Oktyabrın 7-də “Azərbaycan” CineMastercard-da “İsveç Film Günləri”nin açılışı tutub. Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə İsveç Krallığının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən nümayişlərdə, oktyabr ərzində dörd film nümayiş olunacaq:

“Bu, Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Səfirliyi ilə birgə artıq üçüncü tədbiridir. İlk tədbirdə dünya kinosunun klassiklərindən biri, İnqmar Berqmanın dörd filmi göstərildi. Xoş idi ki, hər filmin nümayişində zal dolu olurdu və tamaşaçılar müzakirələrdə fəal iştirak edirdi. İkinci dəfə müasir İsveç kinosunun nümayəndələrinin filmləri təqdim olundu. İsveç Səfirliyinə, Kinematoqrafçılar İttifaqına təşəkkür edirik ki, bu nümayişlər sayəsində Sanna Lenken, Tarik Saleh kimi maraqlı müəllifləri tanıdıq. Bu dəfə də sizə müasir İsveç filmləri təqdim ediləcək. Hətta bu gün baxacağınız Frida Kempfin “İsveç torpedosu” filmi özünün hələ festival ömrünü yaşayır”. Daha sonra, moderator səhnəyə İsveçin ölkəmizdəki səfiri Tobias Lorentzsonu və AKİ-nin katibi, rejissor Oleq Səfərəliyevi dəvət etdi.
Oleq Səfərliyev, uzun tətildən sonra nümayişlərin yenidən başlanmasına şad olduğunu dedi:
“Bu gün “İsveç film günləri”nin açılışını edirik. İlk növbədə, İsveçin ölkəmizdəki Səfirinə minnətdarlığımızı bildiririk ki, gözəl, möhtəşəm filmlərə baxa biləcəyik. Maraqlı filmlərdir və ümidvaram ki, bizim tamaşaçılar yenə də gəlib baxacaqlar, aktiv iştirak edəcəklər”.

Tobias Lorentzson, çıxışına Oleq Səfərliyevə və Kinematoqrafçılar İttifaqına təşəkkürlə başladı: “Əziz dostlar, kino həvəskarları! Sizi üçüncü “İsveç film günləri”ndə salamlamaqdan məmnunam. Səfirlik olaraq, bizim üçün çox xoşdur ki, biz bu əməkdaşlığa 2022-ci ildə başlamışıq. O zaman biz, İnqmar Berqmanın klassik filmlərini göstərdik. Sonra bizim əməkdaşlığımız 2023-cü ildə davam etdi. Hal-hazırda 2025-ci ildə yenidən sizinləyik. Berqmanın filmlərini göstərməklə, biz mədəni əlaqələrimizi möhkəmləndirməyə başladıq və 2023-cü ildə isə “İsveç film günləri”nin ikinci mərhələsində artıq müasir İsveç kinosunu tamaşaçılara təqdim etdik. İndi, 2025-ci ildə, əməkdaşlığımızın növbəti mərhələsində sizə İsveç təhkiyəsinin, İsveç kino dilinin zənginliyini, yaradıcılığını və mövzu müxtəlifliyini çatdırırıq. Bu ay, hər həftənin ikinci günü “Azərbaycan” kinoteatrında seçilmiş dörd film göstərəcəyik və hər birini Azərbaycan dilində subtitrlə izləyə biləcəksiniz. Bu gün, bildiyiniz kimi, Frida Kempfin “İsveç torpedosu” filminə baxacaqsınız. Növbəti həftələrdə Per Flünün “Hammarşöld”, Viktor Danelin “UFO İsveç” və Yens Syöqrenin “Mən Zlatanam” filmləri nümayiş olunacaq.


Hər film özlüyündə müxtəlif janrlar, mövzular və kinematoqrafik yanaşmanı əks etdirir. Burada siz gənclərin perspektivindən tutmuş, sosial mövzulu dram və komediya filmlərini görə bilərsiniz. Bizim məqsədimiz, İsveç təhkiyəçiliyini və mövzu müxtəlifliyini sizə çatdırmaqdır. Mən həqiqətən də inanıram ki, kino mədəniyyətlər arasında çox böyük bir körpü rolunu oynaya bilər və əslində bu, bizə icazə verir ki, emosiyaları, fərqli perspektivləri sərhədlərdən o tərəfə keçirməyi bacaraq. Ona görə də çox ümid edirəm ki, bu nümayişlər Azərbaycan və İsveç arasındakı mədəni əlaqələri daha da dərinləşdirəcək və bizim mənalı dialoqlar qurmağımıza yol açacaq. Bu missiyanın reallaşmasında Azərbaycan Kinematoqrafçılar İttifaqına davamlı dəstəyinə görə təşəkkür edirəm. Burada hər birinizə bizimlə olduğunuza görə səmimi minnətdarlığımı bildirirəm”.
Filmin nümayişindən sonra müzakirə başladı. Moderator öncə, filmin qəhrəmanı, üzgüçü Salli Bauer haqda məlumat verdi:
“Salli Bauer La-Manş boğazına üzən ilk skandinaviyalı qadın olub. O, birinci dəfə La-Manşı 1930-cu illərdə, ikinci dəfə isə 1951-ci ildə keçib. Amma ilk dəfə boğazı, əslən alman olan, amerikalı Gertruda Ederle 1926-cı ildə keçib. Maraqlıdır ki, Salli Bauer İsveçdə çox tanınmır. Düzdür, adına İsveçdə məktəb var, medal təsis olunub. Bununla belə o, daha çox Sara Stridsberq “Xoşbəxt Salli” kitabından sonra tanınıb. Həmçinin, rejissor Frida Kempf onun haqqında ilk dəfə bu kitabda oxuyub və ondan sonra film çəkmək qərarına gəlib. Kempf ssenari üzərində 8 ilə yaxın işləyib. Filmdə hadisələr 1930-cu illərin sonunda baş verir və biz bu ekran əsərində Sallinin oğlunu da görürük. Amma məsələ ondadır ki, Salli Bauerin oğlu əslində 1945-ci ildə dünyaya gəlib. Çünki rejissorun əsas motivi onun oğlu ilə olan hekayəsidir. Məqsəd bioqrafik, idman filmi yox, ailə dramı çəkmək idi. Təsəvvür edin, 1930-cu illər, İsveç kimi sərt dini qaydaların olduğu ölkədə bir qadın nikahdan kənar uşaq dünyaya gətirib, ailəsi ona qarşı gedir, dəstəkləmir, onun maddi resursları yoxdur. Və rejissor qəhrəmanını çıxılmaz, mürəkkəb situasiyalara salır ki, o, necə bir seçim edəcək, vəziyyətdən necə çıxacaq. Bu hekayə ilə müəllif o fikri ötürür ki, öz gücünüzə inanın, heç kəsə “bu mümkün deyil” deməsinə imkan verməyin. “İsveç torpedosu” universal, aktual hekayədir. Qadınlar dünyanın müxtəlif ölkələrində hələ də oxşar problemlərlə üzləşirlər. Frida Kempf bəzi müasir Avropa qadın rejissorları kimi konyunkturaya hesablanmış qadın filmi yox, səmimi, onun özünün də ağrılarını ifadə edən film çəkib”.
Kinoşünas Sədaqət Kamal bu filmin qadınlar üçün həqiqətən böyük motivasiya olduğunu qeyd etdi:
“Bu filmə baxanda özümü balıq suda olan kimi hiss etdim. Sanki üçölçülü (3D) filmi idi, çox canlı idi. Hər bir detal məqsədə xidmət edir, hər bir detal nəsə danışır. Əlavə şeylər yoxdur. Filmə baxanda hiss etdim ki, burada ancaq üzgüçünün həyatı verilməyib, bədiilik də var. Mənim yadıma Heminqueyin “Qoca və dəniz”i düşdü. Burada həmin obrazlar – insan, dəniz və uşaq xüsusilə vurğulanırdı. Ola bilməz ki, rejissor ondan motivasiya almasın. “İnsanı yaşamağa çağıran, həyat eşqi ilə dolu filmdir”.

Moderator, aktrisa Yozefin Neldenin Sara Bauer roluna hazırlığı haqda danışdı:
“Aktrisa əvvəllər üzgüçülüklə məşğul olmayıb. Rola hazırlıq məqsədilə il yarım məşq edib, okeanda təhlükəli şəraitdə üzüb, üzgüçülüyün metodlarını öyrənib. Rejissor onu elə bir vəziyyətə salıb ki, aktrisa soyuğu, çətinliyi, aclığı hiss etsin. Yəni o, bu obrazı eyni zamanda emosional və fiziki planda oynayıb. Kastinq zamanı 50 aktrisa sınaqdan keçib, yalnız Neldenin interpretasiyasını bəyəniblər. Çəkilişlərin 90 faizi okeanda, 10 faizi hovuzda olub. Həmçinin, Estoniyada çəkilişlər edilib, səbəb o idi ki, orda köhnə evlər bərpa edilməyiblər və 1930-cu illər İsveçinə bənzəyir”.
Tamaşaçı, jurnalist Elgiz Nəbili AKİ-yə və İsveç Səfirliyinə bu nümayişlərə görə təşəkkür etdi: “İndi ağlıma bir fikir gəldi. AKİ-nin keçirdiyi Polşa, Fransa, İsveç film nümayişlərinin hamısında iştirak etmişəm. Amma heç bir filmdə bu ağlıma gəlməyib. Məmnuniyyətlə bu rolu oynayan aktrisanın əlini sıxardım, onun təsirli, möhtəşəm ifası vardı. Ümid edirəm, gələcəkdə imkan olar bu adamlarla görüşək”.

Ssenarist Sara Hüseynova belə bir filmin nümayişinə görə təşəkkür etdi: “Bu obrazı çox bəyəndim. Yazdığım ssenaridə obrazımla onun arasında bənzərlik gördüm. Baxmayaraq, film avtobioqrafikdir, amma hekayəsi universaldır. Uşaqdan ayrılan səhnəni mən də yaşamışam. İş dalınca gedəndə qızım məni qucaqlayıb buraxmırdı. Metaforlardan, xüsusilə sudan çox istifadə olunub, xəstəxanada, vannada və s. Anası ilə dalaşan anda birdən suyu açır, qəhrəmanın ailəsilə arasına dəniz girir. Müəlliflər burada hekayənin ideyasını qoyur: mən üzmək istəyirəm, ailəm qarşıdır və eşidilmək istəyirəm. Məncə, filmin böyük uğurlarından biri, ssenarinin rejissorla birlikdə işlənməsidir”.

Daha sonra, Frida Kempf haqda məlumat verən moderator dedi ki, o, televiziyada fəaliyyət göstərib və sənədli filmlər çəkib:
“Onun qısametrajlı “Mikki Badar” filmi 2010-cu ildə Kann festivalında jürinin prizini alıb. 2021-ci ildə Sandens festivalında nümayiş olunan ilk tammetrajlı “Səs” filmi psixi travmalardan müalicə alan, həyatına yeni başlayan qadının həyatı haqdadır. Bu filmdə rejissor sosial problemləri qorxu janrının elementləri ilə göstərir. Həyatının çətin dönəmini yaşayan qadın, cəmiyyətdə baş verən neqativlərə laqeyd qala bilmir, amma onun ətrafındakı kişilər onun reaksiyasını isterika kimi qəbul edirlər. Halbuki, onlar öz gördükləri həqiqətləri, ağrılarını səsləndirirlər. Film İsveçin tanınmış yazıçılarından biri Yuhan Teorinin əsəri əsasında çəkilib”.
Qeyd edək ki, növbəti “Hammarşöld” (rejissor: Per Flü) bədii filmi oktyabrın 14-də nümayiş olunacaq.
aki.az

