“İnsan məskən salır” - 55

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “İnsan məskən salır” filmidir, çəkilişindən 55 il keçir…

1967-ci ildə “Azərbaycanfilm” kinostudiyası “İnsan məskən salır” filmini istehsalata buraxdı. Görkəmli yazıçı İmran Qasımovun ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verdi.

Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin ona etimadsızlıq göstərən briqada üzvlərinin rəğbətini, inamını öz bacarığı ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır.

 

“İNSAN MƏSKƏN SALIR” ƏSƏRİ ƏDƏBİYYATIMIZA, FİLMİ KİNOMUZA BÖYÜK ŞÖHRƏT QAZANDIRMIŞDIR

 

İmran Qasımovun ədəbiyyata gəldiyi dövr 1930-1934-cü illərə təsadüf edir. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, daha sonra Moskvada kinossenaristlər kursunda təhsil alıb. Onun “Arzu” pyesi meydana çıxanda isə o artıq dram janrında özünü təsdiq etmiş oldu. Bundan sonra isə ardıcıl olaraq yaranan “Xoşbəxt gün”, “Xəzərin şəfəqləri”, “Sən nə üçün yaşayırsan”, “İnsan məskən salır”, “Nağıl başlananda”, “Ömür elə qısadır ki…”, “Dairəni genişləndirin”, “Ceyran”, Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə”, “Dəniz cəsurları sevir”, “İllər keçir” kimi əsərlər özünə geniş oxucu auditoriyası torlamaqla yanaşı, yazıçını daha da irəli səsləyir.

Adları çəkilən əsərlər müəllifin 1950-ci illərdən başlayaraq yaratdığı əsərlərdir. Onlar arasında “İnsan məskən salır”, “Nağıl başlananda”, “Ömür elə qısadır ki…”, “Dairəni genişləndirin” pyesləri Azərbaycan dramaturgiyasının qazandığı nailiyyətlərdəndir.

“İnsan məskən salır” əsəri həm müəllifin özünə, həm də Azərbaycan ədəbiyyatına şöhrət gətirmişdir.

Qeyd edək ki, dramaturq əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında başlamışdır.

Kinorejissor Arif Babayev 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamış, “Zirvə”(1965), “İnsan məskən salır”(1968), “Uşaqlığın son gecəsi”(1970), “Gün keçdi”(1971), “Ömrün ilk günü”(1973), “Alma almaya bənzər”(1975), “Arxadan vurulan zərbə”(1977), “Bizi bağışlayın”(1978), “Birisigün gecəyarısı” filmlərinə quruluş vermişdir.Onun quruluş verdiyi filmlər bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir. Özünəməxsus iş rejiminə, rejissor duyumuna malik olan Arif Babayevin fərqli də iş polub.

“İnsan məskən salır” filminin ədəbi ssenarisi təsdiq olunduqdan sonra Arif Babayev rejissor ssenarisini yazmağa başlayır. Rejissor ssenarisinin müzakirəsindən sonra isə yaradıcı heyətin tərkib hissəsi müəyyənləşdirilir. Hər filmdə olduğu kimi bu dəfə də “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın tapşırığı ilə sınaq çəkilişlərinə başlanılır. Baş qəhrəman rollarının əksəriyyətinə bir neçə aktyoru sınaq etsələr də sonda üstünlük filmdə gördüyümüz aktyorların ifasına verilib.

 

ƏNVƏR HƏSƏNOV: AZƏRBAYCAN KİNEMATOQRAFİYASINDA ÇOX AZ REJİSSOR BAKININ, ONUN SAKİNLƏRİNİN EKRAN OBRAZLARINI YARATMAQ SAHƏSİNDƏ ARİF BABAYEVLƏ RƏQABƏT APARA BİLƏRDİ

 

Filmin titrində rejissor assistenti kimi Ənvər Həsənovun adına rast gəldik. Aktyor-rejissorla söhbət əsnasında o Arif Babayevlə 1965-ci ildən yaradıcı tanışlığa-dostluğa başladığını söylədi və onu da qeyd etdi ki, bir aktyor olaraq yetişməsində Adil İsgəndərovla birgə Arif Babayevin böyük rolu olmuşdur.

Təsadüfi deyil ki, “İnsan məskən salır” filmində rejissor assistenti kimi Arif Babayevə yaxından köməklik göstərən Ənvər Həsənov, bu filmdən sonra rejissorun çəkilişlərinə başladığı  “Uşaqlığın son gecəsi” filmində Murad obrazına təsdiq olunmuşdur.

Ənvər Həsənov deyir ki, bədii məkan, obrazların mövcud olduğu, personajların hərəkət etdiyi yer və obrazların, personajların ətraf aləmlə qarşılıqlı əlaqəsi ekran yaradıcılığında mühüm rol oynayır: “

Azərbaycan kinematoqrafiyasında belə yaradıcılıq uğuruna nail olan rejissorların, mən deyərdim ki, ən parlaq nümayəndələrindən biri Arif Babayev idi. Arif müəllim “İnsan məskən salır” filmində Xəzər dənizinə, Xəzərin qoynunda çalışan adamların daxili dünyasına yeni rakursdan baxmağı bacardı. Xəzərin lal sükutu, fırtınası, şıltaqlığı da Arif Babayevin filmində yeni məna, məzmun kəsb edir, insan taleyinin mahiyyəti ilə bağlı yeni dəyər qazanırdı. Bu filmdə müəllifi maraqlandıran neft, dəniz mövzusunda çəkilmiş ənənəvi filmlərdəki kimi bilavisitə istehsalat rrosesinin özü, bu prosesdə neftçilərin istəyi ilə dənizin inadı arasındakı ziddiyyət yox, torraqla dəniz, quru ilə su, bitən, sərhədləri olan məkanla sonsuzluq, komfort həyat tərzi ilə su üzərindəki həyat tərzi arasındakı toqquşma idi”.

Arif Babayevə görə, insanın məskən salmağı bu böyük dünyanın hansısa bir yerində hücrə qurmaq, rahatlığa qovuşmaq deyil, ətrafındakıların yaddaşında, mənəviyyatında iz salmaq səadətinə bərabər bir tale töhfəsidir: “Filmin qəhrəmanı isə məhz bu həqiqəti dərk etmədiyinə görə çaşır, can atdığı məkana qovuşa, ona daxil ola bilmir, məkansız bir durumun sərkərdanına çevrilir. Bakı, onun dar küçələri, dalanları, köhnə məhəllələri, hündür yaraşıqlı binaları, geniş rrosrektləri milli kinomuzda çox filmin məkan elementlərinə çevrilib. Azərbaycan kinematoqrafiyasında çox az rejissor Bakının, onun sakinlərinin ekran obrazlarını yaratmaq sahəsində Arif Babayevlə rəqabət apara bilərdi. O, bu şəhərin həyat ritmini, onun nəfəsini həssaslıqla duyur, şəhər sakinlərinin psixologiyasını, davranış etiketini yaxşı bilir və onları ekran obrazlarına çevirməyi bacarırdı”.

Xatırladaq ki, Ənvər Həsənov “İnsan məskən salır” filminin çəkilişləri başlanan zaman ikinci kursda təhsil alırmış: “Yaxşı yadımdadır ki, mənim “İnsan məskən salır” filminə rejissor köməkçisi qismində dəvət olunmağımda filmdə rejissor assistenti kimi çalışan Fikrət Əliyevin böyük rolu olmuşdur. Belə ki, o, filmin çəkilişlərinin hazırlıq prosesi zamanı Arif Babayevə təklif edib ki, məni də yaradıcı heyətə daxil etsin və rejissor da bu təklifi böyük məmnuniyyətlə qəbul edib. Bu filmin çəkilişləri zamanı Arif müəllimə bir rejissor köməkçisi olaraq kömək etsəm də, sonralar yaradıcı münasibətlərimiz səmimi dostluq üzərində quruldu”.

Yeri gəlmişkən, “İnsan məskən salır” filmi Arif Babayevin quruluş verdiyi ilk tam metrajlı filmi idi. Və rejissorun quruluş verdiyi tam metrajlı filmlərin əksəriyyətində Ənvər Həsənov onun yanında köməkçi rejissor olaraq çalışıb: “Təxminən 4-5 filmdə – “Uşaqlığın son gecəci”, “İnsan məskən salır”, “Birisigün, gecə yarısı”, “Arxadan vurulan zərbə” və s. filmlərdə onunla birgə çalışmışam.

Neft daşlarında çəkilən, neftçilərin həyatından bəhs edən film bir çox çətinliklər hesabına başa gəlib. Bəlkə də ona görə filmin əsas çəkilişləri dənizdə, neft daşlarında lentə alınıb: “Təbii ki, filmin ağır çəkilişləri neft daşlarında lentə alınmasından irəli gəlirdi. Axı dənizlə zarafat etmək olmaz. Bunun tufanı var, dalğası var, bir sözlə, belə yerdə hər dəqiqə çəkiliş aparmaq olmazdı”.

Adətən çəkilən filmin yaradıcı heyətinə rejissor assistenti kimi dəvət olunan şəxs sınaq çəkilişləri zamanı böyük rol oynayır. O mənada ki, rejissor assistenti sınaq çəkilişlərinə dəvət olunan aktyorların axtarışı zamanı onların uyğun rollara seçilməsində, ümumiyyətlə isə fotosınaq, kinosınaq çəkilişlərində yaxından iştirak edir, quruluşçu rejissorla, ssenaristlə, quruluşçu operatorla birgə fikir mübadiləsinə qoşulur. Ancaq Ənvər Həsənov “İnsan məskən salır” filminin çəkilişlərinə dəvət olunan zaman artıq sınaq çəkilişləri bitmişdi. “Və sınaq çəkilişlərində iştirak etmədiyim üçün baş verən proseslərdən xəbərsiz idim. Elə ki, yaradıcı heyətin tərkib hissəsinə daxil oldum, bu zaman artıq çəkilişlərin hazırlıq işləri gedirdi. Yalnız Ələsgər haqqında onu deyə bilərəm ki, o aktyor deyildi”.

Filmdə baş qəhrəman olan Ramiz obrazında çəkilən Ələsgər İbrahimov tamaşaçılara “Yeddi oğul istərəm” filmində yeddi oğuldan biri-Zalımoğlu kimi yaxşı tanışdır. Aktyor olmayan Ələsgər İbrahimov Arif Babayevlə İçərişəhərdə qonşu olmuşlar: “Bu heç də o demək deyil ki, Arif Babayev dost-tanış iştirakına üstünlük verənlərdən idi. Yox, sadəcə olaraq o uzaqdan müşahidə etməklə kimin nəyə qadir olduğunu bilirdi. Bir növ müşahidəçilik qabiliyyətinə malik idi. Bir sözlə, Arif Babayev qeyri-peşəkarları peşəkar səviyyəsində çəkməyi bacaran kinorejissorlarından biri idi. Sadəcə olaraq rola uyğun olan, gözü tutan şəxsləri sınaq çəkilişlərinə dəvət edirdi ki, bunlardan biri də Ələsgər idi”.

 

KİNOSTUDİYANIN MÜHƏNDİSİ ƏLƏSGƏR İBRAHİMOV RAMİZ ROLUNDA

 

“Azərbaycanfilm” kinostudiyasında mühəndis olaraq çalışan Ələsgər İbrahimov ilk dəfə olaraq Arif Babayev tərəfindən “İnsan məskən salır” filminə dəvət olunmuşdur. Sonralar isə o ardıcıl olaraq filmlərə dəvət almış, ancaq onlardan yalnız bir neçəsində iştirak etmişdir.

Ənvər Həsənov deyir ki, Ələsgər İbrahimov qeyri-peşəkar olmasına baxmayaraq Ramiz roluna nə qədər çox uyğun gəlirdi: “Əslində Arif Babayevin görünüş baxımından rola uyğun olan aktyor seçimi nə qədər çox uğurlu alınsa da, o yalnız buna arxayın olmurdu. O, məşq prosesi zamanı istədiyini aktyordan almamış əl çəkməzdi. Ələsgərin Ramiz roluna tam şəkildə uyğunlaşmasında da onun bir rejissor olaraq böyük rolu olmuşdu”.

Filmin çəkilişlərinin bir qismi kinostudiyanın həyətində qurulmuş pavilyonda çəkilib. Bu, Şamamanın(Hökumə Qurbanova) evi, Muradgilin evində olan çəkilişlərdir. Bundan başqa isə neft daşlarında, Duvannı qəsəbəsində də çəkilişlər aparılıb.

Qeyd etdik ki, filmdə çətin alınan kadrlar da olub. Məsələn, tufanlı bir gündə çəkiliş aparılmasını ağlımıza belə gətirmərik. Çünki özündən deyən çəkiliş qrupları belə, bu kimi çəkilişlər aparmağa cəsarət göstərə bilməz. Ancaq “İnsan məskən salır” filmində Ələsgər İbrahimovun iştirakı ilə çəkilən bir kadr var ki, orada tufanlı bir günün, daha doğrusu gecənin təsviri verilib. Həddindən artıq canlı təsvir olunan həmin tufanlı gecə, əslində süni şəkildə hazırlanıb.

Bu barədə Ənvər Həsənov deyir ki, tufanlı gündə lentə alınan kadr Şıxovla Qaradağın arasında yerləşən böyük bir hovuzun içində aparılıb: “Həmin hovuzun içində neft mədənlərinin maketi qurulmuşdu. Ancaq qurulan maket hündürlük baxımından neft mədənlərinə çox bənzəyirdi. Çünki dənizdə olan qurğuların hündürlüyü olduğu kimi təqdim edilirdi. Təsəvvür edin ki, hovuzun içində 6 bal gücündə süni tufan yaratmışdıq. Filmin çəkilişi, xüsusilə isə süni tufan yaratdığımız kadrın çəkilişi çox soyuq bir günə təsadüf edirdi. Belə bir gündə süni olmasına baxmayaraq suyun içində tufan yaratmaq, tamaşaçıda inandırıcı təəssürat yaratmaq o qədər də asan məsələ deyildi. Ancaq yaradıcı heyət bunun öhdəsindən gələ bildi ki, bunda da Arif Babayevin böyük rolu oldu”.

Ələsgər İbrahimovun iştirakı ilə lentə alınan kadrların çəkilişi zamanı bir çox problemlər üzə çıxırmış. O mənada ki, dənizlə bağlı çəkilən kadrlar çətinliklə yaranırmış. Yəni, hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilsə də çəkiliş vaxtı gözlənilməz hava şəraiti, hər hansı bir lazım olan detalın yerində olmaması kimi hallara da təsadüf edilirmiş ki, bu da kino sahəsində mövcud olan çətinliklərdən irəli gəlirdi.

 

FİLMİN İLK PREMYERASI TƏNTƏNƏLİ SURƏTDƏ QEYD OLUNUB

 

Filmin çəkilişləri 3 ay müddətinə bitsə də, səsləndirmə işləri ilə birgə və bir də ki, öncədən ssenarinin təsdiq olunmasına ayrılan vaxtla birgə bir ilə başa gəlir. Hazır material “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edilir. Filmi qəbul edən Şura Onu Moskva Dövlət Kino İdarəsinin rəhbərliyinə təqdim edir. Film qəbul və təsdiq olunur. Filmin ilk premyerası təntənəli surətdə qeyd olunur. Sonralar, yəni 1968-ci ildə “İnsan məskən salır” filmi Yerevanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin “Prometey-68” zona kinofestivalına təqdim edirlər. Keçirilən kinofestivalda bir çox filmlərlə yanaşı, bu film də yer tutmuş və rejissor Arif Babayevə ən yaxşı debütə görə diplom təqdim edilmişdir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi İmran Qasımov, rejissor Arif Babayev, operator Arif Nərimanbəyov, rəssam Cəbrayıl Əzimov, bəstəkar Qara Qarayev, səs operatoru Akif Nuriyev, Ələkbər Həsənzadə, II rejissor Ramiz Əliyev, quraşdırma çəkilişlərin operatoru Mirzə Mustafayev, rejissor assistenti Ənvər Həsənov.

Rollarda iştirak edirlər: Ələsgər İbrahimov(Ramiz), Hacı Murad Yegizarov (Murad), Hökumə Qurbanova (Şamama), İsmayıl Əfəndiyev (Şirəli), Lüdmila Marçenko (Nina), Zemfira Sahilova (Ədilə), Yuri Perov (Andrey), Arkadi Tolbuxin (Moroz), A.Petrov (Vadim), Muxtar Manıyev (Məcid), E.Akorov (Qarabala), Zemfira Sadıxova (tibb bacısı).

X.QİYAS