“Həyat bizi sınayır” - 50
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Həyat bizi sınayır” filmidir, çəkilişindən 50 il keçir…
1972-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Həyat bizi sınayır” filmini istehsalata buraxdı. Yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında rejissor Şamil Mahmudbəyovun quruluş verdiyi filmdə xeyirxah insanların köməyilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun taleyindən söhbət açılır.
ARİF BABAYEVİN ÇƏKMƏK İSTƏDİYİ FİLM ŞAMİL MAHMUDBƏYOVA QİSMƏT OLDU
“Həyat bizi sınayır” povesti yazıçı Vidadi Babanlının “Azərbaycanfilm” kinostudiyasına təqdim etdiyi ilk və son əsəri olub. Bunun səbəbi isə yazıçının vaxt məhdudiyyətilə bağlı olub. Daima yeni əsərlər üzərində işləyən yazıçı, əslində əsərlərinin film şəklində çəkilməsinə o qədər də meylli olmayıb.“Həyat bizi sınayır” povestinin film şəklində çəkilməsinin maraqlı tarixçəsi olub.
Xatırladaq ki, povest öncə kitab şəklində Moskvada “Sovetskiy pisatel” nəşriyyatı tərəfindən buraxılıb. Kitabın nəşrində iştirak edən yazıçı Moskvada işlərini bitirdikdən sonra Bakıya dönür.
Vidadi Babanlının dediklərindən: “Bakıya qatarla, həm də böyük sevinclə qayıdırdım. Eyni qatarda, ancaq ayrı kupedə yerləşən, o dövrdə Mədəniyyət naziri vəzifəsində çalışan Məmməd Qurbanov da Moskvadan vətənə qayıdırdı”.
Uzaq yoldan vətənə dönən iki həmyerli bir-biri ilə hal-əhval tutduqdan sonra müxtəlif söhbətlərə başlayırlar. Söhbət əsnasında Vidadi Babanlı kitabının nəşri ilə bağlı Moskvada olduğunu vurğulayır və “Həyat bizi sınayır” povestinin bir nüsxəsini Məmməd Qurbanova hədiyyə edir: “Demək olar ki, bir sutkadan artıq qət etdiyimiz yol boyunca Məmməd müəllim povesti oxudu, qurtardı və mənə dedi ki, “bu əsərin film variantı çox gözəl alınar, əgər razısansa o zaman povesti ssenariləşdir, onu kinostudiyaya təqdim edək”. Bu təklifi böyük məmnuniyyətlə qəbul etdim”.
Bir həftə sonra “Azərbaycanfilm” kinostudiyasından Vidadi Babanlıya zəng gəlir: “Zəng edərək məndən xahiş etdilər ki, kitabın bir nüsxəsini kinostudiyanın rəhbərliyinə çatdırım. Yeri gəlmişkən, o dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov idi”.
Kitab müəllif tərəfindən Adil İsgəndərova təqdim olunur: “Adil İsgəndərov əsəri oxuduqdan sonra məsələni qəti qoyaraq “bundan yaxşı film çıxar” dedi. Bu da o demək idi ki, artıq kinostudiyanın direktoru povestin filmə çevrilməsinə razıdır”.
Yeri gəlmişkən, əsərin yüksək səviyyədə qəbul olunmasının başlıca səbəbi o idi ki, o dövrdə belə mövzuda, bu səpgidə film çəkilməmişdir. Az bir vaxtda kinostudiyanın rəhbərliyi Vidadi Babanlı ilə müqavilə bağlayır və müəllifə tarşırılır ki, əsər ssenariləşdirilsin. “Həyat bizi sınayır” əsərinin əsasında ssenari yazılır və kinostudiyaya təqdim olunur: “Ssenarinin qəbul olunmasına baxmayaraq bəzi göstərişlər də verildi. Bundan sonra isə ssenari rus dilinə tərcümə olunur. Ssenarinin rus dilinə tərcümə olunmasında ssenarist Mixail Paravanın böyük rolu olur”.
Azərbaycan dilində çəkilən bir filmin ssenarisinin rus dilinə də çevrilməsinə gəlincə, yazıçı deyir ki, bu, SSRİ dövründə mövcud olan qayda-qanundan irəli gəlirdi: “Belə ki, çəkilən hər bir film Moskva Kino İdarəsində qəbul olunduğu üçün lazım idi ki, onu rus dilində də dublyaj etsinlər. Bu baxımdan hələ “Həyat bizi sınayır” filminin çəkilişlərindən əvvəl ssenari rus dilinə çevrilmişdi”.
Qeyd edək ki, ssenarinin oxunuşundan sonra rejissor Arif Babayev onu film şəklində çəkmək üçün Vidadi Babanlı ilə fikir mübadiləsi aparıb. Ancaq sonrakı proseslər zamanı belə məlum olur ki, filmin çəkilişi Şamil Mahmudbəyova həvalə olunub. Hətta iş o yerə çatıb ki, Vidadi Babanlı etiraz səsini qaldırmaq üçün kinostudiyaya da yollanıb.
Yazıçı qeyd edir ki, o dövrdə hər bir müəllifin etiraz etmə hüququ olub. Bu o zaman baş verə bilərdi ki, ssenarist iş prinsipinə bələd olmadığı rejissorla birgə əməkdaşlıq etməkdən imtina edə bilərdi və bu da kinostudiyanın rəhbərliyi tərəfindən nəzərə alınırdı.
V.Babanlı deyirdi ki, Arif Babayevin rejissor işi məni çox qane edirdi: “Ona görə də əvvəlcədən nəzərdə tutmuşdum ki, filmi onunla birgə çəkim. Əslində A.Babayev şəxsən özü əsəri, ssenarini oxuduğu üçün filmi çəkməyə razılıq vermişdi. Bir sözlə, onunla birgə qarşılıqlı razılaşma əldə etmişdik. Ancaq eşidəndə ki, filmin rejissor işi Şamil Mahmudbəyova tapşırılıb, doğrusu bərk dilxor oldum”.
V.Babanlı narazılığını bildirmək üçün kinostudiyaya yollanır. Elə bu anda hər şey əks istiqamətdə cərəyan etməyə başlayır: “Elə ki, kinostudiyanın direktorunun qəbul otağına daxil oldum və öz növbəmi gözlədim. Həmin anda rejissor Şamil Mahmudbəyov da qəbulda olub və V.Babanlını görən kimi tanıyır, ona yaxınlaşaraq hal-əhval tutur.
V.Babanlı deyirdi ki, söhbət əsnasında öyrəndim ki, həmin şəxs filmin rejissor işindən uzaqlaşdırmağa hazırlaşdığım Şamil Mahmudbəyovdur: “Rəhmətlik o qədər səmimi insan idi ki, elə ilk baxışdan ürəyimə yatdı və buna görə də fikrimdə tutduğum etiraz səsini bir kənara qoydum. Ancaq bir müəllif olaraq etiraz edib Şamil Mahmudbəyovu filmin rejissor işindən uzaqlaşdırmaq hüququna malik idim”.
Yazıçı yaradıcı heyətin toplanmasından tutmuş, filmin son çəkilişlərinə qədər çəkiliş meydançasında olub, rejissorla birgə çəkilişə əmək sərf edib.
VİDADİ BABANLI: ƏSAS ROLLARDAN BİRİNDƏ ŞAHMAR ƏLƏKBƏROVUN ÇƏKİLMƏSİ ÜRƏYİMCƏ OLDU
Filmin sınaq çəkilişlərinin adi qaydada aparılmasına baxmayaraq, fərqli məqamlar da olub. Öncə Amaliya Pənahova ilə Eldəniz Zeynalovun, yəni bu ailə cütlüyünün seçiminə nəzər salaq.
Doğrudur ki, Amaliya Pənahovanın Münəvvər roluna təsdiq olunmasına etiraz edən olmayıb. Ancaq Münəvvərin həyat yoldaşını oynayan Eldəniz Zeynalovun ifası müəllif tərəfindən o qədr də qəbul olunmayıb.
Yazıçı bu barədə deyirdi ki, nədənsə Eldəniz Zeynalovun Məsi rolunda ifası məni qane etmirdi: “Çox çalışdım ki, Məsi roluna başqa bir aktyoru çəkək. Ancaq istədiyimə nail ola bilmədim. Çünki artıq Eldənizin ifasında lentə alınan bir neçə kadr hazırlanmışdı. Bir də ki, vaxt baxımından da bunu etmək mümkün deyildi”.
Rejissorla hər dəfə razılaşmayan müəllif, yalnız baş qəhrəman olan Rəşid rolunun ifaçısının seçimi zamanı Şamil Mahmudbəyova minnətdarlıq bildirib.
Onu da qeyd edək ki, Fikrət Quliyevin Rəşid obrazı üçün kəşf edilməsindən əvvəl bu rolda onlarla gənc aktyor yoxlanıb. Ancaq Vidadi Babanlı onların heç birini Rəşid rolunda təsvir belə edə bilməyib. Təsadüfən olan bir söhbət zamanı Fikrət adlı bir gəncin Rəşid roluna uyğun olduğunu Vidadi Babanlıya çatdırırlar: “Mənim bir jurnalist dostum var idi. Bir gün onunla görüşüb povestimlə bağlı fikir mübadiləsi aparırdıq. Söhbətdən sonra dostum bildirdi ki, onun Fikrət adlı bir qohumu var və o hər baxımdan Rəşid roluna oxşayır. Jurnalist dostumun sözünə qulaq asaraq onun nişan verdiyi Fikrət adlı gənci yanıma dəvət edərək onunla söhbət etdim. Bunu etməkdə məqsədim o idi ki, onun daxili aləmi ilə də tanış olum. Axı mənim qəhrəmanım sadə olduğu qədər də safdır, işgüzardır. Mənim üçün maraqlı olan o idi ki, görüm Rəşiddə olan keyfiyyətlər Fikrətdə də varmı və yaxud bu gəncin hansı oxşarlığı tamaşaçıda inam hissi yarada bilər. Axı tamaşaçıların bir qismi artıq oxucu qismində əsəri oxumuş və öz qiymətini vermişdir. Deməli onların hər biri ilk növbədə oxşarlığı əsas götürəcək və bundan sonra rolun daxili aləminin ifaçıya nə dərəcədə oxşarlığı ilə maraqlanacaqlar”.
İlk baxışdan olan oxşarlıq müəllifi təəccübləndirir, qısa tanışlıq söhbətindən sonra isə yazıçının təəcübünü sevinc hissi əvəz edir. Zarafat deyil, o öz qəhrəmanını oynayacaq ifaçını elə ilk baxışdan qəbul etmişdi: “Fikrət İncəsənət Universitetində təhsil alırdı. Onunla olan ilk tanışlıq zamanı gördüm ki, Rəşidə məxsus olan utancaq hisslər Fikrətdə də var. Buna görə də özlüyümdə belə qərara gəldim ki, Fikrətdən başqa heç kim Rəşidi yarada bilməz. Onu obraz üçün hazırlayaraq çəkiliş üçün yoxladıq. Sonra isə ifasında bir neçə epizodu çəkərək Bədii Şuranın baxışına təqdim etdik. Bədii Şuranın üzvləri də Fikrətin ifasını qəbul edərək onu Rəşid obrazına təsdiq etdilər”.
Rəşid obrazının seçimi uğurlu alınsa da, onun ətrafında olan gənc heyətin də dəqiq seçimi lazım idi. Məsələn, ssenariyə əsasən Rəşidin həmkəndlisi olan Fərəc, dostundan fərqli olaraq çox dəcəl, şux, səsli-küylü biridir. Bu rolun ifaçısının seçimi də yaradıcı heyətdən uzun bir müddət tələb edib: “Fərəc rolunun ifaçısı olan Ömür Nağıyevi də daha çox zahiri oxşarlığına görə bəyəndim. Onunla söhbət əsnasında başa düşdüm ki, o xasiyyətinə görə də rola yaxındır. Ancaq bu, hələ hər şey demək deyildi. Çünki seçilən ifaçıların rolu nə dərəcədə mənimsəyə bilməsi və ümumiyyətlə isə rolun öhdəsindən nə dərəcədə gələ bilməsi hələ sual altında idi. Şamil Mahmudbəyovla da bu barədə fikir mübadiləsi apardığımız zaman o məni inandırdı ki, istədiyimiz alınacaq”.
Filmdə tanınmış aktyorlar sırasında Şahmar Ələkbərovun da ifasını seyr edirik. Onun da Arif roluna çəkilməsində rejisorun böyük rolu olub: “Filmdə Sumqayıtın qabaqcıl briqadasından birinin fəaliyəti ilə tanış oluruq. Bu briqadanın tərkibində əsas rollardan birində Şahmarın çəkilməsi mənim çox ürəyimdən oldu, çünki onun ifası çox təbii alınırdı. Onu da xüsusilə qeyd etmək istərdim ki, Şahmar Ələkbərovun Arif roluna seçilməsi Şamil Mahmudbəyovun tapıntısı sayəsində mümkün olmuşdu”.
MOSKVA: SƏNAYEYƏ, FƏHLƏ ƏMƏYİNƏ, TEXNİKİ CƏHƏTLƏRƏ GENİŞ YER VERİLMƏLİ
Qeyd etdiyimiz kimi, filmin çəkiliş vaxtı Vidadi Babanlı da çəkiliş meydançasında olur. Hər iki müəllif qarşılıqlı anlaşma nəticəsində çəkilişi sona çatdırırlar. Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur.
“Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino idarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da “Həyat bizi sınayır” filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu o kadrdır ki, Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti riqqətə gətirmişdi. Çünki bu kadrda milli deyilən ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızcasına “qayçıladı”. Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Doğrudur ki, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürdü. O mənada ki, axı Moskvanın marağı nə idi ki, filmlərimiz bu günə salınırdı” deyir Vidadi Babanlı.
Filmdən heç də razı qalmayan yazıçı deyirdi ki, filmdə texniki cəhətlərə çox yer verilib: “Məsələn, domna sobasının, eyni zamanda isə zavodda haylı-küylü şəkildə uzun-uzadı davam edən səhnələrin çox olması filmə xələl gətirdi. Bu səhnələr olmalı idi, ancaq o dərəcədə də yox. Bu səhnələrin çox olmasındansa, baş qəhrəmanla bağlı olan kadrların filmdə qalması daha məqsədə uyğun ola bilərdi. Bütün bu qüsurlar filmin uğursuzluğuna səbəb oldu. Buna görə rejissoru günahlandırmaq olmaz. Bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burda, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə, ümumiyətlə isə texniki cəhətlərə geniş yer verilsin. Təsəvvür edin ki, insan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, yalnız kinoda deyil, ədəbiyyatda da özünü büruzə verirdi. Təbii ki, bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün, o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik”.
ŞAMİL MAHMUDBƏYOV FİLMDƏ TEXNİKİ CƏHƏTLƏRİ QABARIQ ŞƏKİLDƏ CANLANDIRIB
Filmin çəkilişləri bir çox yerlərdə – Şamaxıda, Bakıda, Sumqayıtda aparılıb. Filmdə təqdim olunan ilk kadrlar-dağların panoraması, yolların görünüşü kənddən şəhərə yol alan yük maşının sürətli gedişi, Rəşidin anasının qəbrini ziyarət etdiyi səhnələr Şamaxıda lentə alınıb. Dənizkənarında olan çəkilişlər, zəncilərin görünməyi, Rəşidin qardaşı qızı ilə karuseldə olan səhnələri isə Bakıda lentə alınıb. Zavodda olan çəkilişlər Sumqayıtda, otaq şəraitində olan çəkilişlər isə pavilyonda lentə alınmışdır.
Filmlə bağlı araşdırma apardığımız zaman belə məlum oldu ki, çəkiliş vaxtı bir çox çətinliklər də olub. Məsələn, gözləmək olardı ki, rayonlarda olan çəkilişlər çətin başa gəlib. Ancaq yazıçı bu fikirlə razı deyil: “Əksinə rayonlarda olan çəkiliş üçün müəyyən məbləğdə pul, vəsait buraxılırdı. Deməli ssenari qəbul olunduqdan, Moskva filmin çəkilişini razılıq əlaməti olaraq təsdiq etdikdən sonra çəkiliş üçün lazım olan pul hesablanır və ödənilirdi. Bu baxımdan “Həyat bizi sınayır” filminin çəkilişi üçün tələb olunan pul var idi”. Çəkiliş vaxtı Şamil Mahmudbəyovla Vidadi Babanlı nə qədər çox qarşılıqlı anlaşmaya gəlsə də, bəzi hallarda hər iki müəllif arasında narazılıqlar da olub: “Məncə bu təbii haldır. Çünki hər kəs hər bir şeyə öz baxışı ilə baxıb qiymət verir. Yaxşı yadımdadır ki, Sumqayıtda olan çəkilişlərdə-domna sobasının, eyni zamanda isə Boru Prokatı zavodunda cərəyan edən hadisələrin çəkilişi zamanı rejissorla aramızda narazılıq oldu. Çəkiliş vaxtı hiss edirdim ki, Şamil Mahmudbəyov da texniki cəhətlərin qabarıq şəkildə canlandırılmasına daha çox yer verir. Dövrün tələbini başa düşmək olardı, ancaq rejissorun bu tələbdən çıxış etməsi mənə çatmırdı. Bu hal məni bərk əsəbləşdirdi və mən bir gün çəkiliş meydançasına getmədim. Mənə elə gəlirdi ki, texniki cəhətlərə geniş yer verilməsi obrazların kiçilməsinə səbəb olurdu”. Sonrakı proseslərdə rejissor özü də etiraf edib ki, Vidadi Babanlı haqlıdır: “Rejissorun etirafı filmin nümayişindən sonra oldu. Dediyim kimi, rəhmətlik səmimi insan idi, onunla kin-kidurət saxlamaq mümkün deyildi. Çünki daima çalışırdı ki, hamı ilə səmimiyyət qursun”.
Filmin rejissor ssenarisi yazılanda müəllif başa düşüb ki, Şamil Mahmudbəyovla birgə çalışmaq o qədər də asan olmayacaq. Çünki insan kimi həddindən artıq səmimi olan Şamil Mahmudbəyov rejissor kim daha çox tələbkar idi. Əlbəttə ki, o bir rejissor olaraq ekranda nəyin yaxşı, nəyin pis alınacağını daha gözəl bilirdi. Buna görə də onun ilk dəyişikliyi hələ ədəbi ssenarinin oxunuşu zamanı başlamışdı: “Məsələn, ədəbi ssenaridə Rəşidin qəbirstanlığa gəlişi, anasının qəbrini ziyarət etməsi, bir sözlə, oğlunun anası ilə halallaşma səhnəsi olmayıb. Şamil Mahmudbəyov rejissor ssenarisi üzərində çalışarkən belə qərara gəlib ki, Rəşid mütləq qəbristanlığa getməlidir. Çünki o şəhərə yollanır, ola bilsin ki, bu gediş əbədi olsun. Bir də ki, axı Rəşid bilmirdi onu şəhərdə nə gözləyir, qərib yerdə bir çox çətinliklərlə qarşılaşa bilərdi. Buna görə də lazım idi ki, onu anası ilə halalaşsın və ondan xeyir-dua alsın. Sonra dəniz kənarında olan çəkilişdə kənddən yenicə şəhər yollanan uşaqların heyrətlə zəncilərə baxma səhnəsi də ədəbi ssenaridə yox idi. Bu kimi epizodlar rejissorun ssenariyə etdiyi əlavələr idi. İnsafən ssenariyə edilən əlavələr pis alınmamışdı. Bilirsinizmi, rejissorla razılaşmaq vacib idi. Çünki müəlliflə, rejissorun görüntüsü bir-birindən kəskin surətdə fərqlənir”.
FİLM SSRİ KİNEMATOQRAFÇILAR İTTİFAQININ DİPLOMUNA LAYİQ GÖRÜLÜB
Film 1972-ci ildə Qorkidə(indiki Nijni Novqorod) fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalında SSRİ Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür.
Filmin yaradıcı heyəti: Ssenari müəllifləri Vidadi Babanlı, Mixail Parava, quruluşçu rejissor Şamil Mahmudbəyov, operator Arif Nərimanbəyov, rəssam Fikrət Bağırov, Mayis Ağabəyov, bəstəkar Vasif Adıgözəlov, səs operatoru Ağahüseyn Kərimov, quraşdırma çəkilişlərin operatoru Mirzə Mustafayev, operator assistenti Amin Novruzov.
Rollarda iştirak edirlər: Fikrət Quliyev(Rəşid), Ömür Nağıyev(Fərəc), Şahmar Ələkbərov(Arif), Mayak Kərimov(Murad), Həsən Qara(Sadıq), Larisa Lutova(Valya), Xuraman Qasımova(Hicran), Eldəniz Zeynalov(Məsi), Amaliya Pənahova(Münəvvər), Arzu Səfərova(Lalə), A.Rzayev(Şumal).
Xədicə QİYAS