dediyim fikirləri ümumiləşdirməkdən ötrü seçdim. Məgər belə deyil? Film ad günü əhvalatı üzərində qurulub. Özü də eyni ad günü (doğum günü deyirlər indi) iki dəfə qeyd olunur. Birinci dəfə oğlan məktəbdə, yuxarı siniflərdə oxuyan zaman, ikinci dəfə artıq yaşlı kişi olan zaman. Süjet ardıcıllığına görə əksinə, əvvəl yaşlı Oqtayın ad günü ilə tanış oluruq, sonra isə onun yanına uzaq şəhərdən uçub gəlmiş keçmiş, amma unuda bilmədiyi, unuda bilmədiyi üçün də evlənmədiyi məhəbbəti, Əsmərlə birlikdə xatırladığı məktəbli ad günü. Həmin uzaq keçmişdə qalan ad gününə Əsmər hədiyyə əvəzinə qəribə bir müjdə-xəbər gətirmişdi: mənə elçi gəlib. Kimdən? Camal Həsənoviçdən. Yeddi dil bilir, diplomat olacaq, evlənib ölkələrdən-ölkələrə, şəhərlərdən şəhərlərə uçacağıq, sevinc, səadət yaşayacağıq. Bunları məktəbli Əsmər hələ demir, sonra deyəcək, o vaxt isə, həmin o məktəbli dostunun, sevdiyi oğlanın Oqtayın ad günündə tək özü vals oynamağa başlayır, qollarını açıb fırlanır, uçmaq sevincini yaşayır. Sonra da, qonaqlar dağılışandan sonra, Oqtayla çıxıb kimsəsiz Bakı küçələrini (1970-ci illərdə axşam saat 8-9-dan sonra şəhər boşalardı) gəzir, ona min bir işarə, eyhamla çatdırmaq istəyir ki, bəlkə məni qoymayasan buralardan uçub gedim? Bəlkə məni saxlayasan? Oqtaydan cavab çıxmır.
Altmış-yetmişinci illərdə bu motiv Sovet kinosunda tez-tez işlənirdi. Yadıma gələnlər, “Bir daha məhəbbət haqqında” (1968, müəllif Edvard Radzinski, rejissor Georgi Natanson) filminin bir-birini sevən qəhrəmanları da biri yerdə biri göydə və həmişəlik ayrılırlar, “Mimino” filmində qəhrəman özü ikiləşir, dağlar qoynunda kəndi, qoca atası, namusu tapdanmış bacısı, atasız böyüyən bacısı oğlu, ondan diqqət gözləyən kənd müəlliməsi və böyük aviasiya, ölkələr, şəhərlər, Larisa İvanovnalar… və əlbəttə ikincisini seçir, amma yerin cazibəsi, doğulduğu şəhər, şəhərin içi, içəri şəhər onu çağırır,
Allah məsləhət bilsəydi insana qanad verərdi, uç nə qədər istəyirsən. Bəs yeri kim əkib-becərsin, evləri, binaları, hamamları kim tikib qursun? Ağac nə qədər göylərə qol-budaq atsa da, kökü ilə yerə bağlıdır.
Yox, “Gün keçdi ” filmi təkcə ad günü haqqında deyil. Film kişi və qadın haqqındadır. Dünyanın ən qədim əsatiri – Allah Adəmi yaratdı, darıxmasın deyə qabırğasından Həvvanı yaratdı və tapşırdı ki, özünüzü yaxşı aparın, günah iş tutmayın. Onlar isə günaha batdılar və buna görə cənnətdən qovuldular. Yerə düşdülər, yerli rəngə boyandılar (Aşıq Veysəl), torpağa bağlandılar. Bu filmdə iki nəfər var – o və o. Bu mövzu artıq kinoda ayrıca bir janra çevrilib, “İtaliyaya səyahət” (R. Rosselini), “Kişi və qadın” (K.Lelüş), “Eşq ovqatı” (V. Karvay). Yadıma düşənləri deyirəm, onlarla belə filmlərin, ədəbi əsərlərin adını çəkmək olar. Frezerin yazdığı kimi, günah tutub qovulmaq bəzən sürünənlərdə olduğu kimi, dərini dəyişib yeni həyata başlamaq deməkdir, çünki köhnə həyata bağlananda, qocaldığımızdan xəbərimiz olmur, gərək əvvəlki qiyafəmizi dəyişək, əvvəlki cildimizdən çıxıb yeni cildə girək. Bunların əksi isə tövbədir. Dini baxışlarda ən vacib əməllərdən biri. “Gün keçdi” filmini bənzərsiz Azərbaycan filmi edən, onu bu mövzuda çəkilən əcnəbi filmlərdən fərqləndirən çoxlu sayda motivlər, çoxlu sayda detallarla tanış oluruq. Bura İçərişəhərin qorunması, durna çırağı, Şirvanşahlar sarayı, sarayın divarlarında həkk olunan naxışlar, medalyonlar, Quran ayələri, əntiq əşyalar dükanında eynilə qədim predmetlərin üzərində dini yazılar. Bunlar insanı günahdan qorunub tövbəyə çağırır.
Burada filmin sirri gizlənir. Əsmər Bakıya bir günlük niyə uçub gəlmişdi, tövbə eləməyə, yoxsa itirdiyi sevinci bir anlığa da olsa yaşamaqdan ötrü günaha batmağa? Bilinmir.
Platonun dediyi androgen varlıqlar yumurta kimi yumru şəkildə olublar. Yaradan onları iki yerə ayırıb, bir məlum hissəsi kişi, ikinci məlum hissəsi qadına çevrilib. Onlar doğulandan yenidən birləşib yumru olmaqdan ötrü bir-birini axtarır. Günahla da birləşə bilirlər, Allahın izni ilə də.
Film kişi, qadın və bir də mələk haqqındadır. Mələk filmin sonunda bir də gəlib qapını döyür və Oqtaya müjdə verir ki, sənin ad günündür. Bu ona bərabərdir ki, sən yenidən doğuldun.