Hindistanda kitab, Azərbaycanda çörək

Hələ avqust ayında 29-cu Beynəlxalq Kəlküttə Film festivalının NETPAC bölümünə münsif üzvü seçiləndə məni titrəmə tutmuşdu. Çünki, Hindistan haqqında neqativ fikirlər nəinki mənim, bir çoxlarının beynində dərin və silinməz köklər çoxdan salıb. Bu fikirləri sadalamağa ehtiyac duymuram, onlar hamıya bəllidir. Səyahət vaxtı yetişdikcə həyəcan da artırdı. Lakin, “gördüklərinin yarısına, eşitdiklərinin isə heç birinə inanma” sitatını yadıma salıb, Hindistan haqda olan fikirlərin qərəzli olduğuna özümü inandıraraq yola düşdüm.

Kəlküttə hava limanından düşər-düşməz, sözügedən festivalın posterlərinin, elanlarının, videoçarxlarının hər addımbaşı sərgilənməsi, tədbirin ciddiliyindən, miqyasından və kinofestivalın burada nə dərəcədə mühüm hadisə olduğundan xəbər verirdi. Taksi ilə hava limanından hotelə olan yolboyu da bu hal təkrar olunurdu. Bir anlıq elə təəssürat yarandı ki, festival artıq başlayıb və mən artıq festivalın içindəyəm. Kəlküttəyə çatdığım günün axşamı festivalın açılış mərasimi idi. Mərasim stadionda, əsl rok-konsert üslubunda təşkil olunmuşdu. Stadiona axışan minlərlə kino həvəskarı açılış vaxtından 2-3 saat qabaq məkana toplaşmışdılar. Mərasimi açıq elan edənlər, Kəlküttənin Baş naziri Mamata Banerje və Hindistanın məşhur kino ulduzu Salman Xan oldular. Ənənəvi olaraq, milli rəqslərlə başlayan mərasim xüsusi qonaqların nitqləri ilə davam etdi. Daha sonra, kinematoqrafiya sahəsində xüsusi xidmətlər göstərmiş kino xadimlərinə mükafatlar təqdim olundu. Bura qədər danışdıqlarım dekabrın 5-də baş verib. Növbəti gündən etibarən festivalda yarışan filmlərin nümayişinə start verildi. Onu da qeyd edim ki, filmlərə tamaşaçılarla bir yerdə baxırdıq. Filmlər, festival üçün salınmış Nandan adlı balaca şəhərcikdə nümayiş olunurdu. Burada 8 kinozal, bir neçə sərgi salonu, kitab köşkləri, VİP istirahət zonaları, çəkiliş pavilyonları, mətbuat konfransı üçün nəzərdə tutulmuş salonlar və s. mövcuddur. Münsif üzvləri üçün sərbəst olan giriş, tamaşaçılar üçün ödənişli (300 rupi – 6 AZN) idi. Film əgər yerli vaxtla saat 14:00-da başlayırdısa, tamaşaçılar bilet almaq üçün səhər 9:00 radələrindən uzun növbəyə dururdular. Növbələrin uzunluğu bir neçə yüz metrə qədər çatırdı. Nəzərə alsaq ki, hazırda Hindistanda əhalinin sayı 1 milyard 300 milyon, Kəlküttənin əhalisinin sayı isə 31 milyondur və bu əhalinin olduqca böyük qismi kino həvəskarıdır – belə uzun növbələr təəccüb doğurmur. İnsanlar sivil qaydada, saatlarla ayaq üstə duraraq, səbirlə öz növbələrini gözləyirdilər. Bir azərbaycanlı kimi mənə bu mənzərə qəribə və anlaşılmaz gəlirdi. Növbələrdən birinə yaxınlaşıb ilk rastıma çıxan adamlardan birinə belə sual verdim: “Film başlamazdan 2-3 saat əvvəl niyə burada, günün altında növbədə durmusunuz? Siz bu filmə festivaldan sonra da rahat şəkildə baxa bilərsiniz”. Aldığım cavab məni daha çox təəccübləndirdi və ondan da çox utandırdı: “Filmin premyerasına baxmaq daha xoşdur bizimçün. Bundan əlavə, bizim həmyerli kinematoqrafçılarımız milyonlarla pul xərcləyib film çəkiblər. Niyə biz cəmi 300 rupi xərcləyib bu filmə baxmayaq? Bu bizim bir vətəndaş kimi borcumuzdur”. Bu cavab məni həqiqətən utandırdı, əvvəla ona görə ki, bizdə 5 il ərzində çəkilən filmlərin kəmiyyəti burada bir ay ərzində çəkilən filmlərin sayından dəfələrlə azdır. Mən hələ filmlərin büdcəsi və keyfiyyəti haqda danışmıram. İkincisi isə, ona görə ki, bizim kinoteatrlarda yayıma buraxılan yerli filmlərin çox az qismi gəlir əldə edir. Tamaşaçılar yerli filmlərə kinoteatrlarda baxmağı, elə bil özlərinə ayıb sayırlar. Hamı yerli filmləri onlayn izləməyə üstünlük verir. Yeni film çəkilməyəndə isə hamı bir ağızdan səslənir ki, “Niyə bizdə yeni filmlər çəkilmir?” və yaxud “Niyə qələbəmiz kinoda hələ də ekranlaşdırılmayıb?” və s. Kino sahəsini dəstəkləmək, onu inkişaf etdirmək dövlətdən sonra, (bəlkə də ondan qabaq) tamaşaçıların üzərinə düşür. Dövlətdən söz düşmüşkən, maraqlı bir məqamı qeyd etməliyəm. Qərbi Benqaliyada parlament idarə sistemidir və yuxarıda adını qeyd etdiyim Baş nazir Mamata Banerje 2011-ci ildən bu vəzifədədir. Buna qədər müxalifət lideri olan bu xanım, aldığım məlumata görə, kifayət qədər aqressiv müxalifətçi olub və iqtidara keçəndən sonra bir qədər “sakitləşib”. Hindistanda dövlət tərəfindən maliyyələşən filmlərdə yalnız mahnı, musiqi və rəqslər dominantlıq təşkil edir. Buna baxmayaraq, iqtidar, ölkədə alternativ fikir və fərqli düşüncə formalaşdırmaq məqsədilə, müstəqil rejissor və ssenaristlərə üçüncü şəxslər vasitəsilə maliyyə ayırır və bu filmlərə heç bir senzura tətbiq edilmir. Müstəqil kinematoqrafçılar öz filmlərində iqtidarı tənqid edə və narazılıqlarını bildirə bilərlər. Bir şərtlə ki, təhqir olmasın! Bu rejissorların filmləri ölkə daxilində kinoteatrlarda nümayiş edilir, xarici festivallara göndərilir, amma televiziyalarda yayımlanmır, buna baxmayaraq, bu müəlliflər siyasi baxışlarına görə təqib olunmur, əksinə, onlara yaradıcılıq üçün hər bir şərait yaradılır. Ümumiyyətlə, Hindistanda kinoda çalışan adamlara böyük hörmət var. Əgər bir insan kino sahəsində ən xırda vəzifədə belə çalışırsa, ona cəmiyyət arasında olan ehtiram, Azərbaycanda məmurlara və vəzifə sahiblərinə olan ehtiramdan qat-qat çoxdur. Festival keçirilən məkanda, şəhər içində, hava limanında, qaldığım hoteldə insanlar mənim kino sahəsində çalışdığımı və festivalda münsif üzvü kimi iştirak etdiyimi biləndə mənə ən yüksək hörməti və qayğını göstərirdilər – növbədəkənar xidmət göstərirdilər, nəsə aldığım halda mənə ən yaxşı məhsulu təqdim edirdilər və s. Azərbaycanda kino sahəsinin əməkdaşları belə bir hörməti yalnız yuxuda görə bilərlər. Azərbaycanla Hindistan arasında daha bir paralel aparmaq istərdim. Hindistanda bir çox nəsnələrə və xüsusilə inəyə sitayiş mövcuddur. Buna mən hətta sitayiş deməzdim, bu aktı da hörmət adlandırmaq olar. Hindistanda daha bir hörmət və ehtiram obyekti kitab-dəftər imiş. Kitabın nədən bəhs etdiyindən, dəftərin boş və ya yazılı olmasından asılı olmayaraq, onlar insanın gözləri və ya sinəsindən aşağıda qoyulmamalıdır. Əks halda, bu addım orada ciddi tənqid olunur və hörmətsizlik sayılır. Festival ərazisində fəaliyyət göstərən köşklərdən birində kitablardan biri təsadüfən yerə düşdü və dərhal bir neçə nəfər yerli sakin onu qaldırmaq üçün iti addımlarla onu qaldırmaq üçün yaxınlaşdılar. Təsadüfi deyil ki, 2023-cü ilin rəsmi statistikasına əsasən, Hindistan cari ildə ən çox kitab oxuyan xalq elan edilib. Azərbaycanda belə bir “hörmət” yerə atılmış, sağlamlığa ziyan olan və keyfiyyəti şübhə doğuran çörək parçasına göstərilir. Yaşından asılı olmayaraq, hər kəs yerdə çörək parçası görən kimi, yerdən qaldırır, öpüb gözü üstə qoyur və yerdən hündür bir yerdə gizlədir. Qayıdaq festivala.

NETPAC bölümündə 7 tammetrajlı film yarışırdı. Bunların arasında sənədli filmlər də yer alırdı. Filmin hansı ölkədən olmasından asılı olmayaraq, hər nümayişdən öncə, ekranda Hindistanın himni səslənirdi və zalda olan hər kəsin borcu ayağa durmaq idi. Hörmətsizlik edən tamaşaçılar kinoteatr əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılırdı. Hər nümayişdən sonra, filmin festivalda iştirak edən yaradıcı heyətinin üzvləri ilə qeyri-rəsmi görüş keçirilirdi və film müzakirə olunurdu. Bu filmlərin bəziləri haqqında öz fikirlərimi bölüşmək istəyirəm.

İlk nümayiş olunan, Qırğızıstanda istehsal olunmuş, rejissor Asel Jurayevanın çəkdiyi “Tanrının bəxşişi” (və ya Tanrıverdi) (Tenirberd) bədii filmi oldu. İlk baxışdan sentimental hisslərə toxunan film, əslində, gizli detallarla siyasi mövzuları əsk etdirirdi. Yaşlı və cavan nəsil, sosializm və kapitalizm, Tanrı və hökumət, ibadət və ateizm kimi anlayışları qarşı-qarşıya qoyan film maraqlı arxitektonikaya malikdir.

Yarışmaya daxil olan və tamaşaçılarda, o cümlədən məndə xüsusi təəssürat oyadan “Xoşbəxt xiyabanlara doğru” tammetrajlı sənədli filmi oldu. Filmin rejissoru, gənc xanım Sremoye Sinqh İran cəmiyyətində müqavimətin necə gündəlik sağqalma aktına çevrildiyinin şahidi olmaq üçün fars dilini öyrənir və Tehrana səfər edib. İslam rejiminin sərt senzurasına baxmayaraq, rejissor Cəfər Pənahi ilə, ictimai fəallarla və başqa insanlarla bir sıra səmimi müsahibələr toplayıb. 6-7 il ərzində adi fotokamera ilə aparılan bu söhbətlər inqilabın astanasında olan bir xalqın coşan narahatlıqlarını, qorxularını, ümidlərini və arzularını əks etdirir. Xanım rejissorun cəsarətli addımına ancaq alqış düşür. Həbs, hətta, edam təhlükəsinə baxmayaraq, o, mövcud sistemin və siyasi liderlərin əsl üzlərini göstərməyə müvəffəq ola bilib.

“Qış tətili yoxdur” adlı tammetrajlı sənədli film bu il DokuBaku Beynəlxalq Sənədli Film festivalında da yarışıb və hətta mükafat da qazanıb. Filmin rejissorları Rajan Katet və Sunir Pandey, həm də filmin operatorlarıdırlar. Filmin təsvir və rəng həlli ən yüksək səviyyədə işlənilib və istənilən zövqlü tamaşaçını biganə qoymur. Filmin süjeti, ucqar bir dağlıq yerdə yaşayan Ratima və Kalima adlı iki qoca qarının əhvalatını nəql edir. Sərt qış ucbatından hamı buradan yaylağa köçüb. Bu iki qarını qonşuluqdan savayı, bir zamanlar hər ikisinin əri olmuş, amma indi dünyasını dəyişmiş bir kişi haqqında xatirələr bir araya gətirir. Eyni kişidən dul qalmış bu qadınları xatirələrdən daha çox, inciklik birləşdirir. Filmboyu gündəlik məişət işləri ilə məşğul olan bu qadınlar, yalnız bir-birlərini görməyəndə, təklikdə bir-birlərinin arxasınca danışır, deyinir, amma birlikdə olanda keçmişi unudub yalnız kənd həyatını müzakirə edirlər. İlk baxışdan bədii film üçün ideal material olan bu əhvalatı müəlliflər yarı bədii, yarı sənədli üslubda ərsəyə gətiriblər. Qadınların gündəlik həyatı nə qədər sənədli formada çəkilməyə cəhd edilsə də, filmin böyük bir hissəsinin qurma olduğu gözdən qaçmır. Müəlliflərin mükəmməl təsvir həlli hesabına, “festival kinosu” ənənələrinə riayət etməklə qalib gəlmək iqtidarında olduqları aydın görünür. Nəticədə, o qədər də səmimi olmayan, natamam bir əhvalat tamaşaçıya təqdim olunur. Lakin, müəlliflərə sərt qış şəraitində aylarla ucqar kənddə qalıb, film ərsəyə gətirdikləri üçün əllərini sıxıb təşəkkür etmək lazımdır.

Nəhayət, NETPAC bölümünün qalibi, bizim – münsiflər heyətinin yekdilliklə səs verdiyi “Myanma çevrilişi ilə bağlı qırılmış xəyalların hekayələri” tammetrajlı bədii filmi səkkiz rejissorun ərsəyə gətirdiyi doqquz qısa filmdən ibarət almanaxdır. Bu filmdə diqqətimi çəkən əsas məqam, filmin titrlərində, demək olar ki, bütün yaradıcı heyətinin adlarının anonim saxlanılması oldu. Filmdə hadisələr 2023-cü ildə, Myanmada iki il öncə repressiv sistemə qarşı baş vermiş hərbi çevriliş cəhdindən sonra baş qaldırmış vətəndaş qarşıdurmasından bəhs edir. Bu qarşıdurma nəticəsində filmin yaradıcı heyətinin böyük qisminin ailə üzvləri həbs olunub, öldürülüb və sürgün edilib. Ölkədən qaçmağa nail olmuş müəlliflər, yerdə qalan ailə üzvləri və dostlarına problem yaratmamaqdan ötrü filmin titrlərində adlarını gizlətmək məcburiyyətində qalıblar. Yer kürəsinin müxtəlif yerlərində gizlənmiş rejissorlar bir-birləri ilə virtual əlaqə saxlamaqla, ən müxtəlif üslubda filmlər çəkiblər. Bütün filmlər – heç nəyə baxmayaraq mübarizə aparmaq, ümidini itirməmək və hər şeyə rəğmən sevdiklərinin yanında olmaq hisslərini aşılayır. İki saatdan çox metrajı olan film müxtəlif üslublarda işlənib, buraya solo-performans, boş stulla, balaca şüşənin içinə atılmış qızıl balığın məsafəli dialoqu və sair kimi maraqlı həllər daxildir.

NETPAC bölümünə və ümumiyyətlə haqqında danışdığım festivalın bütün bölümlərinə olduqca maraqlı filmlər daxil idi. Bütün bunlardan əlavə, festivalda proqramdan kənar, Vim Venders, Ken Louç, Nuri Bilge Ceylan kimi böyük rejissorların son filmləri, o cümlədən, dünya kinosunun klassik əsərləri də nümayiş olunurdu.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təqdimatı ilə Kinoyazar.az saytının redaktoru kimi qatıldığım bu festival mənim üçün, böyük və əhəmiyyətli bir təcrübə oldu. Hətta mənim festivaldakı həmkarlarım, NETPAC bölümünün münsiflər heyətinin sədri, filippinli professor Patrik Kampos və hindistanlı kinorejissor və kinotənqidçi Modhurima Sinha da bu festivalın digər nüfuzlu dünya kinofestivallarından əhəmiyyətli dərəcədə fərqləndiyini təsdiq etdilər. Doğma diyarımız Azərbaycanda da kino bazarının, mühitinin və ümumilikdə kinematoqrafiyanın yaxın gələcəkdə bu səviyyəyə çatması ümidilə bu yazımı sizə təqdim etdim.

İlqar Quliyev