``Günaydın, mələyim`` filmi nümayiş olundu

“Azərbaycanfilm”in 100 illiyi, Xalq artisti, rejissor Oktay Mir-Qasımın 80 illiyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə, mayın 30-da “Azərbaycan” Cinemada  Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Günaydın, mələyim” tammetrajlı bədii filmi nümayiş olundu.

Tədbirdə baş rolun ifaçısı Ayan Mir-Qasım, Xalq artistləri Bəsti Cəfərova, Məmməd Səfa, Əməkdar artist Elşən Rüstəmov, Abbas Qəhrəmanov və tədbirin qonağı Xalq artisti, kinorejissor Vaqif Mustafayev çıxış ediblər. Onlar rejissorla bağlı xoş xatirələrini bölüşüb, ona təbriklərini çatdırıblar.

“Oktay müəllim kinomuzun sütunlarından biridir. Ondan yaşda daha gənc olan biri kimi Oktay müəllimlə işləmək mənim üçün xoşdur. Bundan sonra da onunla işləmək mənim üçün şərəf olar” deyən, Xalq artisti, aktyor Məmməd Səfa çıxışında bildirib.

“Yadımdadır ki, o vaxt özümün yox, Oktay müəllimin xoşuna gəlməyə çalışırdım ki, iş prosesi dayanmasın. Onun mənə bu rolu təklif etməyi mənə həqiqətən qürur gətirmişdi” – deyərək, Abbas Qəhrəmanov öz fikirlərini çatdırdı.

“Günaydın, mələyim” filmində Mədinə adlı qadının həyatından, sevgisindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olandan sonra o, müxtəlif sınaqlarla baş-başa qalır. Azyaşlı uşağın anası işlədiyi teatrda da həmkarlarının təzyiqi ilə üzləşir. Amma bütün çətinliklərin öhdəsindən  ləyaqətlə gəlir.

“Günaydın, mələyim”  filmi 2008-ci ildə istehsal olunub, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirovdur.

Nümayişin moderatoru kinoşünas Sevda Sultanova idi.

aki.az