“Kinematoqrafçının kitabxanası” seriyasından - “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap edilmiş “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab III hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.

Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.

“Filmin estetikası” hissəsi film estetikasında həlledici rolu olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən  Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.

Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.

Yeni çıxan kitabın dərslik vəsaiti kimi əhəmiyyəti yüksəkdir. AKİ gənc kinematoqrafçıların dərslik və peşə ədəbiyyatı təminatını ittifaqın fəaliyyətinin vacib aspekti sayır.

“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovdur. Redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyeva, korrektoru Flora Əliyeva, tərtibatçı İsmayıl Süleymanlı, dizayneri Ramin Həsənəlizadədir. Kitab “Parlaq imzalar” nəşriyyatı ilə əməkdaşlıq nəticəsində nəşr olunub.

aki.az