İlkin Yusifin debüt filminin premyerası baş tutub

Martın 15-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ev sahibliyi ilə rejissor İlkin Yusifin “Mən qəhrəman axtarıram” filminin premyerası baş tutub.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinə məxsus “AzərbaycanCinema” kinoteatrında baş tutan nümayişdə moderatorluğu kinoşünas Sevda Sultanova edib.

S.Sultanova qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni Azərbaycan filmlərinin təqdimatı üçün bundan sonra ardıcıl olaraq “Azərbaycan Cinema”da  nümayişlər edəcək: “Azərbaycan Kinematoqrafçılar İttifaqına bu fürsəti yaratdığı üçün “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadəyə təşəkkürümüzü bildiririk”.

Daha sonra S.Sultanova martın 11-də vəfat edən AKİ sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsini anıb:

“Onun vəfatı doğrudan da, kinomuz və mədəniyyətimiz üçün çox böyük itkidir. Mən bu itki sözünü formal olaraq demirəm. Biz onu hər zaman sevgi ilə xatırlayacağıq. Çox təəssüf ki, yeri heç vaxt dolmayacaq”.

Təqdimatda rejissorla yanaşı, filmin operator və texniki heyəti də iştirak edib. Rejissorun debütü olan filmin çəkilişləri 2019-cu ildə İsmayıllı rayonunda baş tutub. Daha çox “yol filmi” estetikasında çəkilən sənədli filmi  İlkin Yusif belə şərh edib: “Filmin çəkilişləri zamanı hələ nə pandemiya vardı, nə də müharibə. Tamamilə spontan çəkilişlərdir, sənədli filmin sinema verite nümunəsidir. Məqsəd Azərbaycan xalqının portretini yaratmaq idi. Film bir az da gerilla filmidir”.

Filmin nümayişindən sonra rejissor moderator  və tamaşaçıların suallarını cavablandırıb.

İzləyicilər arasında olan aktrisa Zülfiyyə Qurbanova çıxış edərkən, uzun zamandır heç bir filmdən bu qədər təsirlənmədiyini bildirib: “Filmə baxandan sonra anladım ki, mən həyatın içindən olan belə filmlərə acam. Kövrəldim. Mən uzun müddətdir heç bir filmə baxıb, ağlamıram. Ağladım. Ailə üzvlərindən biri vəfat edəndə ailənin gözlərinə baxanda, orada qəribə bir itirmək duyğusunun əksini gördüm. Bəlkə də onları heç kim heç vaxt kameraya çəkib, əbədiləşdirməmişdi. Onların gözlərində qəribə bir qığılcım var idi. Bəlkə də  itirmək duyğusu mənə tanışdır deyə, belə hiss etdim. Amma bu, məni çox kövrəltdi”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov çıxışında deyib ki,  müəllifin filmi bizə kinonun ali funksiyası olan və gerçəklikdə görə bilmədiklərimizi göstərir: “Bu film kino haqqında idi. Yəni, kinonun yaranma prosesini göstərir. İkincisi, mən filmə baxanda qəribə bir hiss yaşadım. Ola bilər ki, mənim fəlsəfi fikirlərimi kim isə bölüşməsin. Mən inanclı insanam. Qəribə bir şey oldu, filmdə gördük ki, küçədən keçən və sadə adamların  çoxu qəhrəmandır. Hətta biz gördük ki, oradakı toppuş bir traktorçu yanğından bir insanı qurtarıb. Fəlsəfi cəhətdən yanaşsaq, sanki yaradanın  yaratdığı hər bir insan unikal bir məxluqdur. Və bu filmdə rejissor və operator bunu görməyi bacardı”.

Teatrşünas Aliyə Dadaşovanın  “Yaradıcı insan kimi, ümumiyyətlə, bir insan kimi bu çəkiliş prosesində ən çox nədən təsirləndiniz?” sualına rejissor belə cavab verib: “Açığı, yola çıxanda başıma nə gələcəyini bilmirdim. Orxan (Filmin operatoru Orxan Əlirzayev nəzərdə tutulur) hərdən deyirdi ki, səni döyəcəklər. Elə olurdu ki, qəhrəmanın xarakterini açmaq üçün məcbur bir az basqı edirdim. Amma o yolda mən öz xalqımı daha yaxından tanıdım. O koloriti hiss etdim, o böyüklüyü gördüm”.

Suallara cavab verərkən İlkin Yusif onu da deyib ki,  o, filmin “Mən qohumlarımı axtarıram” adlı ikinci hissəsini də çəkəcək. İkinci filmin çəkilişləri Cənubi Azərbaycanda nəzərdə tutulur.

Müzakirənin videoyazısı:

aki.az