Noyabrın 5- də Azərbaycan Kinematoqrafçılar İtitfaqının təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” bədii sənədli filminin premyerası baş tutdu.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova film haqda məlumat verərək, festival uğurlarını qeyd etdi. Rejissor Orxan Ağazadə tamaşaçıları salamlayıb onlara nümayişə gəldiklərinə görə təşəkkür edəndən sonra “Kinomexanikin qayıdışı” nümayiş olundu.
Nümayişdən sonra yaradıcı heyət səhnəyə dəvət edildi. Moderatorun Orxan Ağazadəyə ünvanladığı “Bu filmin tarixi haradan və necə başladı?” sualına cavab olaraq, rejissor qeyd etdi ki, tarixçə, onun öncə çəkdiyi “Oturacaqlar” filmi ilə başlayıb:
“Çəkilişlərə məkan seçmək üçün Astaranın Sim kəndinə getmişdik. Qış vaxtı idi və qar yağdığına görə biz kənddən çıxa bilmədik. Səmid bizi öz evində qonaq elədi, biləndə ki Bakıdan gəlmişik, kino ilə məşğuluq, dedi, gəlin, düşək zirzəmiyə sizə bir şey göstərəcəyəm. Düşdük zirzəmiyə və bizə aparatları göstərdi. Dedi ki, kinomexanik olub və aparatları artıq özündə 30 ildir ki, saxlayır. İstərdi ki, yenidən film göstərsin. Problem də lampanın olmaması idi. Ondan sonra mən xaricdə təhsilimi bitirdim. “Oturacaqlar”ı bitirəndən sonra boşluqdan istifadə edərək o kəndə getdim ki, bəzi şeyləri çəkim. Bu tarixçə belə başladı. Sonradan Daniel də qoşuldu layihəyə. Fikirləşdik ki, maliyyə olar, çəkərik özümüz. Kannın ssenari rezidensiyasında “Məhbus” layihəsi ilə olanda, orada alman prodüseri Lino ilə tanış oldum, daha sonra, Bordo şəhərində digər rezidensiyada Fransua Pyerlə tanış oldum, təəssüf ki, o vəfat edib. O, filmi təəssüf ki, böyük ekranda görmədi. Və beləcə bu əməkdaşlıq alındı”.
Qeyd edək ki, “Kinomexanikin qayıdışı” Almaniya və Fransanın birgə istehsalıdır. Tədbirdə iştirak edən filmin prodüserləri Lino Rettinger və Jül Qranj bildirdilər ki, onlar dünyanın müxtəlif ölkələrindən maraqlı layihələrin çəkilməsinə dəstək olurlar: “Orxan filmdən bizə bəzi materialları göstərəndə, başa düşdük ki, rejissor kimi belə maraqlı işin öhdəsindən gələcək. Biz onun potensialını gördük. Həm də Azərbaycan bizim üçün yeni bir coğrafiya idi və biz bu filmlə onu kəşf etdik”.
Jül Qranj onu da əlavə etdi ki, o, prodüser olaraq fransız filmlərindən sıxılıb, ona görə yeni coğrafiyalarada, yeni, maraqlı hekayələr kəşf etmək, kinematoqrafiyanın imkanlarını genişləndirmək onun üçün maraqlıdır.
Tədbirdə iştirak edən, Mədəniyyət Nazirliyinin Film, video, videooyunlar sektorunun müdiri Günay Rəhimova yaradıcı heyəti təbrik etdi: “Bu filmin çəkiliş prosesi haqda məlumatlıyam. “Kinomexanikin qayıdışı” filmi çox uğurlu festival həyatı yaşayır. Hər filmin festival həyatı bu qədər uğurlu olmur. Şadam ki, yaradıcı heyət, əziyyətinin bəhrəsini görür”.
Vaxtilə “Azərbaycanfilm” kinostudiyasında “Gənc sinemaçılar klubu”unun (Orxan Ağazadə də bu klubun üzvü olub) rəhbəri olmuş kinorejissor Elçin Musaoğlu dedi: “O zaman bu klubun əsas məqsədi kino mühitinin, kino atmosferinin yaradılması idi. Mədəniyyət Nazirliyi bu gənclərə dəstək olmalı və nəzarətdə saxlamalıdır”.
Filmin operator işinə görə Almaniyada mükafat alan Daniel Quliyev, “Xaricdə sizin operator işinizdə hansı özəllikləri qeyd etdilər?” sualını belə cavablandırdı: “Əsas onu qeyd etdilər ki, qəhrəmanlara empatiya və sevgiylə yaxınlaşıb. Nə vaxt onlara yaxın, nə vaxt uzaq olmalıdır, onu bilirdi. Sonra demişdilər ki, özünü operator kimi qabartmağa çalışmayıb və hekayəyə fokuslanıb, hekayədə poetik keyfiyyəti üzə çıxarıb. Və seçilən rakurslar təkcə kadrın gözəlliyini ifadə etmir, həm də, baş verən hadisələr tamaşaçını özünə çəkir”.
Filmin baş qəhrəmanlarından biri Səmid Xəlilov çəkiliş prosesinə asanlıqla kökləndiyini bildirdi:
“Qətiyyən çətinliyimiz olmadı. Bir az əvvəldən danışım. Məktəbdə oxuyanda kənddə köhnə klubumuz vardı. Altıncı sinifdə oxyanda Cəfər Cabbarlının “Almaz” əsərini səhnələşdirdik və onda mən Almazın atası rolunu oynamışam. Nəinki məndə, kənd sakinlərində də artistizm var. Ona görə bizə asan oldu”.
Digər əsas rolun ifaçısı Ayaz Xalıqov animasiya ilə məşğuldur. 2020-ci ildə “Animafilm” beynəlxalq festivalında onun “İlan və kəndli” filmi mükafata layiq görlüb. 2021-ci ildə isə o, bu festivalda “Cəsur əsgər” filmi ilə təmsil olunub. Ayaz Xalıqov bildirdi ki, artıq 8 ildir animasiya ilə məşğuldur: “Səmid əmi ilə onsuz da qısa filmlər çəkirdik. “Kinomexanikin qayıdışı” həyatımın ən əyləncəli və ən gözəl günləri idi. Səmid əmi ilə film çəkəndə çox əylənirik. Səkkiz ildə 15 qısa film çəkmişəm, hamısı da mobil telefona çəkilib. Bu il də “Animafilm”də göstərilən, talış dilində “Abbasın əhvalatı”nı çəkdim, Səmid əmi də orda idi. Bu sahədə biliklərimi kitablardan və internetdən alıram. Dəstəyə görə “Animafilm”in direktoru Rəşid Ağamalıyevə təşəkkür edirəm”.
“Animafilm” festivalının direktoru Rəşid Ağamalıyev bildirdi ki, o, sonuncu dəfə hansı Azərbaycan filminə baxanda həyəcanlandığını xatırlamır: “Bu film məni xoşbəxt etdi. Bəziləri dedi ki, bu bədii-sənədli filmdir və s. Bu film bir daha sübut etdi ki, kinonun sərhədi yoxdur, bu, əsl kinodur”.
Rejissor, prodüser və aktyor Vüsal Əhmədzadə yaradıcı heyəti təbrik etdi: “Sualım odur ki, çəkiliş vaxtı tam ssenari ilə hərəkət etmisiniz yoxsa spontan çəkilişlər olub?”
Orxan Ağazadə filmi bir il ərzində çəkdiklərini dedi: “Qırx çəkiliş günü vardı və fəsillərə bölmüşdük. Tritment də vardı. Öncədən hekayənin necə və hansı məcraya doğru yönələcəyini planlaşdırırdıq. Reallığa açıq idik. Çox şeyləri dəyişirdik. Pauzalarla çəkirdik. Montajda da baxırdıq ki, hekayə necə davam edir, hara gedir. Filmdə əvvəldən Ayaz yox idi. Sonradan Səmid əmi ilə dostluğu üzə çıxdı. O xətti də filmə gətirdik. Burada həm planlanmış, həm spontan məqamlar var. Yeri gəlmişkən, icraçı prodüser Emin Simonun da rolunu qeyd etməliyəm”.
Tamaşaçılardan biri tarixi arayış verdi: “Film talış dilindədir. Azərbaycanda etnik qruplar çoxdur. Yaxşı ki etnik qrupun dilində film çəkilib. Bu gün, 5 noyabr 1937-ci il repressiyalarının pik həddinə çatdığı gündür. Repressiyaya qədər müxtəlif dillərdə kitablar nəşr olunurdusa, repressiyadan sonra etnik rəngarənglik aradan qaldırıldı. Və yaxşı ki, bu gün etnik dildə film çəkilir”.
Moderator bildirdi ki, bu etnik xalqların dilində çəkilmiş ilk film deyil: “2009-cu ildə Asif Rüstəmov saxur dilində “Arxası qibləyə” adlı film çəkib. Bundan başqa, Cavid Təvəkkülün ölkəmizdə yaşayan xalqlar haqda çəkdiyi “Bir günəş altında” adlı filmi də var”.
Sonra, Orxan Ağazadə filmin çəkilməsində köməklik göstərmiş Müşfiq Hətəmova, həmçinin, dəstək vermiş Günay Rəhimovaya təşəkkür etdi. Qeyd edək ki, filmin səs rejissoru Morteza Najaflodur. Almaniya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalı olan filmin əsas prodüserlərindən biri Fransua Pyer Klaveldir.
aki.az