Kino Evində “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının təqdimatı keçirildi
Oktyabrın 25-də kinoşünas Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının təqdimatı keçirildi.
Kinematoqrafçıların, yazıçıların və tələbələrin iştirak etdiyi təqdimat mərasimi Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində təşkil olunmuşdu.
Təqdimatı açıq elan edən rejissor Əli İsa Cabbarov, müəllif və onun qələmə aldığı “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabı haqqında ümumi məlumat verdikdən sonra sözü müəllifə verdi.
Sevda Sultanova kitabın yazılma prosesindən tutmuş, əhatə etdiyi filmlərdən, ekranlaşdırmanın xüsusiyyətlərindən danışdı və sonra qonaqları maraqlandıran suallara cavablandırdı.
Müəllif, “Bəzi hallarda güclü ədəbi əsərlər ekranlaşdırılarkən əsər uduzur və nə qədər qəribə də olsa zəif bədii əsərlər əsasında bir sıra şedevr filmlər var” fikrini səsləndirdi.
Tədbirdə çıxış edən professor Qulu Məhərrəmli müəllifi təbrik edib Azərbaycan kinosunda ədəbi əsərlərin ekranlaşdırlmasına çox rast gəldiyini, növbəti nəşrlərdə buna daha geniş yer verməyin arzuolunan olduğunu dedi. Aparıcının “Ekranlaşdırılması arzu edilən əsərlərdən hansını xatırlayırsız?” sualına o, İsmayıl Şıxlının “Ölüləri qəbirstanlıqda basdırın” romanını xatırlayıb “həmin romanı “Dəli kür” romanından da üstün sayıram” dedi.
Yazar Əli Novruzov isə ekranlaşdırılması arzulanan əsərlərdən Y.V. Çəmənzəminlinin əsərlərini yada saldı. Aparıcı Əli bəyin sözünü dəstəkləyərək “Çəmənzəminli kinoya ilk olaraq gəlməli ədiblərimizdəndir” dedi.
“Dəli kür” əsəri ətrafında gedən müzakirə zamanı diskusiyaya qatılan əməkdar İncəsənət xadimi Ziya Şıxlinski romanın ilk oxucularından biri olduğunu dedi. O, ədəbi əsərlərin ekranlaşdırılması və filmlərin keyfiyyətini müzakirə edəndə obyektivlik üçün ssenari ilə də tanış olmağın vacib olduğunu söylədi. Filmin zəif alınmasına ədəbi əsərin ssenariləşməsi mərhələsində də zəmin yaradılır.
S.Sultanova dünya şöhrətli kino eksperti Sild Filin ekranlaşdırma ilə bağlı fikirlərindən misal gətirdi: Ekranlaşdırma müəllifi romanda olan bir neçə xəttdən birini ana xətt olaraq seçməli, ssenarinin əsas xəttinə çevirməlidi. Bir çox ekranlaşdırılmış filmlərin zəif alınmasının əsas səbəbi, məhz bu ana xəttin düzgün seçilməməsidir.
Yeri gəlmişkən, “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabı, müəllifin “Ədəbiyyat” qəzetində gedən eyniadlı layihəsi əsasında gerçəkləşdirilib. Kitabda ekranlaşdırılan əsərlərin film versiyası üzərində müqayisəli, analitikv təhlili aparılıb. Eyni zamanda kitabda dünya kino nümunələri ilə yanaşı, Azərbaycan filmlərinə də yer verilib.
“Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının ideya müəllifi filologiya üzrə fəlsəfə doktoruAzər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı