Hamlet Xanızadənin anadan olmasının 80 illiyinə...

Teatrda çalışmaq, televiziya, radio ilə əməkdaşlıq etmək, kinoya çəkilmək, dublyajla çalışmaq və bütün bunlarla demək olar ki, hər gün mütəmadi məşğul olmaq bir aktyorun peşəkarlığını göstərməklə yanaşı, eyni zamanda onun sənət üçün önəmli biri olduğunun bariz nümunəsidir. Və hər aktyor sənətdə eyni vaxtda bu qədər geniş işlərin öhdəsindən gəlmək gücündə deyil, buna sadəcə böyük bir ürək lazımdır…

49 yaşında dünyasını dəyişən, bu gün 80 yaşın zirvəsinə yüksələn, teatr və kino aktyoru Hamlet Xanızadə məhz belə bir böyük ürək sahibi idi.

Həyatı sevən, sənəti sevən, sağlam həyat tərzi keçirən, yorulmadan çalışmağı sevən aktyorun ürəyi 1990-cı ild 20 yanvar hadisəsinə tab gətirmədi, görünür, bu da onun qismətinə yazılmış bir faciə idi ki, ürəyinin dayanma gücünü məhz o gecə itirəcəkdi…

Həkim ailəsində dünyaya göz açmasına baxmyaraq sənəti seçən, aktyor kimi onlarla obraz vasitəsilə çox fikirləri ifadə etmə bacarağına sahib olan, tələbəlik illərindən Akademik Milli Dram teatrında çalışan, güclü yaradıcı potensilala malik olan aktyor 1961-ci ildən bu sənət ocağında çalışmağa başlayıb və son dərəcə fərqli və ziddiyyətli surətlər (Həsən Səbbah (“Xəyyam”), İblis (“İb­lis”), Qacar (“Vaqif”), Antonino (“Fırtına”), Molla Abbas “Dəli yığıncağın”, Nizami “Atabəyləri”, doktor “Şöhrət və unudulan adam”, eləcə də dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynayıb) yaradıb.

Milli Dram Teatrı Hamlet Xanızadə üçün böyük bir məktəb idi. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı və digərlər sənət korifeyləri ilə bir yerdə çalışmaq ona çox şey qazandırırdı.

Tələbəlik illərindən teatrda çalışan aktyor eyni vaxtda dublyaj redakasiyasında film səsləndirməsinə də dəvət alır, eyni vaxtda filmlərə də çəkilir, radioda, televiziyada da fəaliyyət göstərməyə başlayır.

Xüsusilə Azərbaycan kinosu üçün onun xarici görünüşü, dərin və və mənalı baxışları, mənəvi kamilliyi əsl tapıntı idi. Və kinorejissorlar maraqlı fakturası olan bu aktyoru öz filmlərində fərqli xarakterli rollara çəkməkdə israrlı idilər.

O, ilk dəfə 1967-ci ildə Anarın ssenarisi əsasında Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq dəniz od səma” filmində neftçi rolunda çəkilib. 4 novelladan ibarət filmdə torpaq, dəniz, od , səma adları rəmzi məna kəsb etdiyi kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır.

Növbəti dəfə aktyor görkəmli rejissor Həsən Seyidbəylinin diqqətini çəkir. Rejissor bu gənc aktyorun mənalı üz cizgilərindən təsirlənib və onu 1969-cu ildə çəkdiyi “Bizim Cəbiş müəllim” filmində kapitan rolunda çəkib.

Filmdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir və qələbə naminə hər cür çətinliklərə dözüb, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. İkinci dəfə rejissor onu 1970-ci ildə çəkdiyi “O qızı tapın” filmində kiçik bir rola çəkir. Detektiv janrında çəkilən film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunub.

Və beləliklə də Hamlet Xanızadənin kino həyatı başlayır. Aktyor 80-ə yaxın filmdə (“Bir çənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Burulğan”, “Dağlarda döyüş”, “Dədə Qorqud”, “Doğma sahillər”, “Ən vacib müsahibə”, “Əzablı yollar”, “Haray”, “Qəm pəncərəsi”, “Üzeyir ömrü”, “Od içində”,  “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zər­bə”, “Şəhərin yay günləri”, “Qı­zıl uçurum”, “Babək”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Qatır Məmməd”, “Qəm pəncə­rəsi”, “Qərib cinlər diyarında”, “Möcüzələr adası”, “Nizami”, “Yaramaz”, “Qətl günü” və s.) müxtəlif xarakterlər yaradıb.

Hətta filmlərə dəvət almadan öncə 1962-ci ildə “Əmək və qızıgül” filmində Əlvi Deniyevin oynadığı Abdulla rolunu, 1963-cü ildə “Möcüzələr adası” filmində Sadıq rolunu, 1965-ci ildə “Yenilməz batalyon” filmində cəzalanmış motrosu, 1966-cı ildə “İstintaq davam edir” filmində rus obrazını, 1966-cı ildə “Yaşamaq gözəldir, qardaşım” filmində Bəşir Səfəroğlunun oynadığı Ziyanı, 1967-ci ildə “Dağlarda döyüş” filmində milis işçisi rolunda olan Yusif Vəliyevi səsləndirib.

Hamlet Xanızadə ilk kino təcrübəsini elə dublyajda, və oynadığı kiçik həcmli rollarda öyrənib.

Görkəmli rejissor Tofiq Tağızadə quruluş verdiyi “Yeddi oğul istərəm” filmində əsas qəhrəman olan Gəray bəyin yaxın adamı-Gizir obrazına H.Xanızadəni çəkir. Gizir mənfi obrazdır və mənfi keyfiyyətlərlə yanaşı, sakit xisləti ilə diqqəti çəkir ki, bu da onun daxili aləmində olan qəddarlığın, amansızlığın üzə çıxmasına mane olur. Əslində isə onun nələrə qadir olduğunu komsomolçular yaxşı bilir. Sakit görünüş, ancaq baxışlar arxasında gizlənən qəddarlığı aktyor məharətlə ifa edir.

Doğrudur, istər teatr rejissorları, istərsə də kinorejissorlar onu əsasən mənfi rollarda görüblər və əsasən də mənfi rollar oynayıb, ancaq aktyorun sənət həyatında öz xarakterinə uyğun rollar da çoxluq təşkil edib. nsan həyatına biganə qalmayan, başqasının dərdini öz dərdi bilən xarakterdə olan rollar məhz onun xarakteri ilə üst-üstə düşürdü.

Rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə çəkdiyi “Axırıncı aşırım” filmindəki Talıbov məhz belə obrazlardan biridir.

Elə rejissorlar var ki, Hamlet Xanızadə yaradıcılığını yüksək qiymətləndirdikləri üçün daima onunla əməkdaşlıq etmək istəyiblər.

Rejissor Eldar Quliyev də çəkiliş meydançasılnda iki dəfə onunla qarşılaşıb. 1979-cu ildə “Babək” filmində Xəlifə Mötəsim obrazına, 1982-ci ildə “Nizami” fimində Əbu Bəkr roluna çəkib. Xəlifə Mötəsim rolu aktyorun kino yaradıcılığında zirvə hesab olunur. Çünki aktyorun obraza yanaşma tərzi fərqli olduğu qədər də obrazda olan xüsusiyyətləri özünə xas səpgidə ifa edib, özününküləşdirib. Xüsusilə, Xəlifənin Babəklə üz-üzə gəldiyi səhnələrdə olan baxışları, əsəbi  gülüşü, hərəkətləri o qədər kəskin və təsirlidir ki, tamaşaçı uzun müddət bu təsirdən çıxa bilmir. Xəlifə Mötəsim obrazı Hamlet Xanızadənin kinoda yaratdığı ən uğurlu rollardan biridir.

Ümumiyyətlə aktyor Azərbaycan kino salnaməsində müxtəlif xarakterli obrazların qalareyasını özünəməxsus şəkildə yaradıb. Onun maraqlı ekran qəhrəmanlarından biri də “Arxadan vurulan zərbə” filmindəki İmaş obrazıdır. Eləcə də “Qızıl uçurum” filmindəki Lütfəli bəy obrazı və nəhayət usif Səmədoğlunun eyni adlı romanı əsasında Gülbəniz Əzimzadənin çəkdiyi “Qətl günü”ndə yaratdığı Sədi Əfəndi rolu maraqlı, düşündürücü ekran qəhrəmanlarıdır. Sədi Əfəndi ümumiləşdirilmiş yazıçı, filosof obrazıdır və aktyor  rolun canlandırılması üçün maraqlı, orijinal detallar tapıb. Sanki son gücünü bu obraza həsr edir, yaradıcılığının finalını yaşayır…

Azərbaycan teatrında, kinosunda iz qoyan, dəyərli sənətkarı-Hamlet Xanızadəni  80 illik yubileyində böyük hörmət və ehtiramla yad edirik!

X.QİYAS