Kris Marker Bakının qonağıdır

Azərbaycan Kinematoqrafçılar İttifaqı “100 faiz klassiklər: Fransız kino həzzi”ni Kris Markerin yaradıcılığı ilə başa vurub.

İyunun 21-də Azərbaycan kinoteatrında rejissorun yeganə bədii filmi olan “Uçuş zolağı” və “Sibirdən məktublar” sənədli filmi nümayiş olundu. Rejissorun bədii filmi olan “Uçuş zolağı” üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edir.
Fransız kino mütəxəssisi Murad Abiyev Kris Markerin yaradıcılığını analiz edərkən onun film-esse janrının yaradıcısı olduğunu, sənədli filmə yenilik gətirdiyini deyib:
“Kris Marker yazı adamı olaraq öz filmlərini kadrarxası mətnlə müşayiət edir. Amma bu kadrarxası mətn təbliğat xarakteri daşımır. O qədər poetik, subyektivdir ki, görüntülərə əlavə məna verir. Tamaşaçını filmin alt qatlarını kəşf etməyə dəvət edir. Bu üslub artıq bir “mainstream”ə çevrilib. Filmdə məşhur bir səhnə var ki, dərsliklərə də daxil olub. Orada rejissor bir səhnəni 3 dəfə təkrar-təkrar göstərir. Kinonun, ümumiyyətlə audiovizual sənət növlərinin, medianın subyektliyi və manipulyasiya üslublarını aşkar edir”.
Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Jerome Kelli də nümayişdə qonaq olub.
Nümayişə qatılanlar filmin müzakirə hissəsində öz təəssüratları bölüşüblər.
Hüquqşünas Xalid Bağırov bildirib ki, rejissorun “Uçuş Zolağı” filmində fotolardan istifadə etməyi təsadüfi deyil. Bu, filmin məzmunu ilə birbaşa əlaqəlidir:
“Dünya bitib, bomba partlayıb, həyat dayanıb. Alimlər eksperiment edib yenidən Adəmlə Həvvanı tapıb, həyatın yeni düsturunu verməyə çalışırlar. Film bu haqdadır, amma hələ də görüşlərinin neçə gün davam etdiyini bilmirlər. Çünki zaman hələ axmır, hələ eksperiment gedir. Həyat başlayanda zaman axacaq. Filmin sonunda qəhrəmanı öldürürlər. Belə görünür ki, rejissorun həyata ümidi yoxdur”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov filmləri şərh edərkən onlarda Kris Markerin solçu baxışlarının əks olunduğunu söylədi:
“Kris Marker “Sibirdən məktublar” filmində kameranı azca sola çevirsəydi, Sibir düşərgələrində ədalətsiz yerə həbs olunmuş Zek çıxacaqdı. Montaj kəsiyini azca sağda eləsəydi, orada halsız, ac olan insanlar olacaqdı. Bu cəhətdən nə qədər də dokumentarist olsa da, solçu baxışları orada var”.
Fransız kino mütəxəssisi Murad Abıyevin iki film arasında bənzərliyi soruşanda kinoşünas Sədaqət Kamal filmlərin mövzularının bəşəri problemlər olduğunu söyləyib:
“Mən Kris Markerə tək solçu deyə bilməzdim. Bu rejissoru həqiqətən bəşəri problemlər maraqlandırır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı filmlərin nümayişini növbəti həftələrdə də davam etdirəcək.

aki.az