Həmidə Ömərova AKİ-nin katibi seçildi
Azərbaycan Kinematoqrafçılar İttifaqının 19 may 2021-ci il tarixində keçirilən iclasında İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçildi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının belə bir addım atmasının əsas səbəbi kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərmək üçündür. Kinoaktyorların işsizlik və qonorarların aşağı olması, əmək hüquqlarının pozulması belə problemlərdəndir. Bu problemlərin həlli istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri “Tədris Kinoaktyor Teatr”ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, “Tədris Kinoaktyor Teatr” layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmaqdan ibarət olacaq.
HAŞİYƏ: Həmidə Ömərova Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. “ABŞ kinosu: 1895 -1945-ci illər”, “Amerika kino tarixi” tədris vəsaitlərinin müəllifidir. Respublikanın Xalq artisti, ADMİU-nun professorudur.
aki.az