Hüseyn Mehdiyev – 75
19 mart Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyevin 75 yaşı tamam olur.
H.Mehdiyev 1945-ci ildə Şəkidə doğulub. 1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatoluq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Bir çox sənədli və bədii filmlərin (“Dissonans” 1978 –operator, “Dostluq körpüləri”-operator, “Təkcə adanı özünlə apara bilməzsən”1980 -operator, “Qoca palıdın nağılı”1984- rejissor, “Qəm pəncərəsi”1986-operator, “Şəhərli biçinçilər” 1986 rejissor, operator, “Süd dişinin ağrısı 1987 –rejissor, “Şahid qız 1990 rejissor, ssenari müəllifi, “Özgə vaxt” 1996 – rejissor, ssenari müəllifi, “Məkanın melodiyası 2004 -rejissor, ssenari müəllifi və s). quruluşçu-operatoru və quruluşçu rejissoru olub.
“Azərbaycanfilm” kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu operatoru kimi kino sənətinə öz dəsti-xəttini gətirən H.Mehdiyevin 1986-ci ildən rejissor kimi çəkdiyi filmlərdə də fərqlilik nümayiş etdirib.
Quruluş verdiyi filmlər içində Ramiz Rövşənin ssenariləri əsasında çəkilən “Süd dişinin ağrısı” və “Özgə vaxt” filmləri xüsusilə seçilir. Poemada da, filmdə də süd dişi uşaqlığa vida simvolu kimi göstərilir. “Süd dişinin ağrısı”ndan bir müddət sonra “Özgə vaxt” filmi isə sanki eyni ideyaların davamı rolunu oynayıb. Bu filmdə də sevgi, valideyn – övlad münasibətləri iri plandadır.
Yeri gəlmişkən, Ramiz Rövşən və Hüseyn Mehdiyevin yaradıcı əməkdaşlığı möhkəm təməllər üzərində qurulub.
Hüseyn müəllim deyir ki, Ramiz Rövşənlə əməkdaşlığa “Təkcə adanı özünlə apara bilməzsən” filmindən başlayıb.: “Mən o filmin quruluşçu operatoru idim. Çəkilişlərdə ümumi konsepsiyadan gələn bəzi detallarla razılaşmadığım üçün çəkiliş qrupunda bir az problem yaranmışdı. Kinostudiyanın rəhbərliyi, o vaxt redaksiya heyətinin üzvü olan Ramiz Rövşənə bu problemi həll etməyi tapşırmışdı. Elə onda Ramiz Rövşən məni müdafiə etdi. Beləliklə, ilk əməkdaşlığımız və dostluğumuz başladı. Ramiz Rövşən Azərbaycanda ilk ssenaristlərdəndi ki, kino yaradıcılığında əsas şəxsin rejissor olduğunu qəbul etdi. Həqiqətdə də, belədi. Tamaşaçının ekranda gördüyü və yaradılmış aləmin – məkanın, zamanın müəllifi rejissordu, hamısı onun təsəvvürüdü. “Rejissor ssenari müəllifinin fikirlərini ifadə edir” fikrində heç bir həqiqət yoxdu. Ssenari axı tamamlanmış sənət əsəri deyil, o, filmin yaradılması üçün bir materialdı. Adi adamın ssenarini oxumağa hövsələsi çatmaz. Ssenaridə əsas amil dil yox, hadisələr, hərəkət və xarakterlərdi. Təbii ki, ssenari müəllifinin söz adamı olmağı yalnız işin xeyrinədi. Amma bu, vacib deyil. Ssenari müəllifi, ilk növbədə, kinonu bilən adam olmalıdı. Azərbaycan kinosunun əsas problemi də bundadı – bizdə nasirlər çoxdu, əsl ssenari müəllifləri cox azdı”.
H.Mehdiyev 1993-2001 illərdə “Azərkinovideo” İB-nin Baş direktor müavini olub, 1999-cu ildən isə Azərbaycan Kinorejissorlar Gildiyasının sədri vəzifəsində çalışır. Filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.
Bu gün Hüseyn müəllimin 75 yaşı tamam olur və müsahibələrindən birində dediyi kimi, özünü xoşbəxt rejissor hesab edir: “Rejissorluq sənəti elədir ki, işi ürəkdən görürsə özünü xoşbəxt sayır. Mən heç vaxt sənətdə riyakarlıq etməmişəm, özümü nəyəsə məcbur etməmişəm. Buna görə də özümü xoşbəxt rejissor sayıram” deyir yubilyar…
Əziz və hörmətli Hüseyn Mehdiyev!
Sizi 75 illik yubiley yaşınız münasibətilə ürəkdən təbrik edir, sağlam və uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Kinematoqrafaçılar İttifaqı