Hüseyn Mehdiyev: Kino Agentliyinin hələ də yaradılmaması kino sistemində qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olub

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor  Hüseyn Mehdiyev aki.az saytına müsahibə verib.

– Kinorejissorlar Gildiyası yarandığı gündən yaradıcı və sosial hüquqların qorunmasının təmin edilməsində, milli kinematoqrafiyanın yüksək bədii səviyyədə inkişafına şərait yaradılmasında bir çox layihələrə imza atıb. Hazırda Gildiyanın fəaliyyəti ilə bağlı hansı yeniliklər var?

– Keçən ilin sonunda, Kinorejissorlar Gildiyasında ilin yekunları ilə bağlı İdarə Heyətinin iclası keçirilmişdir. Bir çox məsələlər müzakirəyə çıxarılmışdı: İlin yekunları, kino istehsalında iştrak edən mütəxəssislərin peşə adlarının, müasir kinoistehsalı prosesinə uyğunlaşdırılması məqsədi ilə işçi qrupunun yaradılması  və 2022-ci ildə Kino Akademiyanın “Qızıl Pəri” peşə mükafatı müsabiqəsinin keçirilməsi. Paradoks ondadır ki, Azərbaycanda kinematoqrafiyanın vəziyyəti ilə bağlı yaranmış durum, iclas iştirakçılarının planlaşdırılmamış müzakirə obyektinə çevrilmiş və onlar öz narahatçılıqlarını bildirərək, bu məsələnin kinomuz və kinematoqrafçılar üçün taleyüklü olduğundan, İdarə heyətinin növbəti iclasında, müzakirəyə çıxarılmasını xahiş etmişdilər. Eyni zamanda İdarə Heyətinin sədrinə – mənə isə müvafiq sorğular və araşdırmalar apararaq ətraflı məruzə etmək tapşırılmışdır. Bununla bağlı Azərbaycanda kinematoqrafiya ilə əlaqədar son illərdə baş vermiş proseslərin nəticələrinin sual və narahatçılıq doğuran məqamlarına aydınlıq gətirmək üçün ilk öncə mən Mədəniyyət naziri Anar Kərimova məktub ünvanladım.

– Maraqlıdır, kinomuzda baş verən hansı proseslərin nəticələri Gildiyanın İdarə Heyətinin üzvlərində sual və narahatçılıq doğururdu?

– Mən deyərdim ki, bu suallar təkcə İdarə Heyətinin üzvlərini yox, kino ictimaiyyətinin əksəriyyətini narahat edir. Əgər yadınızdadırsa, 2020-ci ilin sonlarında pandemiyanın ağır vaxtarında, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01.03.2019 tarixli Sərəncamına əsasən, kinematoqrafiya şöbəsinin hazırladığı “Azərbaycan Kinematoqrafiyası – İnkişaf Konsepsiyası”nın onlayn təqdimatı və müzakirəsi keçirilmişdi. Bu müzakirədə kino ictimaiyyətinin geniş təbəqəsi: yaradıcı təşkilatların, o cümlədən Kinorejissorlar Gildiyasının, dövlət və müstəqil studiyaların rəhbərləri və məsul şəxsləri, kinorejissorlar, ssenaristlər, təsvir rejissorları, prodüserlər və b. iştirak etmiş və təqdim olununan “İnkişaf konsepsiyası” bəzi irad və təkliflərlə kino ictimaiyyəti tərfindən bəyənilmiş və qəbul olunmuşdur. Qəbul olunmuş sənədin əsas qayəsi konsepsiyanın həyata keçirilməsini təmin edəcək qurumun – “Azərbaycan Respublikası Kino Agentliyi”nin yaradılması idi. Əfsuslar olsun ki, Prezidentin Sərəncamına əsasən yaradılmış,  kino ictimaiyyəti tərəfindən qəbul olunmuş və müvafiq rəsmi strukturlar tərəfindən təsdiqlənmiş sənəd bu günə qədər qəbul olunmamışdır və onun qəbul olunmaması kino sistemində qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olmuşdur. Belə olan halda Nazirimizə sual verirəm: Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış, kino ictimaiyyəti tərəfindən bəyənilmiş və müvafiq nazirliklərin təsdiqlədiyi sənədlər toplusu nə səbəbdən bu günə qədər qəbul olunmur və “Azərbaycan Respublikası Kino Agentliyi” yaradılmır?

– Necə bilirsiniz, bu, Nazirin səlahiyyətlərindədir və ondan aslı olan məsələdir?

– Yox mən elə hesab etmirəm, ancaq hələlik bu sahəyə Mədəniyyət Nazirliyi cavabdehdir. Biz ilk öncə onlara müraciət etməli və onlardan nəticələri tələb etməliyik. Yox əgər onlar hər şeyi yetərincə ediblərsə, qoy desinlər ki, sənədlər müvafiq qaydada, müvafiq instansiyaya yollanılmışdır və biz də bilək və agah olaq ki, kinomuzu məhvə sürükləyən kimlərdir… Niyə deyirəm  sürükləyən, çünki kinomuzun yüzlərlə daşınmaz əmlakı, hansı ki, kinematoqrafçıların yaratdığı filmlərin gəlirlərindən qazanmış vəsaiti hesabına tikilmiş kinoteatrları, binaları, hətta istirahət obyektləri “özəlləşdirilib” və məhv edilib. Və özəlləşdirmək sözünün sinonimi “dirçəltmək” yox “məhv eləmək” anlayışına çeviriblər. Azərbaycan Kinematoqrafçılar İttifaqı, yaradıcı kino işçilərinin tədbirlərinin: görüşlərin, konfransların, film baxışlarının və müzakirələrin, mini-festivalların, seminarların, yaradıcı və sosial məsələlərlə bağlı bütün tədbirlərin keçirilməsi üçün “Kino evi”nin yaradılması və ona  binanın ayrılması məsələsinə baxılmasını xahiş etmişdir. Söhbət hər-hansı bir kino təşkilatının üzvlərindən yox ümumiyyətlə milli kinomuzda çalışan bütün kino işçilərindən – yaradıcı, inzibatı, texniki və yardımçı heyətdən söhbət gedir. Filmlərin yaradılması rejissorun rəhbərliyi altında məhz geniş bir kollektivin birgə əməyi sahəsində  baş verir və bu kollektiv təkcə çəkiliş meydançasında formalaşmır… və “Kino evi”  həm də rəmzi xarakter daşıyaraq bütün kino işçilərinin görüş və ünsiyyət yerinə çevrilməli idi. Bu qədər əmlakı olan kinematoqrafçıların “Kino evi” yoxdur!…

– Siz “kinematoqrafiya şöbəsi” dediniz…

– Bəli düz buyurdunuz…Nazirə ünvanladığım məktubda mənim ikinci qoyduğum məsələ məhz “Kinematoqrafiya şöbə”sinin adının dəyişdirilməsi ilə bağlı idi. Bilirsiniz ki, kinematoqrafın və onun ifadə vasitələrinin inkişafı audiovizual mədəniyyətin formalaşmasına gətirmişdir və onun inkişafı – fundamenti olan kinematoqrafın inkişafından birbaşa aslıdır. Əlbəttə söhbət medianın bədii-estetik formalarının və bununlada emosianal təsir imkanlarından gedir, söz mədəniyyətindən yox. Güclü kinomuz olsa, güclü də mediyamız olacaq və bunlar hamısı bir yerdə audiovizual mədəniyyəti inkişaf elətdirəcək… Ona görə məni maraqlandırır ki, hansı məntiqə əsaslanaraq, yuxarıda söylədiyimiz konseptual sənəd qəbul olunmamış,  “Kinematoqrafiya şöbəsi”nin adı dəyişdirilərək, onun törəməsinə və daha çox sənətə yox, informativ məzmuna söykənən adla   “Audiovizual və interaktiv media”  ilə əvəz olunmuşdur? Hansı ehtiyacdan bütün kino sistemini özündə əks etdirən “kinematoqrafiya” sözündən imtina olunmuşdur?

– Bizdə “audiovizual” sözün (terminin) istifadəsi hərdən ifrat dərəcəsinə gətirilir…

– Bildiyiniz kimi, MTRŞ-nin (Milli Tele Radio Şurası) adı dəyişdirilərək, “Audiovizual Şura” adlandırıblar. Televiziya və radio özü-özlüyündə audio, vizual və audiovizual əsərlərin və informasiyanın kütləyə çatdırılması üçün bir vasitədir. Radio isə “audiovizual” anlayışa heç bir dəxli yoxdur. Qəbul olunmuş “Media haqqında” qanunda isə “Audiovizual” anlayışı yoxdur, var “Audiovizual media” və onun açıqlaması da çox dəqiqliklə göstərilib. Şuranın adı da göstərilib “Audiovizual media sahəsini tənzimləyən orqan” media sözünün çıxarılması bu anlayışın istifadə dairəsini genişləndirir və cəmiyyətdə çaşqınlıq yaradır… Lazımdır, lazım deyil, yerində və yersiz başlayıblar istifadə etməyə… və peşəkarlıqdan uzaq olanın məntiqi ilə doğurdan da hər görünən və səslənən obyekt nə olursa olsun “audiovizual” adlandırmaq olar… məsələn bizim həyatımız “audiovizuallı həyat” adlandırmaq olmazmı?!!! Çox maraqlıdır bu anlaşılmazlıqdır, yoxsa bilərəkdən atılmış addımdır?

– Çox vaxt islahatları və dəyişiklikləri dünyada sürətlə gedən proseslərlə əlaqələndirirlər…

– Məgər dünyada gedən prosesləri ancaq məmurlar izləyir? Nəzərinizə çatdırıram ki, biz Kinorejissorlar Gildiyası olaraq, kinematoqrafiya və audiovizual sahədə dünyada gedən prosesləri peşəkarcasına izləyirik və ətraflı məlumatlıyıq, hətta bəzən Beynəlxalq təşkilatların üzvü kimi, bu proseslərin iştrakçısı da oluruq. Ona görə bizim Mədəniyyət Nazirliyinə ünvanladığımız və qaldırdığımız məsələlərin ölkəmizin durumu və kinematoqrafiya sahəsində dünyada gedən prosesləri nəzərə alınmaqla həllinə çalışdığımızı və onların müasir zamana və ölkəmizin mövcud iqtisadi və sosial durumu üçün vacib və tamamilə aktual olduğunu bildirmişik!

aki.az

 

 

 

 

 

.