Yəqin, Azərbaycan Kinematoqrafçılar İttifaqının sosial şəbəkələrdəki səhifələrində vaxtaşırı yayımlanan “Şirvanda Kino Günləri”, “Muğanda Kino Günləri”, “Aranda Kino Günləri” başlıqlı elanlar gözünüzə dəyib. İki ilə yaxındır ki, AKİ son dövrlərdə çəkilmiş, teleekranlarda, ticarət mərkəzlərinin kino zallarında göstərilməyən uzun və qısametrajlı yerli filmlərin bölgələrdə nümayişini təşkil edir. Layihə çərçivəsində paytaxtdan uzaqda – Lənkəran, Biləsuvar, İmişli, Beyləqan, Hacıqabul, Saatlı, Sabirabad, Şirvan və s. rayon və şəhərlərdə yaşayan insanlarımız, paytaxt sakinlərinin də ancaq tədbirdən-tədbirə görə bildiyi 10-a yaxın yeni filmə baxmaq imkanı qazanıb. Nümayişlərin keçirildiyi məkanların əksəriyyətinin texniki imkanları keyfiyyətli nümayiş üçün yararlı olmadığından ittifaqın əməkdaşları – Ülviyyə, İlqar filmlərin formatını dəyişib mümkün qədər sadələşdirirlər, layihənin icraçısı İntiqam Hacılı baxış zamanı problem yaranmasın deyə təkrar-təkrar yoxlayır, bir tərəfdən də bürokratik əngəlləri aşmağa çalışırlar. İmkan olanda müəlliflərin özləri, ya da kinotənqidçilər də bu nümayişlərdə iştirak edir, insanlarla ünsiyyət qurub suallarını cavablandırırlar.
Bir az pafoslu, sovetsayağı müqəddimə oldu, bilirəm. Özümdən asılı deyil. Çünki mən də bir neçə dəfə bu layihədə iştirak etmişəm və qarışıq təəssüratlarla qayıtmışam. Bir az sevinc, bir az ümid, daha çox təəssüf və kədər. Onları bölüşmək istəyirəm, amma icazənizlə bir az uzaqdan, Sovetdən başlayacağam, çünki bu tədbirlərin keçmişimizə birbaşa dəxli var.
Yaşlı nəslin bildiyi, gənclərin isə eşitdiyi kimi, SSRİ-də kinoprokat sahəsinə xüsusi diqqət ayrılırdı. 1960-ci illərdə Sovet İttifaqı kinoteatra gedən tamaşaçı sayına görə Avropada birinci yerdə idi. Rusiyalı kinotənqidçi, kulturoloq, on ildən çox “İskusstvo kino” jurnalına rəhbərlik etmiş mərhum Daniel Dondureyin “Kinoprokat: əyləncə sənayesinin mirvarisi” məqaləsində yazdığına görə, Sovet dövründə kino, dotasiyalara ehtiyac duymayan yeganə sahə olub. Ehtiyac duymamağı bir yana, həm də böyük gəlir gətirib. Hətta bölgələrdə nağd pula tələbat yarananda problemi həll etməkdən ötrü vilayət, ya da şəhər kinoprokat şöbəsindən xalqın sevdiyi filmlərdən birinin – “Brilyant əl”, “Zorro”, “Yeseniya” və s. – yeddi-səkkiz nüsxəsini götürmək kifayət edirmiş. Volqoqradda müəllimlərin, həkimlərin maaşını ödəmək üçün pul qalmayanda Moskvadan “Yeseniya” filminin 10-15 nüsxəsini göndəriblər. Filmin, rayonlarda nümayişi sayəsində hesablarda yaranmış kəsir aradan qaldırılıb. 1980-ci illərin ortalarında isə bütün ölkə ərazisində beş min zal, məktəblərdə, ali təhsil müəssisələrində, kənd klublarında, mədəniyyət evlərində 70 min kino qurğusu qurulub. Müəllif yazırdı ki, əhalinin böyük əksəriyyəti, xüsusilə də gənclər hər həftə kinoteatrlara baş çəkirdilər. Təbii ki, bunun əsas səbəblərindən biri asudə vaxtın keçirilməsi üçün başqa infrastrukturların olmaması idi.
Filmlərinə bu gün də sevə-sevə baxdığımız Rasim Ocaqovun, Rasim Balayevin sənətə gəlməklərinə təkan verən səbəblərdən biri də məhz əyalət klublarında baxdıqları filmlər, yaşadıqları yerlərə kino çəkməyə gələnlər olub. Söz düşmüşkən, ölkəmizdəki ən uzunömürlü festivalın – Bakı Beynəlxalq Film Festivalının prezidenti və təsisçilərindən biri, prodüser, rejissor və nəhayət, qrup yoldaşım Fehruz Şamıyev də kənd klubunda Fellininin “Amarkord”una baxandan sonra incəsənəti seçmək qərarına gəlib.
Çox təəssüf ki, SSRİ dağılandan sonra əvvəlcə müharibə, ölkənin siyasi mühitindəki xaos, sonra da laqeydlik ucbatından belə qiymətli bir ənənə yoxa çıxdı. İndi vaxtilə, az qala, hər kənddə olan o klublardan əsər-əlamət qalmayıb, mədəniyyət mərkəzlərinin proyektorları isə film göstərməyə yaramır. Hacıqabulda texnika o qədər köhnə idi ki, ağ-qara çəkilmiş “Suğra və oğulları” filmini (rej.İlqar Nəcəf) tamamilə qara göstərirdi. Saatlıda proyektor divarın küncünə yerləşdirildiyi üçün filmləri ekrana nazik uzun düzbucaq şəklində proyeksiya edirdi. Amma hər şeydən daha vacibi, insanların qaranlıq zalda oturub filmə baxmaq vərdişi itib. Onun yerini on dəqiqəlik reklam fasiləli seriallar, qısa tik-tok videoları formatına alışqanlıq tutub, əksəriyyətinin qaranlıq zalda uzun müddət oturmağa hövsələsi çatmır. Keçmişdən qalan bircə şey varsa, o da bu cür tədbirlərdə zalı əmrlə doldurmaqdır.
Bütün bunları görmək çox kədərli olsa da, gözəl məqamlar da var. Məsələn, tədbirə iş öhdəliyi olduğu üçün gələn tamaşaçıların bir hissəsi könüllü şəkildə axıra qədər otururlar, bütün filmlərə baxırlar, müzakirələrdə iştirak edirlər. Olduğumuz hər rayonda seanslardan sonra 5-6 nəfər yaxınlaşıb fikirlərini bölüşür, yeni filmlərlə maraqlanır, sevdikləri filmlərdən danışırdılar. Xüsusən, gənclər və məktəblilər. Saatlıda da, Sabirabadda da işıqlar sönəndən sonra getmək üçün müəllimlərinə “hazırlığım var”, “anam gözləyir”, “avtobus gedir” deyən məktəblilər, biri tammetrajlı, dördü qısametrajlı olan bütün filmlərə baxdılar, üstəlik, müzakirədə də iştirak etdilər.
Yeri gəlmişkən, keçən həftə Mil-Muğan bölgəsində keçirilən “Kino Günləri”ndə Qulu Əsgərovun “Mən burdayam, ilahi”” və Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmləri digərlərindən daha çox bəyənildi. Ümumiyyətlə, tamaşaçıların filmlərə reaksiyalarını müşahidə edəndə görürsən ki, klassik narrativ onlar üçün daha rahatdır. Əsasən də, sözsüz filmləri bir qədər çətin qavrayırlar, altyazıları oxumağa hələ yaxşı alışmayıblar. Amma hər şeyi hiss edirlər. Atanur Nəbiyevanın sənədli “Evsiz qalmış ay” filmindəki kimi. Əksəriyyət, filmin nədən bəhs etdiyini anlamırdı, amma, demək olar, hər epizoda reaksiya verirdilər. Kimsə gülürdü, kimsə təəccüblənirdi, kimsə öz qoyunlarını yadına salırdı.
Əslində, incəsənəti, kinonu möcüzəyə çevirən elə bu deyilmi? O insanlar isə bu möcüzədən məhrum ediliblər, Xoşqədəmdən, Elgizdən, türk seriallarından, tik-tokdan başqa alternativləri yoxdur, onların dilində, onların sözləri ilə danışırlar.
Təbii ki, nə vaxtsa şəhərdə, ya da kənddə yaşamağından asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hər birinin ürəyi istədiyi vaxt kinoya, teatra getmək imkanı yaransa, ucdantutma hər kəs sənətşünas olmayacaq.
Fehruz danışırdı ki, “Amarkord” bitəndən sonra işıqlar yananda zalda tək qaldığını görüb. Yəni, heç kimdən belə gözləntimiz yoxdur və məsələ bu deyil. Məsələ, mövcud reallığa alternativlər yaratmaqdır. Sabirabadın Mədəniyyət Mərkəzinin nəzdində bu yaxınlarda “Hophopnamə” Kitab Mərkəzi istifadəyə verilib. “Coffee-shop” tərzində dizayn edilmiş məkanın bir divarı başdan-başa kitab rəflərindən ibarətdir, bir tərəfinə pianino qoyulub, masalar düzülüb. Gənclər, məktəblilər çay, qəhvə, şirniyyat alıb otururlar, kitab oxuyurlar, əl işlərini gətirib satışa qoyurlar. Orada hətta maraqlı rəsm əsərləri də vardı və onları satın alanlar da tapılır. “Hophopnamə” üçün instaqramda səhifə də yaradılıb. Mədəniyyət Mərkəzində bizi gəzdirən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı dedi ki, rayonda kafe, restoranlara girməyə ürək etməyən qızlar da bura rahat gələ bilirlər. Bu, boş vaxtlarını çayxanalarda öldürmək əvəzinə, səmərəli keçirə bilmələri üçün sabirabadlı gənclərə verilən seçimdir. Çox heyif ki, belə nümunələr çox azdır.
Uzun sözün qısası, “tamaşaçı yeni filmlərə baxmır” deyil, baxmaq imkanı yoxdur. İmkanı olsa, vərdişi yaransa, əmrə ehtiyac qalmaz, məmnuniyyətlə gəlib baxar. Onlara bu imkanı vermək isə dövlətin, onun səlahiyyətli idarələrinin öhdəliyidir. Yenə pafoslu alındı, üzrlü sayın, özümdən asılı deyil.
Aygün Aslanlı