Kino Evində “Züleyxa ilə dialoqlar” sənədli filminin təqdimatı olacaq
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Rəşid Ağamalıyevin quruluşunda “Züleyxa ilə dialoqlar” sənədli filminin təqdimat mərasimi baş tutacaq.
Qeyd edək ki, film Türkiyədə fəaliyyət göstərən, tanınmış musiqi terapevti Züleyxa Abdullayevaya həsr olunub və filmdə onun musiqi vasitəsilə fiziki, ruhi ağrıları necə müalicə etdiyindən, eyni zamanda Hindistan və Çexiyadan müalicə etdiyi xəstələrin həyatından bəhs edir.
Filmin rejissoru Rəşid Ağamalıyev bildirir ki, Kino Evində baş tutacaq filmin nümayişindən sonra tamaşaçılar Züleyxa Abdullayevanın rəhbərliyi ilə xüsusi bir musiqi terapiyası seansını da yaşaya biləcəklər.
Yeri gəlmişkən, Rəşid Ağamalıyev 2007-2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin lologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyni adlı universitetində təhsil alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirib. “Bayatı Şiraz” (2014) bədii klipinin, “Aşıq Qərib. Azərbaycanın məhəbbət dastanı” (2014) sənədli filminin və “Tar dərsləri” (2015-2017) maarifləndirici videolarının müəllifdir. 2018-ci ildə yaradılmış ilk Bakı Beynəlxalq Animasiya Festivalı ANİMAFİLM-in təsisçi və direktorudur.
Onu da qeyd edək ki, R.Ağamalıyev haqqında film çəkdiyi Züleyxa Abdullayevanın xəstəsi olub: “Filmin mövzusu 2016-cı ildə başıma gələn hadisəyə əsaslanır. Ağır əməliyyatdan sonra Praqa xəstəxanasında (Çexiya Respublikası) ağır vəziyyətdə yatırdım, Züleyxa mənim üçün pianoda bir musiqi ifa etdi. Onu da qeyd edim ki. Züleyxa Səlcuqda (Türkiyə) yaşadığından, bizim musiqi seansları onlayn rejimində keçirdi.
Bu xəstəlikdən sağaldıqdan sonra, biz, nəhayət, Bakıda görüşdük və mən onunla çox uzun müsahibə götürməklə, Züleyxa xanımın iş üsulunu öyrənməyə çalışdım və anladım ki, onun haqqında film çəkmək istəyirəm”.
Rejissor məsələyə poetik yanaşıb, o, auditoriyanı musiqi terapiyası haqqında elmi faktlarla inandırmağa çalışmayıb: “Filmdə əsas diqqət Züleyxa xanımın yaratdığı musiqi atmosferinə, bu ab-havanın necə qəbul olunduğuna yönəlib. Fransız rejissorları Vinsent Munun və Stefan Talounun filmlərindən ilhamlanmışdım. Vinsent Munun üslubu nəqli yanaşma ilə deyil, musiqinin özünün yaratdığı ab-hava ilə müəyyənləşir. Atmosferlə oyun – filmin üslubunun çalınan musiqi ilə birləşməsi deməkdir. Bu, kino istehsalçısı (film) ilə ekrandan səslənən musiqinin vəhdət təşkil edib, bir tam yaratmasıdır. Stefan Talounun (SAZ Film) üslubunun təsiri isə musiqinin mənalandırılması və onun həyatımızdakı rolunun müəyyənləşdirilməsidir”.
Azərbaycan (“Pəri film”), Çexiya (Oliel” Company) və Gürcüstanın (“Chai Khana”) birgə istehsalı olan, Praqada yerləşən Nəfis Sənətlər Akademiyasının Kino və televiziya fakültəsinin (FAMU) dəstəyi ilə çəkilən film azərbaycan və ingilis dilindədir. Nümayiş vaxtı azərbaycanca altyazı təmin ediləcəkdir.
Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı – Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karakadır (Belarus).
Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Elxan İlyasov (Çexiya), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.
Xatırladaq ki, sənədli film yanvar ayının 17-də (saat 19:00) Kino Evində nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı