III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

13-20 avqust tarixlərində III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı – müstəqil, regional sənədli film festivalıdır və festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur.

Festivalın bu ilki şüarı “Bizdən sizə kim düşə?” olacaq. Məhz bu şüar üzərində festivalın öz mövzusunu qurub. Bu isə qadınları sərhədləyən stereotiplərlə bağlıdır və festival bu dəfəki fəaliyyətini stereotiplərin qırılmasına həsr edir.

Məqsəd Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsi ilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaqdır.

Yeri gəlmişkən, seçki komissiyası tərəfindən seçilən filmlər, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametrajlı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklasslar, panel müzakirələr, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyəcək.

Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib.

Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində Sevilfestin bu ilki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

HAŞİYƏ: Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən  Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Festivalla bağlı yenilikləri izləmək üçün bu linklərdən istifadə edə bilərsiniz:

https://instagram.com/sevil.fest?igshid=YmMyMTA2M2Y=

https://t.me/sevilfilmfest

aki.az