Kino ilə ədəbiyyat arasında olan bağların gücü
19.11.2020 tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən müzakirənin məqsədi ədəbiyyatımız və kinematoqrafımız arasında qırılmış bağların bərpası idi. Bunu üçün nə etmək lazımdır? Bu bağlar möhkəm olanda kinomuz nə qazanacaq? Kinorejissorlarımızın ədəbiyyat bilgisi nə səviyyədədir? Müzakirənin iştirakçıları yazar Şərif Ağayar, kinoşünaslar Sevda Sultanova, Aygün Aslanlı, sənətşünas Emin Əliyev, rejissorlar Tahir Tahiroviç, Amil Amal, Mübariz Nağıyev və İttifaqın katibi Əli İsa Cabbarov bu suallara cavab tapmağa çalışıblar. Müzakirənin lakonik stenoqramını təqdim edirik.
Əli İsa Cabbarov: Xoş gördük. Mən fikrin gücünə inanıram. Və inanıram ki, söylənilmiş fikir, formulə edilmiş fikir real aləmdə proseslər apara bilər. Ona görə istəyirik ki, mövzularla bağlı fikirlər səslənsin və kinomuzda müəyyən proseslər getsin. Bundan əvvəlki müzakirə mövzumuz milli kinoda müharibə idi. Kinotədqiqatçısı Nəriman Əbdürrəhmanlı qeyd etdi ki, rejissorlarımız ədəbiyyat oxumur. Tez-tez səslənən fikir var ki, sovet dönəmində kino ilə ədəbiyyatı arasında bağlar daha güclü idi. Son 30 ildə ədəbiyyata parlaq adlar gəlir, əvvəlki nəsil yazıçılar da gözəl əsərlər yazır. Amma bu adlar nədənsə kinoya gəlmir. Niyə belədir, bu körpünün yaranması üçün nə etmək lazımdır, məhz bunu müzakirə edəcəyik. Öncə kinomuzda ekranlaşdırmanın tarixinə ənənəvi olaraq Sevda Sultanova ekskurs edəcək.
Sevda Sultanova: Sovetlərin dağılmasından sonra çox sahədə qırılmalar baş verdi. Bir qırılma da ədəbiyyat və kino sahələrinin əməkdaşlığında baş verdi. Qonaqlar məsələ barədə öz fikir və təkliflərini səsləndirəcəklər. Məncə, digər səbəbi Mədəniyyət Naziriliyinin yetkin olmayan siyasəti ilə bağlıdı. Son dövrdə o yazıçıların əsər və ya ssenarisi ekranlaşdırılıb ki, onlar cəmiyyətdə müəyyən çəkiyə malikdir və vəzifələr tutublar. Elçinin “Mahmud və Məryəm”i, Aqil Abbasın “Dolu”su, Anarın bir neçə ssenarisi. Başqa toxunmaq istədiyim məsələ, ədəbi əsərlərin ekranlaşdırma prinsipləridir ki, bununla bağlı kino tariximizə ekskurs etmək istəyirəm. Eyni zamanda məsələyə dünya kinosu nümunələrində də toxunacağam. Ekranizasiyalarda əsasən bir neçə yanaşma var. Amma əsas məsələ odur ki, rejissor istəyir süjeti adaptasiya etsin, istər sərbəst yozumlasın, əsas odur ki, onun müəllif baxışı olmalı və əsəri kinodilinə çevirməyi bacarmalıdır. Belə fikir var ki, ədəbi əsərlərə çəkilmiş filmlər adətən zəif olur. Ekranlaşdırmalar arasında uğursuz filmlər çox olsa da, təcrübə göstərir ki, bu, mütləq fikir deyil. Filmlər var ki, bədii mətnlə eyni gücü daşıyır, bəzən ondan belə üstündür. Yapon rejissoru Tesihqaharanın “Qumluqdakı qadın”ı Kobo Abenin əsərindən geri qalmır. Kino dilinə çevrilmiş ən uğurlu ekran əsərlərindən biridir. Rejissor romanın mətnini saxlayır, amma eyni zamanda onun təsirinə düşmür. Filmin gücü qumun əsas motivə çevrilməyində, obrazlaşdıraraq müxtəlif mənalarla yükləməsində və unikal təsvir həlli verilməsindədir. Sərbəst yozumlanmış uğurlu əsər nümunəsi kimi Xulio Kortasarın “Cənub şossesi”nə çəkilmiş Qodarın “Week End” filminin adını çəkmək olar. Müəllif süjeti tamamən dəyişib, müxtəlif sürreal, absurd hadisələr daxil edib, sanki film fasiləsiz improvizasiyalardır. Uğursuz ekranizasiya nümunəsi kimi Salman Rüşdinin “Gecəyarı uşaqları” filmini göstərmək olar. Film hind-kanadalı rejissor Dipa Mehta tərəfindən lentə alınıb. Hiss olunur ki, müəllif yazıçının sitilistikasını, fəndlərini də ekrana köçürməyə çalışıb və nəticədə kino dilini tapa bilməyib. Əsər magik realizm metodunda yazılsa da, filmdə rejissorun məlum metoddan istifadəsi alınmayıb, magik realizm əvəzinə, primitiv fantastik elementlər var.
Azərbaycan kinosunda bədii əsərlərə ən çox müraciət sovet dönəmində olub. Uğurlu ekranlaşdırmalar var. Amma zəifləri də az deyil. Əsas qüsurlar müəlliflərin əsərə öz münasibətini göstərməməsi, materialın dərinliyini hiss etməməsidir. Amerikalı ssenarist Ted Telli bədii mətnlərin adaptasiya təcrübəsini bölüşərək deyir ki, o, əsəri oxuyanda, yadında əsas nələrin qalmasına, ona hansı xəttin təsir etməsinə önəm verir və sonra diqqətini çəkən məqamlarla bağlı səhnələri qeyd edir. Misalçün, “Dəli Kür”də bu problem var. Roman çoxşaxəlidir. Amma Seyidzadə əsərin əhatə elədiyi bütün xətləri köçürməyə çalışıb, nəticədə filmdə dolğun, vahid ana xətt yoxdur. Tutaq ki, Seyidzadə əhvalatın ana xətti kimi – Cahandar ağa kimi güclü bir xarakterin addım-addım necə çökdüyünü götürə və film daha çox psixoloji qatda işlənə bilərdi.
Süleyman Rəhimovun “Mehman”ı əsasında Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” isə bu baxımdan alınıb, yəni əsərin ideya-problematikası saxlanılsa da, süjet xeyli dəyişərək yığcamlaşdırılıb. Ssenarini əvvəlcə Süleyman Rəhimov Firudin Aşurovla birgə yazsa da “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən bu versiya qəbul olunmayıb. Səbəb – kino dilinin yoxluğu, bütöv epizodların ssenariyə köçürülməsidir. Sonradan ssenarini Muxtar Dadaşov moskvalı Maro Erzinkyanla birgə işləyir. Povestdə Mehmanın məktəbi bitirməsi, onu əhatə edən mühitin təsviri və s. ixtisar edilir və süjet Mehmanın mübarizəsi üzərində qurulur. “Qanun naminə” vizual təhkiyə baxımından ən maraqlı filmlərimizdən biridir.
Ümumiyyətlə, ekranlaşdırmanın tarixi Azərbaycan səssiz kinosundan başlayır. 1929-cu ildə Abbas Mirzə Şərifzadə “Hacı Qara”nı çəkib. Əsəri Cəfər Cabbarlı ssenariləşdirib. Film təəssüf ki, günümüzə gəlib çıxmayıb. Lakin “Kommunist” qəzetinin 1929-cu ildə çıxan bir sayında yazılır ki, filmdə təkcə pyesin motivləri əks olunmayıb, eyni zamanda süjet genişləndirilərək, dramaturqun başqa əsərlərindən də istifadə edilib. Səssiz kino dönəmində Cəfər Cabbarlının Aleksandr Beknazarovla birgə çəkdiyi “Sevil”i uğurlu ekranlaşdırma saymaq olar. “Sevil” çağdaş milli kinomuzda, əksər hallarda çatışmayan mühüm cəhətləri psixologizmi ilə seçilir. Kinooperator Rafiq Quliyev də bu barədə “Azərbaycan səssiz kinosunun təsvir irsi” kitabında yazır və vizual təhkiyəsinin effektivliyini qeyd edir. Problemlərdən biri ekranlaşdırma zamanı adekvat ifadə vasitələrinin tapılmaması, qeyd etdiyim kimi kino dilinə uyğunsuzluqdur.
Tofiq Tağızadənin “Ölülər” əsasında 1991-ci ildə lentə aldığı “O dünyadan salam” filminin müəyyən bir hissəsini pyesdən olduğu kimi köçürüb. Hərçənd, filmin ikinci hissəsini müasirləşdirir, 1990-cı illərin reallığına proyeksiya edir, Mirzə Cəlili də obraz kimi salır. Sadəcə bu hissə bəlkə də dövrün ruhuna uyğun olaraq plakat-şüar tərzində alınıb. Bütün hallarda uğurlu traktovkalarımız da az deyil. Mirzə Cəlilin “Pirverdinin xoruzu” hekayəsini Ramiz Əzizbəyli ekranlaşdırıb. Hekayənin fərqli interpretasiyasında ssenarist peşəkar Eldəniz Quliyevin rolu böyükdür. O, sadə məişət hekayəsini sənət-cəmiyyət konfliktinə salır. Və ya Gülbəniz Əzimzadənin “Ötən ilin son gecəsi” filmi, Həmidənin daha çox qadın kimliyini önə çıxaran kamera filmidir. Yaxud Elçinin “Toyuğun diri qalması” əsasında Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi. Burda bədii mətnin ümumi süjeti, əsas ideya xətti saxlanılıb. Əsərdə Zübeydənin fahişəliyi sırf maddi yoxluqla, firavan həyatla bağlıydısa, filmdə onun faciəsi repressiya dönəminə bağlanılır. Yəni, kinomuzda uğurlu ekranlaşdırma ənənəsi var və onu bu gün də davam etdirmək olar.
Tahir Tahiroviç: Azərbaycan Mədəniyyət Nazirliyi və kinostudiya son illərdə ancaq rejissorlardan ssenari tələb edib. Yazıçılardan istəməyib. Müasir Azərbaycan kinosu ssenarilər üzərində qurulub. Ədəbiyyatla yazıçların birgə fəaliyyəti olmayıb. Sovet dövründə isə yazıçılar kinoda daha çox diktə edirdilər.
Aygün Aslanlı: Müxtəlif sahələrin yaradıcı adamları arasında əlaqə olmalıdır. Hətta rejissor ədəbi əsəri ekranlaşdırmasa belə, ədəbiyyatda, rəssamlıqda, musiqidə nə baş veridyini bilməlidir. Romanda, rəsm əsərində hansısa motiv ona instinad ola bilər. Necə ki, Allenin filmlərində bir Dostoyevski xətti keçir. Yəni, sənətin təbiəti bunu tələb edir.
Şərif Ağayar: Təkcə kino yox, teatrla da yazıçıların əlaqəsi zəifdir. Söhbət ondan gedir ki, rejissorlar ədəbiyyatı, yazıçılar kinonu izləmir. Elə rejissor var ki, yazıçılarımızı tanımır. Uzağı Anarın “Dantenin yubileyi”ni bilir. Yazıçılar da var ki, məşhur filmlərdən xəbəri yoxdur. Söhbət odur ki, bir əsərdə hansısa motivdən şedevr film çəkilə bilər. Biz bir-birimizi qidalandırmalıyıq. Mənim əsərlərimin strukturunu kino qədər heç nə qidalandırmayıb. Misalçün, İnarritunun filmləri. Babil filmində bir güllə neçə hadisəni bağlayır. Bir ağrılı nöqtə də var ki, bizdə kinoda sovet dönəmində daha çox rusdillilər olub və bədii mətni hiss etməyiblər. Milli ədəbiyyatdan söhbət gedir. Azərbaycan dilinin enerjisini daşıyan əsərlərdən söhbət gedir. Dastanlarımızdan, nağıllarımızdan istifadə etməliyik və bunun üçün dilin daşıyıcısı olmalısan ki, mətni dərindən hiss edəsən. Hiss etməyəndə sirr itir. Müasir ədəbiyyatımızda Seymur Baycanın “Quqark”ı, Mirmehdi Ağaoğlunun əsərləri, bundan öncəki dövrdə Çəmənzəmənlinin əsərlərini ekranlaşdırmaq olar.
Mübariz Nağıyev: Əslində kinematoqraf balta kimi bir şeydir. Ədəbi əsəri oxuyub istənilən şeyi təsəvvür etmək olar. Amma filmə baxanda fantaziyan məhdudlaşır, gördüyünü qəbul edirsən. Rejissor əmin olmalıdır, onun təsəvvürü hamının təsəvvüründən üstün olmalıdır ki, ədəbi əsəri ekranlaşdırsın. Əks halda qorxusu olur. Uşaq vaxtı “Şerlok Holms”u oxyurdum. Filminə baxanda xoşuma gəlmədi. Amma sonradan digər hekayələri əlimə keçəndə, özümü onda tutdum ki, Livanovu təsəvvür edirəm. Yəni, film artıq diktə edirdi. Uğurlu ekran həlli üçün diktə etməyi bacarmalısan.
Amil Amal: Şərif Ağayarın “Haramı”sını, Seymur Baycanın “Quqark”ını oxumuşam. “Haramı”nı çəkmək istəyirdim. Kino sahəsində çalışan məmurlara da demişdim. Amma onlar razılaşmadılar, niyyətimi başa düşmədilər. Məsələ ondadır ki, həmin məmurlar rus dilli olsalar da, heç “Hərb və sülh”ü də oxumayıb. Ədəbiyyat oxumayan adam ssenarini necə seçə bilər. Bilgi səviyyəsi aşağıdır. “Titrəmə” filmim şair Aqşin Evrenlə söhbətlərimiz sayəsində yarandı. Dedi ki, belə ideyam var, bəlkə də şeir kimi yazmaq istəyirdi. Mən süjet qurdum və birgə işlədik.
Emin Əliyev: Mən ədəbiyyatla kino arasında əlaqənin olmamasını problem kimi görmürəm. Təbii, ünsiyyət olmalıdır. Kino yaranandan sonra ədəbiyyatda da, teatrda da çalxalanma oldu. Hərə öz funksiyasını axtarmağa balşadı. Və ədəbiyyat öz funksiyasını dəyişdirdi. Kino mahiyyətcə dramaturgiyaya yaxınlaşdı. Ədəbiyyatda dramaturgiya itməyə başladı. Romanlarda süjetlərə çox önəm vermirlər, fikirlər, dialoqlar əsasdır. Bu prosesdə kino daha çox üstünlük qazandı, ədəbiyyat isə konkretliyə getdi.
Əli İsa Cabbarov: Müzakirəni belə rezümə edə bilərik ki, rejissorlamız ədəbiyyat oxumurlar. Arzuediləndir ki, yazıçılar ssenari texnikasını mənimsəsinlər, film izləsinlər. Müstəqil, özəl sahədə işləyən prodüserlər, xüsusilə dövlət sektorunda büdcə vəsaitini bölüşdürən məmurlar bilməlidirlər ki, müasir ədəbiyyatda zəngin materiallar var, kinoya gəlməlidlir, kinodramaturgiya zənginləşəcək və bu bağı yaratmaq lazımdır.
Müzakirənin videosunu burdan izləyə bilərsiz.
Sevda SULTANOVA