Lətif Səfərov: filmləri və şəxsiyyəti
Oktyabrın 13-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Lətif Səfərovun anadan olmasının 100 illiyi ilə bağlı, kinorejissorun yaradıcılıq yolu ilə bağlı müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan AKİ-in katibi Əli İsa Cabbarov bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin kino tənqidinin inkişafı, kino tariximizin dərindən öyrənilməsi məqsədi müxtəlif mövzularda müzakirələr keçiriləcək.
İlk müzakirəmizin qəhrəmanı bu il 100 illk yubileyi olan Lətif Səfərovdur və mənim üçün Lətif bəy istedadlı filmləri ilə yanaşı bizim İttifaqın bu ofisində gördüyüm şəkildi. İstəyirəm bu müzakirələrin nəticəsində Lətif Səfərov şəkildən bizə baxan sima olmaqla yanaşı, yaradıcı insan olaraq canlansın.
Ssenarist, kino araşdırmaçısı Nəriman Əbdürrəhmanlı Lətif Səfərovun bioqrafiyası ilə bağlı maraqlı məqamaları bölüşdü:
Rejissor Leo Mur “Gilan qızı” filminə Gülgül roluna Bakıda uşaq tapa bilmirdi. 1928-ci ildə Şuşada olanda çevik, dilli-dilavər uşaq axrtardığını deyir. Ona Lətif Səfərovu nişan verirlər. Onda Lətifin 7 yaşı vardı. Lətifin anası oğlunun çəkilməsinə əvvəlcə razılıq verməyib. Ancaq rejissorun israrından sonra razılaşıb. Həmin ərəfədə qadın Lətifin atasından ayrılır və başqa kişiylə ailə qurur. Lətif tək, kimsəsiz qalır. Kinostudiya onu himayədarlığa götürür, orada bir otaq verirlər. Lətif orda yaşayır, məktəbə gedir, eyni zamanda çəkilişlər zamanı yaradcı heyətə köməklik edir. Xəstələnəndə atasına məktub yazırlar ki, onu himayə ertsin. Atası imtina edir ki, necə aparmısız elə də yiyəlik edin. Lətif uşaq obrazları üçün tapıntı idi, istedadlıydı. Mikayıl Mikayılov 1930-cu ildə çəkdiyi “Lətif” filminin ssenarisini məxsusi olaraq onun üçün yazmışdı. Filmin adı əvvəldə başqa idi. Ancaq Lətif üçün yazıldığı üçün sonradan ekranlara bu adla çıxır. Lətif böyüdükcə aktyor kimi lazımsız adama çevrilirdi, yəni fakturasını itirirdi. Ona görə daha çəkmədilər. Kinostudiya rəhbərliyi qərara gəldi ki, rejissor assistenti kimi istafadə etsinlər. 1936-cı ildən o, həm operator, həm rejissor assisitenti kimi çalışır. Səməd Mərdanovun “Kəndlilər”, Boris Barnetin “Mavi dənizin sahilində” filmlərində işlədi. 1937-ci ildə atası repressiya olunanda qorxu içində yaşayır və qorxudan sarılığa tutulur. Anasının yanına Bərdəyə müalicə üçün göndərilir. 1940-cı ildə Bakıya qayıdanda xəbər yollayırlar ki, Moskvada Kinematoqrafiya İnstitutuna oxumaq üçün tələbə lazımdır. Və o, Qriqori Kozintsevin kursuna qəbul edilir. Birinci kursda oxuyanda müharibə başlayır. Və kursu Smolenskə səngər qazmağa aparırlar. Lətif orda vərəmə tutulduğundan Bakıya qayıdır. Ordan da Bərdəyə gedir. Müharibə bitənədək burda məktəblərdə hərbi rəhbər kimi iş veriblər. Müharibə bitəndən sonra o, yenidən Moskvada Kozintsevin kursuna davam edir. Burda Faina Voşkova ilə evlənir, iki uşağı oldu. Kursu qurtarandan sonra Moskvada saxlamaq istəyirlər, yoldaşı da qalması üçün israr edir. Lətif isə Bakıya qayıdır. Çünki Bakıda söz vermişdilər ki, kinonu dirçəltmək üçün lazımsan. Əvvəlcə, sənədli filmlər çəkir. O vaxt kino Mərkəzi Komitənin nəzarətində idi. Bu sahə ideoloji şöbənin müdiri Qəzənfər Məmmədova həvalə olunmuşdu. Lətif Səfərovun Quba bağları ilə bağlı filmini ona görə burxamamışdılar ki, orda qoz ağaclarına az yer ayırmısan. Sonra sərhədçilər haqda filmi çəkəndə, Salyandan o tərəfə buraxmamışdılar ki, icazə yoxdur. Dəfələrlə Mərkəzi Komitəyə yazmışdı.Yəni ona maneələr törədirdilər. 1955-ci ildə “Bəxtiyar” filmini çəkir. Filmin ona verilməsinin səbəbi idi ki, peşəkar təhsil almışdı. Ümumiyyətlə, o vaxt güclü rejissor, operatorlar yetişmişdi. Bununla belə milli kadrları Mərkəzi Komitə yaxın buraxmırdı. Kinostudiyanın 60 faizi erməni, digərləri ruslar idi. “Bəxtiyar” filminin adından tutmuş aktyor heyətinin müəyyənləşdirməsinədək hər şeyə Moskva müdaxilə edirdi. Film dövrü üçün yaxşı qəbul olunmuşdu. Düzdür, mövzuda konyunktura vardı, xalqlar dostluğu məsələsi önə çəkilmişdi. Amma Lətif Səfərov bu flmləri çəkmək istəmirdi. O, “Hacı Qara”nı, “Ölülər”i, “1905-ci ildə” əsərlərini çəkmək istəyirdi. Dəfələrlə Mərkəzi Komitəyə, Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Amma rəhbərlik öz istəklərini irəli sürür. “Qızmar günəş altında” filmini də böyük çətinliklər hesabına çəkdi. Materialı özününkü hesab eləmirdi. Çətinliklərlə “Leyli və Məcnun” filmində də qarşılaşdı. Ssenaridən tutmuş istehsaladək iki il Bakı ilə Moskva arasında qaldı. Hətta Özbəkistan rəhbərliyi etiraz etmişdi ki, “Leyli və Məcnun” bizim eposdur, niyə onu çəkirsiz. Bakıdan da cavab vermişdilər ki, Füzulinin yazdığı əsərin sizə aidiyyatı yoxdur. Lətif Səfərov dəfələrlə Kozintsevə yazmışdı ki, bir neçə günlüyə Bakıya gəlib ona dramaturgiya, obrazlarla bağlı məsləhətlər versin. Kozintsev xəstə olduğunu demişdi və Lətif Səfərov Leninqrada gedib ondan məsləhətlər almışdı. Bundan sonra o, yenə öz mövzularını işləmək istəmişdi. Amma MK icazə verməmişdi. MK-dən təklif gəlmişdi ki, Həsən Seyidbəylinin ssenarisini işləsin. “Möcüzələr adası”nı. O da etiraz etmişdi ki, neft buruqları mənim mövzum deyil. Həmin dönəmdə vərəm xətəliyi başlamışdı. Bəziləri Lətif Səfərovun ölümünü şəxsi həyatı ilə bağlayır. Bu, axırıncı dərəcəli məsələ idi. Həmin vaxt o, ağır sarsıntılar keçirir. Həm istədiyi filmi çəkə bilməməyi, filmlərin uğursuzluğu, yaradıcılığına müdaxilə. Son sarsıntılarından biri o idi ki, “Möcüzələr adası”nın operatoru olmaqdan Rasim Ocaqov imtina etmişdi. Rasim yazıb ki, bağışla, yoldaşım xəstədir, bu filmdə işləyə bilmərəm. Onun intiharına səbəb sarsıntılar oldu. Lətif təşkilatçı adam idi. 1957-ci ildə Kino İttifaqının yaradılması prosesində onun rolu böyükdür. Həmişə əziyyət çəkirdi ki, Moskva digər respublikalara əyalət kimi baxır. Onlara qarşı çıxış edirdi ki, sizin Moskvada hər şeyiniz var. Bizim isə normal kameramız, iş şəraitimiz yoxdur. Buna son qoymaq lazımdır. 1958-ci ildə Lətif təşkialt komitəsinin sədri seçilir, strukturu yaradır, Moskvadan lazımi köməklikləri alır. Yenə də Lətif Səfərova ateistlər deyilən qrup müxalifət yaradır. Bura Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev, Tofiq Tağızdə daxil idi. Onlar özlərini kinonun patriarxı sayır və yalnız öz fikirlərinin nəzərə alınmasını istəyirdilər. Maraqlı bir qeydi də edim. 1958- ci ildə Lətif Səfərov Ümummittfaq festivalın münsiflər heyətinin üzvü olub. O zaman Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmi nümayiş olunub və mükafat almayıb. T.Tağızadə rəsmən Lətif Səfərova psixoloji terror edirdi ki, sən imkan verməmisən mənim filmim mükafat alsın. İş o yerə çatır ki, Lətif Səfərov izahat yazır, təşkilat komitəsinin üzvləri qarşısında çıxış edir və hətta festivalın münsiflər heyətindən açıqlama alır ki, yəni mənim günahım yoxdur. 1963-cü ildə Təşkilat Komitəsi Kino İttifaqa çevriləndə Lətif Səfərovu idarə heyətinə salmadılar. Lətif intihar edəndən sonra 1964-cü ilin yanvarında İttifaqın fövqəladə qurultayı keçirilir və Həsən Seyidbəyli sədr seçilir. Kinonun təşkilati cəhətdən qurulmasında Lətif Səfərov böyük rol oynamışdı. 1960-cı ildə Kino Evinin açılmasında da onun xidməti olub. Bunun üçün o, dəfələrlə MK-yə yazmışdı, məmurlarla görüşmüşdü.
Kinotənqidçi Sevda Sultanova isə Lətif Səfərovun yaradıcılığının bədii-estetik tərəflərindən danışdı:
Lətif Səfərovun yaradıcılığı ilə bağlı Əli İsayla müzakirə aparanda mövzumuzu belə müəyyənləşdirdik: “Lətif Səfərovun filmləri bugünün kontekstində”. Lətif Səfərovun komediya, dram janrlarında çəkdiyi filmlərin vizual keyfyyəti, mövzuya yanaşması, janrın tələblərinə cavab verməsi və s. baxımından müasir filmlərin fonunda necə görünməsi, aktuallığı məsələlərini nəzərdə tuturduq. Bir neçə gün öncə onun 1961 -ci ildə çəkdiyi “Leyli və Məcnun” dramını izləyəndə, filmdən aldığım təəssüratdan dolayı bir balaca rakursu dəyişdim. Yeri gəlmişkən, bu, onun sonuncu filmiydi və açığı bu filmi izləməmişdim. Geniş tamaşaçı auditoriyası onun daha çox iki filmini tanyır: “Bəxtiyar” və “Qızmar günəş altnda”. Bu filmləri də yenidən izlədim. Nəriman müəllimin dediyi bir detalla bağlı fikrimi deyim. Filmlərdə konyunktura olsa da, bütün hallarda Lətif Səfərov onları özününküləşdirmyi bacarmışdı. Lətif Səfərovun filmoqrafiyasına bugündən baxanda, doğrusunu deyim ki, onun ruhən dərinliyini, yaradıcı təfəkkürünün çoxtərəfli olduğunu güman etməzdim. Düşünmürəm ki, bu çoxtərəflilik yalnız Lətif Səfərovun uşaq yaşlarından kino mühitinin içində olması, formalaşması, VQİK məktəbini keçməsi ilə bağlıdır. Bu, bəlkə daha çox onun erkən yaşlarında iztirablı şəxsi təcrübəsi ilə bağlıydı. Vizual sənətin digər növü olan rəssamlıqda belədir ki, Karavaccodan tutmuş Eqon Şileyə qədər demək olar ki, bütün rəssamlar öz avtoportretlərini çəkirdilər və öz ruhi vəziyyətlərini ifadə etmə imkanları yetərincə idi. Kinoda isə biz müəllifin vəziyyətini filmin energetikasında, baxış bucağında, hansısa personajın mövqeyində duyuruq. Bu mənada mənə elə gəlir ki, Lətif Səfərovun filmlərinin əsas hərəkətverici qüvvəsi sevgiydi, xilası sevgidə görməsi və sevgiyə ehtiyacı idi. Nəriman müəllim onun bioqrafiyasını incələyəndə bir daha buna əmin oldum. Rus aktrisası Renata Litvinovanın fikrini tez tez xatırlayıram: həyata dayana bilmək üçün həmişə sevməlisən, sevgi həyatın ritmi olmalıdır. Söhbət təkcə qadın-kişi münasibəindən getmir əlbəttə. Həyata, ideyaya, peşəyə, dosta sevgidən gedir. Lətif Səfərovun filmlərində müxtəlif motivlər yer alsa da, onun qəhrəmanları sevgidən yola çıxırdılar və o, onun kinematorafiyasının əsasında dünyanı sevgiylə dərkinə çan atması dayanır. Saytlardan birində Lətif Səfərovun bir sitatını oxudum: “Yaradıcı adam indi ya kinematoqrafiyadan getməli, ya da nəyi isə partlatmalıdır. Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır”. Kinoya sevgisini, yaradıcı imkanlarının realizəsi onun üçün çox önəmli yerdəydi. İntiharının da əsas səbəbi fəaliyyətinə törədilən maneələrdən qaynaqlanırdı. Əgər “Bəxtiyar” və “Qızmar günəş altında” filmlərində Lətif Səfərov sevgi motivini, peşə, dost müstəvisində, kişi və qadın münasibətlərində konkretləşdirirsə, “Leyli və Məcnun” filmi sevginin mənəvi coğrafiyasını genişləndirərək, onu ideolgoya səviyyəsinə qaldırır. Film əsasən Füzulinin “Leyli və Məcnun” əsərinə əsaslanır. Nizaminin “Leyli və Məcnun”undan isə ancaq Zeyd ilə Zeynəb hissəsi götürülüb. Müəllifin Füzuliyə müraciəti güman ki, təsadüfi deyil. Nizami poemasını epik planda işləyib və əsərin önəmi müasir roman janrının strukturuna yaxın olmasıdır. Füzuli isə lirik planda işləyib. Amma Füzuilnin əsəri ata ilə oğul, şəxsiyyət və cəmiyyət konflikti, qadının mövcud duruma fəal reaksiyası və davranışı baxımından daha genişdir. Lətif Səfərov da bu yolla gedir: köhnəlmiş dəyərlərin yenidən dəyərləndirilməsi və modifikasiyası, azad sevginin yaratdığı yeni münasibət modeli-yəni ağsaqqal kultuna etiraz, sinfi bərabərsizlik, şəxsiyyət və cəmiyyət konflikti Leyli ilə Qeysin hekayəsinin nəinki fon gücləndiricisidir, məncə, əsas qayəsdir. Bütün bu yenilənmənin əsasında isə sevgi, pasifizm dayanır. Rejissorun traktovkasında sevgi özünün ideoloji və fəlsəfi anlamına çatır, sərhədlərini genişləndirərək pasifizmə transformasiya olunur. Bildiyimiz kimi pasifizm konsepsiyası özünə zərər vermək bahasına da olsa, zorakılığa müqavimətdir. İnsana sevgi, özünü qurban vermə ayrı-ayrı epizodlarda yer alıb. Epizodlardan birində, Nofəl onu uğrunda aparılan müharibədə qalib gəldiyi anda Qeys geri çəkilir. Və o, öz şəxsi xoşbəxtliyini qan töklüməsin deyə qurban verir. Başqa bir hissədə o, köləni xilas edərək, özü könüllü onun statusuna keçir. O, müharibəyə müqavimət çağırışı edəndə ideoloq kimi çıxış edir, onun hər sözü sloqan, çağırış kimi səslənir: “Mənə qan lazım deyil. Mənə ölüm lazım deyil. Mən qəfil oyandım. Siz də oyanın. İnsanlığı astanasında necə davrandığını görün. Ayılın. Qoy insanlar sülhə gəlsin. Ölüm zalımlar üçün qorxuludur. Qullar üçün isə sadəcə bu dünyadan digərinə köçməkdir”. Ədəbi materialın bu cür ideoloji siyasi traktovkası, qəhrəmanın konsepsiyası, insanın xilası naminə özünü qurban vermə, daimi yolçuluğu ilə rejissor onu hətta ideoloqdan peyğəmbər səviyyəsinə qaldırır. Qeys obrazı indinin siyasi-ictimai hərbi durumulyla da səslənir. Bilmirəm, bugün sülh çağırışı edənləri nə qədər həqiqi pasifist adlandırmaq olar. Lakin əsl pasifist zorakılığı dayandırmaq üçün özünü qurban verən adamdır. Bu mənada şəhidlərimiz ədalətli sülhü bərpa etmək üçün öz həyatını qurban verir və mən məhz onları əsl pasifist sayıram. Qəhrəmanlar ölsə də, rejissor filmi bədbin bitirmir. Final səhnəsi Qeysin ideologiyasının ardıcılları Zeynəbin və Zeydin onun yolunun davam etdirməsi ilə bitir. Ola bilsin, Lətif Səfərovun filmi ideoloji-siyasi qatda işləməsi (ssenarist Ənvər Məmmədxanlıdır) Kozintsevin tələbəsi olması ilə də bağlıdır. Çünki Kozintsev ədəbi materialları siyasi mənalarla çox yükləyirdi. Bura “Don Kixot”, “Hamlet”in ekranlaşdırmaları aiddir. “Hamlet”in kinoda 40 yazın versiyası çəkilib. Amma ən siyasi yozumu Kozintsev edib. “Leyli və Məcnun” daha çox poetik realizm estetikasında işlənib: dialoqların poetik sturkturu, personajların duyğularınını xüsusi vurğulanması, məkanın poetikləşdirilməsi. Məncə, Azərbaycanda komediya janrının ənənələrinin əsası həm də Lətif Səfərovla başlayır desəm, yəqin ki yanılmaram. Məsələ ondadır ki, ötən əsrin əvvəllərində çəkilən bəzi komediyalar (misalçün, “Hacı Qara”) günümzə kimi gəlib çıxmayıb. “Hacı Qara”nın rejissoru Abbas Mirzə Şərifzadə idi. Onun 1935- ci ildə çəkdiyi “Məhəbbət oyunu”nu günümüzə gəlib çıxmış ilk komediya saymaq olar. Amma təəssüf ki, “Bismillah” filmi qədər uğurlu alınmayıb. “Məhəbbət oyunu” artıq o dövrdə lentə alınmışdı ki, sovetlərin hakimiyyəti möhkəmlənirdi, kino ideologiyanın tələblərindən kənara çıxmamalıydı. Materialın rejissora yadlığı duyulur. Ssenari klassik sovet əhvalatı üzərində qurulub ( sseanristi Popov), əmək, zəhmət olmadan sovet adamının həyatında xoşbəxtlik ola bilməz fikrini təlqin edir. Sonradan, 1945-ci ildə Rza Təhmasib və Nikolay Leşşenko “Arşın mal alan” kimi koloritli uğurlu komediya çəkildi. Lətif Səfərovun rejissor kimi kinoya gəldiyi dönəm isə mülayimləşmə dövrünə düşürdü. Stalinin ölümündən sonra müəyyən islahatlar aparıldı və bu, kinodan yan ötmədi, sonrakı filmlərin keyfiyyətinə təsir elədi. Istər “Bəxtiyar”, istər “Qızmar günəş altında” bu prosesin getdiyi dönəmdə çəkilmişdi. “Bəxtiyar”ın ilk kadrlarında ideoloji nöqtə var, mərkəz Rusiya olmaqla, ümumi qardaşlığı ifadə edən mahnı oxunur. Amma ümumən əsas mövzular sevgi, dürüstlük, dostluqdur və demək olar ki, müəllif bacardıqca ideologiyadan ssenarini təmizləməyə çalışıb. Bugünümüzdən baxanda Lətif Səfərov populyar kino çəkib: geniş auditoriyanın zövqünə hesablanmış, asan həzm olunan mənasında. Eyni zamanda filmlərində müasir komediyaların əksərində çatışmayan keyfiyyətli yumor, mübaliğəyə yol verməyən aktyor oyunu, ifadəli mizanlar var, yumor zarafat səviyyəsində işlənmir, onun dəqiq bədii və dramaturji funksiyası mövcuddur. “Bəxtiyar” lirik komediyadır və özəlliyi musiqidir (bəstəkar Tofiq Quliyev). Musiqi filmdə yalnız emosional güc rolunu oynamır. Hətta deyərdim ki, onun rolu daha çox başqadır: burda musiqi vizual seqmentidir, şərhdir, situasiyadır, digər epizodu şərtləndirən epizoddur. Bəxtiyarın “Əziz dost” mahnısı sevgi etirafı epizodudur. Peşəsi ilə bağlı mahnı iş tərzi, karyerası haqda informativ məlumat verir. Vals gecəsi uşaqlıqla vidalaşmadı. Klub səhnəsində musiqi özünüifşadır. Yəni, hər mahnının dramaturji təyinatı var. Azərbaycanda komediya filmləri kütləvi istehsala başlayanda, gözləyrdik ki, zamanla başqa janrlarda da keçid ediləcək. Əvəzində isə komediyanın başqa janrlarla qarışığını gördük. Yəni bütün hallarda komediya yenə dominant olaraq qaldı: horror komediya, melodram komediya, detektiv komediya. Dediyim daha çox kommersiya kinosuna aiddir. Müəllif kinosunda dram janrı dirçəlsə də, kommersiyada, geniş kütləyə hesablanmış filmlərdə bu, baş vermədi. Düşünürəm ki, Lətif Səfərov bu janrda da öz istedadını göstərə bildi. “Qızmar günəş altında” (ssenarist Həsən Seyidbəyli) dram janrında çəkilsə də, ayrı-ayrı fraqmentlərdəkı komik elementlər dramatizmi yumşaltmaq vəzifəsini daşıyır. İkinci planda olan musiqi də daha çox dramatik hadisələrin arasında pauzadı, nəfəsdərmədir, köməkçi rolunu oynayır, “Bəxtiyar”da olduğu kimi dramaturji öhdəliyi yoxdur, amma heç bir halda illüstrativ deyil və hər iki filmdə müəllif peşə etikası məsələsini qoyur ki, bu da Lətif Səfərovun öz işinə maksimalist, perfeksionist münasibətindən irəli gəlir. Bir məqamı da qeyd edim. Hər iki filmdə zərif, bədii- estetik erotizm duyulur. Lətif Səfərov erotizmin bədii həllini açıq səhnələrə yol vermədən ustaca təsvirinin mümkünlüyünü göstərir. Və təbii ki, bunu həm də materialın öz təbiəti diktə edir. Lətif Səfərov məkanlardan dinamik, funksional istifadə edir. “Qızmar günəş altında” nın ilk epziodunda apokaliptik təbiət təsviri, “Bəxtiyar”da sənaye görüntüləri, “Leyli və Məcnun”dakı səhra təsvirləri vizual plastik, obrazlıdır.
Lətif Səfərovun yaradıcılığını araşdıranda bir məqam da diqqətimi çəkdi ki, əslində çox rejissorlarımız üşün bu problem idi. Söhbət rejissorlarının üzərinə yaradıcılıqlarının ilk illərində sosializm quruculuğuna aid filmlər çəkmək öhdəliyinin qoyulmasından gedir. Lətif Səfərovun ilk müstəqil işi “Çağırışa cavab” (1947) Sosialist Əməyi Qəhrəmanı, Sürəyya Kərimova, diplom işi “Yeni həyat qurucular”ı (1949) “İskra” kolxozu haqdadır. Bayaq Nəriman müəllimin dediyi kimi, rejissorlara müxtəlif öz mövzularını çəkməyə imkan verməyiblər, onlar sovet dövrünün sərt qanunları, ideologiyanın təzyiqi altında idilər. Bu filmləri izləmək imkanım olmasa da, “Bakı və bakılılar” ideoloji filmini (1957) izlədim Filmdə inqilabdan əvvəlki Bakı 1950-ci illərin Bakısı ilə müqayisə olunur. Lakonik, poetik və vizual baxımdan informativ filmdir. Keçmiş və indinin müqaysəsi maraqlı fəndlə həll olunur. Və təkcə bu qısa film üçün saysız- hesabsız araşdırma etməsi faktı Lətif Səfərovun işinə sonsuz sevgisini göstərir.
“Leyli və Məcnun” filmində Zeynəb rolunu oynamış Firəngiz Qurbanova da Lətif Səfərovun şəxsiyyəti haqda fikirlərini söylədi:
Mən indi onun taleyi haqda deyilənləri dinlədim. Çox qəribə hisslər yarandı və mən əslində başqa şeydən danışmaq istəyirəm. Heç bilmirdm ki, onun bu qədər çətin, məcazi mənada desək, səngərdə döyüşlərdə keçən həyatı olub. Kədərlidir ki, doğulandan onun xoşbəxt həyatı olmayıb, o, xoşbəxtliyin nə olduğunu bilməyib. Çəkiliş meydançasındakı günləri xatırlayıram, onun demək olar ki, səsinin qaldırdığını eşitmədim. O, uca boylu deyildi, həddən artıq arıq idi və həmişə əsəbiydi, dırnaqlarını çeynəyirdi. Bu vərdişindən əl çəkə bilmirdi və yetkin bir adamın bunu etməsi məni təəccübləndirirdi. Məncə, ona imkan vesəydilər, o, öz həyatı haqda çəkərdi. Onun həyatı hazır ssenaridir. Bu gündə çəkmək olar. O, istədiyini çəkə bilmədiyi üçün də çıxış yolu axtarırdı. Lətif o adam idi ki, ona heç vaxt sevgi hissi toxunmamışdı. O, həmişə tənhalıqda yaşamışdı. Ümumiyyətlə, mən Lətifin mahiyyətini belə dəyərləndirərdim: Lətif Səfərov həyatın, taleyin yaratdığı, amma heç vaxt səslənməyən bir musiqi aləti idi.
Kinotənqidçi Aygün Aslanlı:
Bir sual vermək istəyirəm. İntriqalar nə dərəcədə yaradıcılığa təsir edirdi? Adil İsgəndərov bir tərəfdən kino üçün əhəmiyyətli işlər görürdü, digər tərəfdən isə onun nəzarətindən kənarda nəyinsə baş verməsinə icazə vermirdi.
Firəngiz Qurbanova:
İntriqa paxıllıqdan qaynaqlanır. Bu, insani hissdir. Amma bizdə intirqa daha parlaq, daha dərin idi. Çox yaxşı xatırlayıram ki, “Qaynana” filminə görə Bədii Şuranın iclasında Hüseyn Seyidzadəni az qala didsinlər.
Əli isa Cabbarov:
İntriqalar hər yerdə var. Oleq müəllim “Mosfilm”də işləyib. Oleq müəllim, orda belə intriqalar vardı?
Oleq Səfərliyev:
Məndən əvvəl “Mosfilm”də Əjdər İbrahimov işləyirdi. Ssenari gətirir rus kəndi haqda. Bir il gözləsə də, cavab verilmir. Axırda gedir Kinematoqrafiya Komitəsinə, ona deyirlər ki, siz rus kəndi haqda film çəkə bilməzsiniz, burda uyğunsuzluq var. Başqa mövzu seçin. O da deyir ki, necə olur yəhudi Aleksandr Şeyn “Azərbaycan iri addımlarla addımlayır” çəkə bilir, mən isə yox. Ondan sonra ona icazə verilir. Mixalkov da İvan Dıxoviçnıya imkan vermirdi Buninin əsərini çəkməyə. Ona görə bunu yəhudi yox, rus çəkməliydi. Mübarizə lazımdır. İntriqalar həmişə olacaq.
Əli İsa Cabbarov:
Mənə elə gəlir, müzakirənin əvvəlində dediyim, Lətif Səfərovu canlı insan olaraq tanımaq məqsədimizə çatdıq. Burda səslənən faktlar çoxumuz üçün gözlənlməz oldu. Bir şey aydındır: Azərbaycan kinosu həmişə mübarizə meydanı olub. Sənət və sənətin düşmənlərinin mübarizəsi meydanı. Lətif Səfərov da bu mübarizənin ən parlaq simalarından olub.
müzakirənin videoversiyasını burdan izləyə bilərsiz:
https://www.youtube.com/watch?v=INEbOZ-vkTM
aki.az