Kamil Məhərrəmov - 80

“Yol əhvalatı”nda Paşa, “Evlənmək istəyirəm”də Hüseyn, “Dərviş Parisi partladır”da Qəmbər, “Qaynana”da alverçi, “Qızıl uçurum”da Qüdrət, “Bir cənub şəhərində” məhəllə sakini, “Üzeyir ömrü”ndə Mirzə Muxtar və s. filmlərdə oynadığı epizodik və xarakterik obrazlarla tamaşaçı sevgisini qazanan, teatr və kino aktyoru Kamil Məhərrəmovun doğulduğu gündür, 80 yaşı tamam olur.

K.Məhərrəmov 9 may 1941-ci ildə Şamaxıda dünyaya gəlib.

1960-1963-cü illərdə Bakı Energetika Texnikumunda, 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakultəsində təhsil alıb. Orta məktəb illərindən Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Onun sənətə olan marağı Lütfi Məmmədbəyovun diqqətindən yayınmır. Aktyor olmaq, kinoya çəkilmək istəyi o qədər güclü olub ki, Energetika Texnikumuna daxil olmasına baxmayaraq, sonrakı proseslərdə sənədlərini hazırlayıb o vaxtkı İncəsənət İnstitutuna verir və beləliklə də ömrünü sənətə bağlayır.

Xalq artisti Hacı İsmayılov Kamil Məhərrəmovu ilk dəfə Lütfi Məmmədbəyovun dram dərnəyində gördüyünü bildirib: “Onda sənətə böyük maraq var idi. Hər gün dərsdən çıxıb dərnəyə gələr, özü oynamadığı tamaşaların belə məşqlərinə baxırdı. Lütfi müəllim də onun istedadını çox bəyənirdi. Amma bir gün eşitdik ki, Kamil Energetika Texnikumuna daxil olub. Tale elə gətirdi ki, sənətə hədsiz sevgisi olduğundan o, yenə də aktyorluğu seçməli oldu. Xasiyyətcə həlim və çox mehriban insan idi”.

K.Məhərrəmov “Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində maraqlı obrazlar yaradıb.

1976-cı ildə Kamil Rüstəmbəyov Şamil Mahmudbəyovla birgə “Dərviş Parisi partladır” filmini çəkir. Filmdəki hadisələr XVIII əsrin ikinci yarısında Qarabağda cərəyan edir. Fransız alimi Müsyo Jordan mülkədar Hətəmxan ağanın qonağı olur. Filmdə Azərbaycanda hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Aktyor “Dərviş Parisi partladır” filmində Qəmbər obrazını oynayıb. Hətəmxan ağaya xidmət edən Qəmbərin Firəngistandan gəlmiş nəbatat alim müsyö Jordanla bitkilərin adları ilə bağlı olan mübahisəsi filmin ən maraqlı, eyni zamanda yaddaqalan səhnələrindəndir.

1980-ci ildə Asim Cəlilovun ssenarisi əsasında rejissor Teymur Bəkirzadənin çəkdiyi “Yol əhvalatı” filmi şən və xeyirxah sürücü, gənc Mustafanın gözəl Zümrüdlə evlənmək arzusu üzərində qurulub. Filmdə iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası diqqətə çəkilir. Kamil Məhərrəmov Paşa obrazında əliəyri qrupun içində maraqlı ifası ilə yadda qalır.

Onun “Mən mahnı qoşuram” filmindəki Höcəti, “Evlənmək istəyirəm”dəki Hüseyni, eləcə də “Axırıncı aşırım”, “Anlamaq istəyirəm”, “Arvadım mənim, uşaqlarım mənim”, “Avqust gələndə”, “Bəyin oğurlanması”, “Bizi bağışlayın”, “Cansıxıcı əhvalat”, “Gözlə məni”, “Gümüşü furqon”, “Qara gölün cəngavərləri”, “Qəzəlxan”, “Qızıl uçurum”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Ömrün ilk saatı”, “Şir evdən getdi”, “Telefon macəraları”, “Təxribat”, “Üzeyir ömrü”, “Üzü küləyə”  və s. filmlərdə oynadığı rollar xarakterik olduğu qədər də təbiiliyilə seçilir.

Aktyor eyni zamanda “Mozalan” süjetlərinə də çəkilib. “Mozalan” satirik kino-jurnalında yaratdığı komik personajlar tamaşaçı yaddaşından silinmir, bu personajların dilindən səslənən bir çox ifadələr kinosevərlər arasında bir növ zərb-məsələ çevrilib. Onunla “Mozalan”da uzun illər çalışan, eni zamanda “Evlənmək istəyirəm” filmində tərəfmüqabil olan Xalq artisti Şamil Süleymanov  deyir ki, Kamil Məhərrəmovun adı gələndə üzlərdə təbəssüm, eyni zamanda, bir nisgil görürəm, çünki onun həyatı o qədər də asan olmayıb: “Onu sənətə böyük sevgisi gətirmişdi. İncəsənət İnstitutunu bitirəndən sonra onu təyinatla Sumqayıt teatrına göndərmişdilər. “Mozalan”ın kollektivində ən şən insanlardan biri idi. Kollektivimizin belə bir ənənəsi var idi. Kiminsə ad günü, yaxud xeyir işi olanda ayrıca dəvətnamə paylanılmazdı. Sadəcə otağın qapısında bir elan vurardıq: “Filan gün filankəsin toyu, yaxud ad günüdür. Hamınız dəvətlisiniz”. O, kollektivdən gedəndən sonra da xəbər tutduğu zaman belə xeyir işlərdə iştirak edərdi. Deyirdi ki, nə olsun, işdən ayrılmışam, bilirəm ki, yenə qapıya ümumi dəvət asırsınız. Dostluqda çox sədaqətli idi”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Fərəcov Kamil Məhərrəmovu filmində çəkib.

Cəmil müəllim deyir ki, 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxı  ekranlaşdırılırdı: “Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarət idi və Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilirdi. Film-novella, rejissor işi Nicat Feyzullayeva  aid olan “Toy”, Ziyafət Abbasovun çəkdiyi “Bağçada rahat yer” və mənim quruluş verdiyim “Arvadım mənim, uşaqlarım mənim” filmlərindən ibarət idi. Mənim filmim kənddə yaşayan böyük bir ailə haqqındadır. Ailədə 11 uşaq böyüyür. Fazil rolunda çəkdiyim Kamil Məhərrəmov bostançı, Güldəstə rolunda çəkilən Gülşən Qurbanova isə evdar qadındır. Və günlərin birində Güldəstəyə çoxuşaqlı ana olduğuna görə-11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur. Və bundan sonra hadisələr cərəyan etməyə başlayır. Filmdəki əsas xətt sevgi üzərində qurulub. Məhz sevgi ailəni dağılmaqdan xilas edə bilər, düşüncəsi ortaya atılır ki, bu da qəhrəmanların ifasında çox təbii verilir. Filmin çəkilişlərini İsmayıllıda lentə aldıq. Çox gözəl yaradıcı heyət və yüksək əhval-ruhiyyəli atmosfer var idi ki, bunda da Kamil Məhərrəmovun rolu böyük idi. Çox səmimi, gülərüz, işinə böyük sevgiylə yanaşan biri idi. Onun aktyor kimi improvizələri xüsusuilə seçilirdi. Çünki yerinə görə obraza əlavələr edirdi ki, bu da təbii alınırdı. Ümumiyyətlə aktyor kimi təbii ifa nümayiş etdirmək bacarığına malik idi. Onunla qısa müddətdə tanış olduq, çox gözəl münasibətlər qurduq. Başqa filmlərdə qarşılaşmasaq da, harda bir-birimizi görürdüksə bu səmimiyyəti qoruyub saxladıq. Kamil Məhərrəmov yaddaşımda yüksək əhval-ruhiyyəli insan kimi qalıb”.

Aktyor sənətində səmimilik, təbiilik çox vacibdir, çünki bu xüsusiyyətlər obrazların dolğun alınmasında xüsusi rol oynayır. K.Məhərrəmov da aktyor kimi səmimiliyi, təbii ifası ilə tanınırdı, sevilirdi.

Həyatı sevən, sənəti sevən, dostluğa böyük önəm verən epizodik rolların mahir ifaçısı Kamil Məhərrəmovu 80 yaşında böyük ehtiramla yad edirik!

aki.az