İradə Bağırzadə: Dövlət maliyyəsinə təqdim edilən layihələr və studiyalar arasında ədalətli rəqabət olmalıdır

Aki.az saytının podkast layihəsinin budəfəki qonağı “Buqələmun”, “Şəhər motivlər” layihələrinin  prodüseri İradə Bağırzadədir.

İ.Bağırzadə prodüser kinosunu səciyyələndirərək vurğulayır ki, bu hər bir anlamda çox geniş anlayışdır: “”Prodüser” sözünün özü bir neçə beynəlxalq təsnifata malikdir, bu fiziki şəxs də ola bilər, inzibati şəxs də, bir də yaradıcı prodüserlər var və bu çox gərəkli peşənin peşəkarlarının bizim televiziya və kinomuzda olmaması ciddi fəsadlara səbəb olur. İcraçı prodüserlərin varlığı və fəaliyyəti sarıdan isə vəziyyətimiz bir qədər yaxşıdır. Niyə bir qədər, çünki kino istehsalının fəaliyyətsiz qaldığı hər dəqiqə kino sənayesinə ciddi zərbədir… Prodüser həmkarlarıma tövsiyəm budur ki, yaxın adamları ilə heç bir layihənin gerçəkləşdirilməsinə başlamasınlar, sadəcə ona görə ki, hər hansı səhv və ya uğursuzluq baş verərsə kənar, yad adamla əməkdaşlığa son qoymaq daha asandır”.

İradə xanımın fikrincə, prodüserlik vəzifəsini boynuna götürmüş şəxs kino layihəsinin uğur gətirmək cəhətlərini ilk mərhələdə qiymətləndirməyi bacarmalıdır: “Bu və ya digər filmin prodüserinin konkret suala konkret cavabı olmalıdır: bu filmi kino sənətinin inkişafı naminə çəkirəm, yoxsa cəmiyyətin müəyyən tələblərinə cavab vermək üçün? Daha sonra isə ideya, perspektiv mərhələləri gəlir…”
Azərbaycanda bu gün prodüser kinosunun inkişafına imkan və şəraitin olub-olmaması, yaxud hansı səviyyədə olmasına münasibət bildirərkən
İ.Bağırzadə imkan və şəraitin həmişə olduğunu, bunu yalnız vaxtında və yerində dəyərləndirməyin vacibliyini deyir və haşiyəyə çıxıb vurğulayır ki, kinonun tamamilə dövlət tərəfindən maliyyələşdirilməsi nəinki prodüser kinosunun, ümumilikdə kino sənətinin, kino sənayesinin inkişafına yol aça bilməz.

Və onu da qeyd edir ki, prodüser kinosunun inkişafı üçün zəruri amil olaraq münbit meydan mütləqdir: “Münbit meydandan o zaman danışmaq olar ki, kino sənayesində dövlət maliyyəsinə təqdim edilən layihələr və studiyalar arasında sağlam rəqabət bərqərar olsun. Buna nail olmaqdan ötrü isə şəffaflığı təmin edən prinsipial ekspertlər şurası fəaliyyət göstərməlidir. Və belə iş prinsipi artıq çoxdan bir çox ölkələrdə yaxşı nəticələr verməkdədir. Son illərin kinolayihələrini qiymətləndirən ekspertlər şurasının tərkibində hörmətli şəxslər olsa da, yekun nəticələr suallar doğurub. Və bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm”.
Müştərək prodüser filmlərinin sayca çox az olması məsələsinə toxunan İradə Bağırzadə belə filmlərin daha çox özəl şirkətlərin istehsalı olduğunu qeyd edir və əlavə edir ki, həmin filmlər az büdcəli kateqoriyasına aid edilsələr də, əslində tamamilə büdcəsiz olaraq ərsəyə gəlirlər: “Həmin filmlər hətta mötəbər festivallarda iştirak etmək imkanı qazana bilirlər, lakin sonrakı sabit maddi dayaq olmadığına görə uzunmüddətli uğur maneələrə dirənir. Bizdə özəl kinosektorun əsas maraq dairəsinin komediyalar olması kinomanlar tərəfindən birmənalı qarşılanmayan mətləbdir. Bunun izahı çox sadədir. Belə bir mif mövcuddur ki, komediyalar yaşından və təbəqəsindən asılı olmayaraq çox geniş tamaşaçı dairəsini əhatə edə bilir, bu isə nəinki sərf olunan maliyyəni qaytarmağa, həm də əlavə qazanc götürməyə imkan verir. Əlbəttə, bu mifdə həqiqət var, amma əgər müvafiq, zəruri mexanizm, yəni normal kino yayımı şəbəkəsi  mövcuddursa. Hətta bir müddət biz müşahidə etdik ki, dövlət büdcəsindən maliyyələşən kinolayihələr də komediyalara üstünlük verdilər. Amma istər özəl, istərsə dövlət sektoru bu sahədə ona görə arzuolunan nailiyyət qazanmır ki, sağlam rəqabət, kino bazarı, “prokat” işi yox dərəcəsindədir”.
Müəllif filmlərinin əksəriyyətinin özəl sektorun payına düşməsi bu sektorun inkişafının ciddi münasibət tələb etdiyini qaçılmaz edir.
Prodüser və büdcə kimi həssas məsələyə gəlib çatarkən İ. Bağırzadə bunları qeyd edir: “Prodüserin çox varlı adam olması və filmin taleyinin yalnız onun istək və zövqündən asılılığı kimi stereotip təsəvvürün səbəbi təsadüfi şəxslərin varlığı ilə əlaqəlidir və gerçəkliyə o qədər də uyğun deyil. Eləcə də baş prodüser söz birləşməsi də yanlış təyinatdır – sadəcə prodüser var və o işinin peşəkarı olmalıdır, kinonun bütün incəliklərindən də mütləq başı çıxmalıdır. Bununla belə maliyyə və prodüser sinonim anlayışlardır. İstənilən sahədə olduğu kimi kinoprodüser sahəsində də əsas yanaşma məsuliyyət, peşəkarlıq və işinə qəlbən bağlılıq olarsa, inkişaf özünü çox gözlətməz. Buna nail olmaqdan ötrü isə mütləq prodüser məktəbləri yaradılmalıdır. Bu sahə elm səviyyəsində aşılanmasa, biz müsbət dəyişikliklərə ümid edə bilmərik…”
Söhbət əsnasında İ.Bağırzadə kino rəssamlığı sahəsində də nəsil yenilənməsinin hələ də baş vermədiyini təəssüflə qeyd edərək bildirir ki, islahatlar radikal xarakter daşımadan yeni kadrların hazırlanması və özünü doğrultmuş ənənələrin qorunması şəraitində baş verməlidir…

Müsahibənin audio versiyasını burdan dinləyə bilərsiniz: https://aki.az/irada-bagirzade/

aki.az