Həmişəyaşar dahi

Milli Musiqi günündə Üzeyir Hacıbəyli yaradıcılığına səyahət etmək, bəstəkarın doğulduğu gündən dünyasını dəyişdiyi günə qədər olan fəaliyyətini işıqlandırmaq, onun istər musiqi əsərlərində, istərsə də qələmə aldığı məqalələrdə olan gücü, məsuliyyəti, hadisələrə müasir yanaşma tərzini və s. məqamlara köklənmək  asan olduğu qədər də, çətindir, böyük məsuliyyət yüküdür. Bu məsuliyyət yükündən çıxış edərək və Üzeyir bəyin musiqi  dünyasına qərq olaraq məqaləni istiqamətini Qarabağın cənnəti olan Şuşaya tərəf yönəldirik.

Bildiyiniz kimi, “Qafqazın konservatoriyası” adlandırılan Şuşa Üzeyir Hacıbəylinin ilk musiqi məktəbi olub. İlk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Və önəli məqamlardan biri də odur ki, Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı önündə” adlı göstərilən bir səhnəcikdə Üzeyir də yer alır və qardaşlarıyla birgə orda xorda oxuyur. Həmin səhnə balaca Üzeyirin ki, kiçik uşaq dünyasına, ürəyinə, beyninə hakim kəsilir. Hətta o qədər hakim kəsilir ki, illər sonra həmin səhnəcikdən aldığı təsirlə Füzulinin poeması əsasında Azərbaycanda, eləcə də bütün Şərqdə operanın özülünü qoyan “Leyli və Məcnun”u yaradır.

1908-ci il yanvarında baş tutan ilk nümayişdə isə operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur və  skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

Ömrünün 45 ilini musiqi dünyasına, yazıb-yaratmağa həsr edən bəstəkarın müəllifi olduğu “Leyli və Məcnun” tamaşaya qoyulduğu vaxtdan etibarən o, bir-birinin ardınca “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”operalarını yazıb. Onun “Koroğlu” operası isə Azərbaycan operasının şah əsəri hesab olunur.

Azərbaycan kinosu deyəndə “Arşın mal alan” və ya əksinə “Arşın mal alan” deyəndə Azərbaycan kinosunun göz önündə canlanması bir daha təsdiq edir ki, Üzeyir Hacıbəylinin əsərləri kinomozun təbliğatında, dünyada tanınmasında böyük rol oynayıb.

“Arşın mal alan”ın yazılma tarixi 1913-cü ilə təsadüf edir və yazıldığı tarixdə də Bakıda  səhnəyə qoyulur. İlk nümayişdən tənqidə, mübahisələrə, kəskin fikirlərə məruz qalır. Buna baxmayaraq bir neçə il sonra kinorejissorların da diqqətini çəkir və operettaya bir neçə dəfə müraciət olunsa istənilən nəticəni vermir. Çünki Üzeyr bəyin əsərdə demək istədiyi fikirlər təhrif olunurdu ki, bu da bəstəkarı narahat edirdi.

Nəhayət ki, 1945-ci ildə görkəmli rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında tammetrajlı “Arşın mal alan” bədii filmini ekranlaşdırır.

1945-ci ildə lentə alınan “Ar­şın mal alan”ın çə­ki­li­şi Böyük Vətən müharibəsinin ən ağır və sonuncü ilinə tə­sa­düf edib.

Sovetlər Birliyinin təh­lü­kədə olduğu bir zamanda “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sının“Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nı çək­ilmə­si, Moskvada heç də birmənalı qarşılanmayıb.

Rza Təh­ma­sibin xa­ti­rə­lə­rin­ə nəzər salaq: “Fil­mi Mosk­va­ya təh­vil ver­mə­yə apar­mış­dıq. Mosk­va­da və­ziy­yət çox ağır idi. Bə­zi kü­çə­lər­də hə­lə də ge­diş-gə­liş bər­pa edil­mə­miş­di. Fil­mi qə­bul edən ko­mis­si­ya­nın bə­zi üzv­lə­ri bi­zi so­yuq qar­şı­la­dı­lar. Ba­xış­dan son­ra mü­ba­hi­sə qı­zış­dı. Bi­zi hət­ta mə­zəm­mət edən­lər də ol­du”.

Filmə ba­xış­dan iki gün son­ra “Arşın mal alan” Mosk­va­nın iki ki­no-te­at­rın­da ek­ra­na bu­ra­xıl­ıb. Üç gün son­ra isə 18 ki­note­atr­dan “Ar­şın mal alan”ın sə­da­sı eşi­di­lib. Nəhayət ki, gözlənilən nəticə əldə edilmişdi, film böyük uğur qazanmışdı. Bir məqamı da unutmayaq ki, üç uğursuz müraciətdən sonra Üzeyir bəy şəxsən özü Rza Təhmasibin quruluşunda çəkilən filmin çəkiliş prosesində son ana qədər iştirak edib.

Azər­bay­can ak­tyor­la­rı­nın ya­ra­dı­cı­lıq im­kan­la­rı­na ya­xın­dan bə­ləd olan Təh­ma­sib, məhz Üzeyir bəylə bərabər film­də gö­zəl ak­tyor an­samb­lı ya­ratmağa nail olmuşdu.

1965-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 80 illiyi münasibəti ilə “Azərbaycanfilm” kinostudiyası “Arşın mal alan” operettasını yenidən müraciət edir.

Rejissor Tofiq Tağızadənin quruluşunda çəkilən film günümüzdə baxılsa da, heç də birmənalı qarşılanmayıb. Filmdəki rol bölgüsü və filmlər arasında oxşaq obrazları oynayan aktyorların ifası müqayisə olunaraq üstünlük 1945-ci ilin çəkilişinə verilib. Bütün bunlara baxmayaraq rejissor filmə böyük əmək verib və xatirələrində bu barədə deyir: “Üzeyir Ha­cı­bə­yli öz məş­hur ope­ret­ta­sın­da ya­rat­dı­ğı qəh­rə­man­la­rı keç­mi­şin adət-ənə­nə­lə­ri­nə qar­şı qoy­muş­dur. On­lar azad sev­gi uğ­run­da mü­ba­ri­zə apa­rır və qa­lib gə­lir­lər. Ki­no­nun di­lin­dən və im­kan­la­rın­dan is­ti­fa­də olun­maq­la sse­na­ri­yə bir sı­ra əla­və­lər də et­mi­şik. Be­lə ki, operettaya əsas­la­na­raq Gül­çöh­rə­ni gö­rə­nə qə­dər Əs­gə­ri bir çox çə­tin­lik­lər­lə üz­ləş­dir­mi­şik. Biz qəh­rə­man­la­rın sev­gi­si­ni rəm­zi plan­da ver­mi­şik. On­lar bir-bir­lə­ri­ni öz­lə­ri ta­pır­lar. Bu səh­nə­dən son­ra sse­na­ri­yə-Gül­çöh­rə­nin ge­cə vax­tı tə­biə­ti sey­rə dal­ma­sı, onun­la da­nış­ma­sı haq­qın­da və onun dün­ya­gö­rü­şü­nü ay­dın­laş­dır­maq üçün xü­su­si epi­zod əla­və et­mi­şik”.

Ü.Hacıbəylinin 1910-cu ildə operetta janrında yazdığı ikinci ən böyük əsəri – “O olmasın, bu olsun musiqili komediyası, bəstəkarın dramaturgiyasının ən parlaq nümunəsi hesab olunur. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayının 25-də Bakıda olub. Komediyanı ilk dəfə ekrana gətirmək fikri 1918-ci ildə baş tutsa da, Yalta studiyasında çəkilən film uğur qazana bilməyib.

“O olmasın, bu olsun”, səhnə həllini tez tapsa da, ekran həllini heç də asanıqla  qazana biməyib ki, o vaxta qədər ki, 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası komediyaya müraciət etdi. Rejissor Hüseyn Seyidzadə ekran işinin yaranmasında başlıca rol oynadı. Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş filmin rejissoru Hüseyn Seyidzadə maraqlı aktyor ansamblını bir araya topladı.

Filmdə musiqi xadimlərinin çəkilməsi- Rüstəm bəyin evindəki qonaqlıq səhnəsində Xan Şuşinski (xanəndə), Tələt Bakıxanov (kamança) və Bəhram Mənsurovdan (tar) ibarət üçlük “Segah” muğamını ifa etməsi,  toy səhnəsində Əminə Dilbazinin rəqsi və s. epizodlar hər biri komediyanın gücünü daha da artırıb. Film öz dövrünün mətbuatında tənqid atəşinə məruz qalsa da, reallıq başqa söz deyirdi. Premyerası 1958-ci il yanvarın 27-də Moskvada keçirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İllər keçsə də bu ölməz komediyaya dəfələrlə müraciət olunur, uğurlar qazanılır və bu proses hələ davam edəcək, çünki Üzeyir Hacıbəylinin yazdığı əsərlərin illər sonra da uğur qazanacağına əmin idi.

Ü.Hacıbəylinin qələmə aldığı əsərlərin təhlili, yaradıclığını əks etdirən məqalələr yazıldı, şəxsiyyətini göstərən sənədli filmlər çəkildi. Bütün bunlardan fərqli olaraq bəstəkarın haqqında çəkilən “Üzeyir ömrü” filmi bir başqa ruh  üzərində kökləndi. Filmin ssenari və rejissor işi Anara aiddir. Film bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəylidə görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Hətta bəstəkarın ayrı-ayrı əsərləri, eyni zamanda “Leyli və Məcnun”u, “Arşın Mal Alan”ı və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapıb.

Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunub. Bundan başqa, bəstəkarın əsərləri , Azərbaycan xalq musiqisi, eyni zamanda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. İki seriyalı filmdə “Küləklər şəhəri”, “Arşın mal alan”, “O olmasın. bu olsun”, “Doğma xalqıma”, “Bəstəkar Müslüm Maqomayev” filmlərindəki kadrlardan da istifadə olunub.

Filmdə tarixi prinsiplər qorunur, hətta istər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi açıq-aydın duyulur. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi tarixi şəxsiyyətin dolğun ekran təsviri filmin bədii məziyyətlərini daha da artırır. Ən önəmlisi isə Üzeyir Hacıbəyli rolunda, görkəmli rejissor Hüseynağa Atakişiyevin təkrarsız ifası, portret obrazda onun təbiiliyi əsas götürməsi və Üzeyir şəxsiyyətinə layiq bir şəkildə olan təqdimat, bütün bunlar hamısı filmin yaranmasına necə böyük məsuliyyət hissi ilə yanaşmasından xəbər verir.

Azərbaycan kinosu musiqisiz nə edərdi?! Sadəcə ədəbiyyatımız, musiqimiz deyil, eyni zamanda kinomuz da elimizin, obamızın dühasına,  musiqi sənətimizin və milli operamızın banisinə borcludur.

Milli musiqi günündə Üzeyir Hacıbəylini böyük ehtiram, hörmət və sevgiylə yad edirik! Günün mübarək, həmişəyaşar dahi!

aki.az