“Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək

Martın 9-da Nizami Kino Mərkəzində “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də istehsal olunan film Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Mübariz Nağıyev bildirir ki, qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb: “Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb”.

Yeri gəlmişkən, filmin çəkilişləri əsasən Bakıda, Zəhra Əliyevanın evində, Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında lentə alınıb.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Xatırladaq ki, “Həyatın ilmələri” sənədli filminin təqdimatı Nizami Kino Mərkəzində saat 19:00-da keçiriləcək.

Aki.az

 

 

 

 

 

.