Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
…1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Ölkəmiz ilk şəhidlərini həmin tarixdə verdi. Həmin faciədən 35 il ötür. Bu illər ərzində ölkəmizdə hər sahədə – mədəniyyət aləmində, ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə 20 yanvara həsr olunan onlarla sənət nümunələri yarandı. Və ən böyük məsuliyyət kinomuzun üzərinə düşdü. Bəlkə də ona görə ki, digər sahələrdən fərqli olaraq kino, kollektiv sənət növündən çıxış edərək onu ekrana köçürürdü.
Azərbaycan kinematoqrafçıları yanvar hadisəsinə həsr olunan “Qanlı yanvar”, “Boz qurdun harayı”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Matəm”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. sənədli filmlər ərsəyə gətirdilər.
1990-cı ildə “Azadlığa gedən yollar” tammetrajlı sənədli filmi “Salnamə” Sənədli filmlər Studiyasında istehsal edilib. Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. Görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” pyesindəki səhnə ilə açılan filmdə qubernator, çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlanması diqqətə çəkilir. “Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar” fikrinin səslənməsi və bu səhnədən sonra tamaşaçılar Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olurlar.
Həmin ildə faciəyə həsr olunan bir çox filmlər çəkildi ki, onlardan biri də Qanlı Yanvar hadisəsində şəhid olmuş soydaşlarımızdan bəhs edən “Matəm” filmidir. Filmdə şəhidlərin qırx mərasimi ilə əlaqədar “Şəhidlər Xiyabanı”nda keçirilən ümumxalq matəmindən söhbət açılır. “Şəhidlərdən şəhidlərə” filmində 1989-cu il aprelin 9-da Tbilisidə “Şanlı” Sovet Ordusu hissələrinin dinc əhalinin başına gətirdiyi fəlakətin birinci ildönümü münasibətilə etiraz əlaməti olaraq üç azərbaycanlı vətəndaşın Bakıdan Tbilisiyə yürüş etməsindən, onların dərdinə şərik olmalarından danışılır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi, rejissor Ziya Şıxlinskinin 1990-cı ildə Qarabağ Xalq Yardımı Komitəsinin sifarişilə çəkdiyi “Ruslar müharibə istəyirmi?” filmində Sovet qoşunlarının 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya, 1979-1989-cu illərdə Əfqanıstana, 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə və 1990-cı ildə Bakıya soxulmalarının səbəb və nəticələrindən bəhs edir.
Adından göründüyü kimi, rejissor Yanvar hadisələrindən öncə rusların planlı şəkildə bir çox respublikalarda faciə törədərək dinc əhalinin ölüm hökmünü verməsi və sonda bu hadisənin paytaxtımızda davam etməsi, verilən sualın cavabını ortaya qoyur.
“Hüznlü ana”(1991) adlı sənədli filmdə faciə şahidləri yaşanan müsibətləri danışaraq tamaşaçını bir daha o günlərə götürür. Filmdə 1828-ci ildən Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz əksini tapıb. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə apararaq şəhid olanlardan söhbət açılır, Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr diqqətə çəkilir.
“Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və s. sənədli filmlərdə də o dəhşətli gecədə günahsız insanların faciəli ölümünə etirazlar, xalq birliyinə çağırışlar səslənir, qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilib.
Yeri gəlmişkən, yanvar şəhidlərinin dəfn günü çəkilən kadrlar “Salnaməfilm” studiyasının operatorlarının əməyidir. O anları operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.
Hadisədən 35 il keçməsinə baxmayaraq “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında həmin tarixə həsr edilən ekran əsərləri istehsal olunur. 20 Yanvar hadisəsinə həsr olunan onlarla ssenarilər yazıldı, onlarla sənədli filmlər çəkildi.
Vahid Mustafayevin 2015-ci ildə çəkdiyi “Qanlı Yanvar” bədii filmi 20 yanvar hadisələrinə həsr olunmuş ilk tametrajlı bədi film hesab olunur. Filmdə məlum hadisə bizə bir azərbaycanlı ailəsinin – Nərimanovların gözü ilə göstərir. İki qardaş, KQB zabiti, kommunist Nəcəf və Sovet ordusunun keçmiş zabiti, indi demokrat–inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Hadisələrin mərkəzində, onlara həyat verən ana – Xədicə xanım bir sipər kimi dayanır.
20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş, Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorlarının rol aldığı filmdə real hadisələr canlandırılıb. İllər keçəcək, ölkəmizdə baş verən qanlı yanvar faciəsi heç bir vaxt unudulmayacaq, hüzn günü olaraq xatırlanacaq, yad ediləcək. Yanvar hadisəsi qanlı olduğu qədər də Azərbaycanın şanlı tarixidir. Ölkəmiz məhz həmin gün öz kimliyini ortaya qoydu, tapdalanan haqqı uğrunda mübarizə apardı, övladları torpaq, millət, müstəqillik uğrunda özünü düşmən gülləsinə sipər etdi.
Yanvar şəhidlərini faciənin 35-ci ilində böyük hörmət və ehtiramla yad edirik!