Kənan Məmmədov - 75

Azərbaycan kinosunun qaynar dövründə önəmli sənət nümunələrinə quruluşçu operator olaraq imza atan, onlarla rejissorlarla, yüzlərlə aktyorlarla yaradıcı əməkdaşlıq edən, təsvir rejissoru(quruluşçu kinooperator), Əməkdar incəsənət xadimi Kənan Məmmədovun ad günüdür, 75 yaşı tamam olur.

“Ömrüm kinoya bağlı olduğu üçün, həyatım sanki filmdən filmə keçdi. Bir film bitmədən növbəti filmin çəkilişinə başlayırdım və hər film də 7-8 aya başa gəlirdi, hətta bir ilə çəkilən filmlər də olub. Və beləliklə də xəbərim olmadan illər keçirdi” deyən K.Məmmədov 9 oktyabr 1946-cı ildə Bakıda anadan olub.

Onun kinooperator sənətinə olan marağı heç də təsadüfən yaranmayıb. Kinooperator Xan Babayevlə İçərişəhərdə qonşu olduğu illərdə fotoya həvəs göstərib. Xan Babayev bu gəncin fotoya həvəsini görüncə onda operator sənətinə maraq aşılayıb.

1971-ci ildə Azərbaycan Politexnik İnstitutunda təhsil alan Kənan Məmmədov,  sonra sənədlərini Moskvaya göndərir.

1971-1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsində – A.Qalperinin emalatxanasında təhsil alır.

O, bir müddət Neft Sənayesi Nazirliyinin fotolaboratoriyasında çalıdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərdə təsvir rejissoru(quruluşçu kinooperator) kimi fəaliyyətə başlayıb.

1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, onlarla tələbə yetişdirib.

Kənan Məmmədov sənət sirlərindən danışarkən onu da xüsusilə vurğulayıb ki, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsil aldığım illərdə SSRİ miqyasında tanınan pedaqoqlardan biri olan Qalperinin kino ilə bağlı maraqlı fikirlərinə heyran qalırdım: “Ciddi, eyni zamada şən əhval-ruhiyyəli olan Qalperin hər zaman deyirdi ki, önəmli olan kinoda yaşamaqdır. Yəni, kino çəkmək bir yana, kinematoqrafiyada yaşamaq-kollektivlə, yaradıcılarla, düzgün münasibətlər qurmaq tamam başqa bir şeydir və bu hər kəsə nəsib olmur. Qalperin bu fikri mənim həyat kredom oldu və bu illər ərzində çalışdım ki, hamı ilə düzgün münasibətlər qurum. Yəqin ki, bunun nəticədir ki, bu illər ərzində eyni həvəslə, eyni enerjiylə çalışıram”.

O, ilk dəfə 1976-cı ildə Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında quruluş verdiyi “Ad günü” filmində ikinci operator kimi fəaliyyətə başlayıb. Sonralar bir müddət sənədli filmlərin çəkilişləri ilə məşğul olsa da, 1978-ci ildən etibarən bədii filmlərin çəkilişlərində iştirak edib. Eyni ildə Tofiq Tağızadə ilə birlikdə İsi Məlikzadənin ssenarisi əsasında “Evdə kişi var” filmini çəkib ki, bu da onun quruluşçu operator kimi bədii kinoda ilk işi olub.

Ümumiyyətlə onun boş keçən illəri olmayıb, hətta ən çətin illərdə belə filmsiz qalmayıb. Özünün dediyi kimi, 90-cı illərdə kino demək olar ki, dayanmışdı, ancaq K.Məmmədov işləyirdi. 1992-ci ildə “Təhminə”, 1993-cü ildə “Fəryad”ı çəkib.

Təsvir rejissoru deyir ki, ən dəyərli sənət nümunələri ən çətin günlərdə yaranır: “Təsəvvür edin ki, 90-cı illərdə belə bir sınaqla üz-üzə qaldıq. Doğrudur, bizdən asılı olmayan səbəblərə görə bəzi filmlər dayandı, ancaq onların çəkilişlərində böyük güc sərf etdik. 1998-ci ildə isə artıq Rasim Ocaqovla “Otel otağı” filminə başladıq və ondan sonrakı illər də yenə də hər ilin öz filmləri oldu. Sonra Oqtay Mirqasımovla “Ovsunçu” filmini çəkdik, daha sonra Nicat Feyzullayevlə “Küçələrə su səpmişəm” filmini, sonra “Məhkumlar, “Qala”, “İstanbul reysi” və s. filmləri çəkdik”.

Kənan Məmmədovun fərqli düşüncədə olan rejissorlarımızla müxtəlif janrda çəkdiyi filmlər (“Qızıl uçurum”(1980), “Bağlı qapı”(1981), “Köhnə bərə”(1984), “Qara gölün cəngavərləri”(1984), “Qanlı zəmi”(1985), “Xüsusi vəziyyət”(1986), “Özgə ömür”(1987), “Doğma sahillər”(1989), “Qətldən yeddi gün sonra”(1991), “Məhkumlar”(2007), “Axırıncı dayanacaq”(2014) və s.) tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, daima baxılır.

Sevdiyi sənətlə məşğul olduğu üçün özünü xoşbəxt hiss edən Kənan müəllim deyir ki, məslək seçimi, seçdiyin peşəyə düzgün münasibət bəsləmək böyük nailiyyətdir. Kamera arxasında olmaq, film çəkmək, yeni sənət nümunəsiylə tarixə düşmək, bu, böyük şans, böyük uğurdur.

Onu da qeyd edir ki, kinooperator sənəti spesifik, konkret sənətdir. Məsələ bundadır ki, onun sənəti göz qabağında olur. Operatorun işi ondan ibarətdir ki, rejissorun ideyasını, onun gördüyü ssenarini tamaşaçıya çatdıra bilsin.

Zaman keçdikcə, kinonu dərindən öyrəndikcə, ustadların təcrübəsindən yararlandıqca operatorun qəlbinə bir hiss hakim kəsilib: “Öz-özümə dedim ki, bəsdir də operatorluq etdin, bir qədər dəyişiklik et, rejissorluğa başla. Ancaq sonra düşündüm ki, mən özümü tamaşaçıya təsvir vasitəsilə təqdim edirəm, həyata olan münasibətimi təsvirlə göstərirəmsə bu kifayət edər. Önəmli olan seçdiyin peşəyə sadiq qalmaqdır. Nə qədər ki, fiziki, mənəvi baxımdan imkan var, bu işlə məşğul oluram”.

Xoşbəxtliyin əsas sirrini peşə sevgisində görən dəyərli kinooperatorumuz Kənan Məmmədovu Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından 75 illik yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, bitib-tükənməyən yaradıcılıq enerjisi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

X.Qiyas