“Mahnı belə yaranır” - 65

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi  “Mahnı belə yaranır” filmidir, çəkilişindən 65 il keçir…

1957-ci ildə “Bakı kinostudiyası” bioqrafik dram janrında olan “Mahnı belə yaranır” tammetrajlı bədii filmini istehsalata buraxdı.

Yazıçı, kinodramaturq Roman Fatuyevin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissorlar Rza Təhmasib və Mikayıl Mikayılov quruluş verib.

Film XX əsrin məhşur Dağıstan şairi, xalq aşığı Süleyman Stalskinin (Süleyman Həsənbəyov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir.

 

FİLMİN ƏDƏBİ SSENARİSİ MÜZAKİRƏ OBYEKTİNƏ ÇEVRİLDİ

 

Rza Təhmasibin kinostudiyada yenidən fəaliyyətə başladığı dövr 1950-ci illərə təsadüf edir. Həmin dövrdə kənar studiyalardan olan müxtəlif janrlı ssenarilər Bakı kinostudiyasına təqdim olunurdu.

Xüsusilə Moskvadan “Bakı kinostudiyası”na göndərilən ssenarilərin çoxluq təşkil edirdi ki, nəticədə də həmin ssenarilər tez bir vaxtda plana salınırdı.

1950-ci ildə moskvalı kinodramaturq Roman Fatuyev Dağıstan şairi Süleyman Stalskinin həyat və yaradıcılığına həsr etdiyi, tammetrajlı bədii film üçün nəzərdə tutulan ədəbi ssenarini Bakıya gətirir. Ədəbi ssenari qəbul olunsa da onun üzərində geniş formalı müzakirələr keçirilir və bir neçə dəyişikliklərin olmasını vacib hesab edilir.

Xatırladaq ki, o dövrdə Moskvadan göndərilən ssenarilər Azərbaycanda çalışan rus əsillilər tərəfindən qəbul və yaxud təsdiq olunurmuş.

31 oktyabr 1950-ci il…

SSRİ Yazıçılar İttifaqının kinodramaturgiya üzrə komissiyasının keçirdiyi iclasında R.Fatuyevin film üçün yazdığı ssenariyə həsr edilmiş müzakirə keçirilir. Və həmin ssenari diqqətlə oxunduqdan və bəzi düzəlişlər olunduqdan sonra iclasa çıxarılıb. Müəlliflərin iştirakı ilə keçirilən müzakirənin 40 səhifəlik stenoqrammasından görünür ki, iclasda çıxış edənlər – Razumovski, Kalaşnikov, Xersonski, Şvedov, Qromov və başqaları ədəbi ssenarini ətraflı analiz etmiş, obrazların səciyyəsini, tarixi, inqilabi hadisələri, xalqın həyatını, yaşayışını, qəhrəmanı-xalq aşığını formalaşdıran mühitin həqiqətə uyğunluğunu dərindən təhlil etmişlər.

Yeri gəlmişkən, həmin müzakirədə Rza Təhmasib də iştirak etdiyi üçün heç də müzakirəyə biganə qalmayıb. Yuxarıda adları çəkilən insanların film haqında fikirləri təbii qəbul olunsa da, ssenaridəki söhbətin əsasən Bakıda cərəyan etməsi məsələsi bilavasitə yerli rejissor tərəfindən dərindən təhlil olunmalı idi ki, buna da müəyyən mənada imkan verilib. Belə ki, Rza Təhmasib iclasda çıxış edərək ssenaristlə gördüyü səmərəli işindən və filmdə görmək istədiyi məqamlardan – Bakı tətilləri, şəhərin inqilabi ruhunun, nəfəsinin Dağıstan əməkçilərinə təsirindən – danışıb.

Bütün söhbətlər, məsləhətlər səmimi qəbul olunsa da sonda ssenari üzərində yenidən işləmək tövsiyə olunur.

 

1950-Cİ İLDƏ ÇƏKİLƏN FİLM, 1957-Cİ İLDƏ TAMAŞAÇILARA TƏQDİM OLUNDU

 

Rza Təhmasiblə Roman Fatuyev ssenari üzərində yenidən işləməyə başlayırlar. Bu da bir daha sübut edir ki, rejissor ssenarisi üzərində iş aparan Rza Təhmasib Roman Fatuyevin müdaxiləsinə etinasız yanaşa bilməyib.

Rza Təhmasibin ev arxivində üzərində “Mahnı belə yaranır” yazılmış və üzərinə 28 nömrə yazılmış qovluqda ssenari və müzakirənin stenoqramması ilə birlikdə saxlanılan rejissor düzəlişləri var. Üzərində 14 noyabr 1950-ci il yazılan rejissor düzəlişləri 6 bənddən ibarətdir. Həmin bəndləri olduğu kimi nəzərinizə çatdırırıq:

  • Ssenari həcmcə çox böyükdür, mümkün qədər yığcamlaşdırmaq tələb olunur.
  • Xüsusilə ekspozisiya çox uzundur, ayrı-ayrı epizodlar dramatik situasiyaların olmasına baxmayaraq təsvirçilik xarakteri daşıyır.
  • Maqoma obrazını dəqiqləşdirmək lazımdır. Onun inqilabi hadisələrdə iştirakı üçün bu çox vacibdir. Süleymanla arasındakı yaş fərqi də azalmalı, cavanlaşdırılmalıdır.
  • Məriyatın atası kimi təqdim olunan obraz qardaşı kimi qələmə verilməlidir.
  • M.Qorkinin xəttini gücləndirmək üçün rus yazıçısının Dağıstan xalqının nəğməkarı ilə bağlı taleyinin köklərini göstərmək labüddür.
  • Ssenarinin finalı barədə ciddi düşünmək lazımdır.

Onu da qeyd edək ki, rejissor bu bəndləri ssenarinin 21 epizodunda realizə etməyi nəzərdə tutub.

Ssenarinin ilk müzakirəsi ilə filmin çəkilməyə başlanması arasında 7 illik fasilə olub. Təsəvvür edin ki, 1950-ci ildə müzakirə obyektinə çevrilərək çəkilişinə başlanan filmin tamaşaçılara olan təqdimatı məhz 1957-ci ildə baş tutub.

Araşdırmaya əsasən o da məlum olur ki, Roman Fatuyevin əsərinin təsdiqi çox vaxt apardığı üçün 7 illik fasilə olub.

 

RZA TƏHMASİBLƏ MİKAYIL MİKAYILOVUN BİRGƏ REJİSSOR İŞİ UĞURLU ALINIB

 

O dövrdəki ənənəyə görə çəkilən hər bir filmə iki rejissor təsdiq olunurdu. Çox az-az hallarda hər hansı bir ədəbi ssenarinin çəkilişi yalnız bir rejissora həvalə olunub.

“Mahnı belə yaranır” filminin də yaradıcı heyəti müəyyənləşən zaman rejissor işinə Rza Təhmasiblə birgə Mikayıl Mikayılov da təsdiq olunur.

Ümumiyyətlə isə Rza Təhmasibin quruluş verdiyi filmlərin əksəriyətində Mikayıl Mikayılov da rejissor kimi çalışıb. Ola bilsin ki, Təhmasib bu seçimdə azad olduğu üçün daima sənətinə, yaradıcılığına yaxından bələd olduğu Mikayıl Mikayılovla işləməyə üstünlük verib. Xatirələrdən belə məlum olur ki, Bakı kinostudiyasının korifeyi hesab olunan Mikayıl Mikayılovun “Mahnı belə yaranır” filminin yaranmasında böyük zəhməti olub. Hətta xatirələrdə o da qeyd olunur ki, hər iki rejissor işi elə qurublar ki, çəkiliş prosesində bir-birinə nəinki mane olmaq, əksinə biri digərinə bu və ya başqa məsələnin-epizodun, kadrın və s. həllində köməklik göstəriblər.

Filmin sınaq çəkilişlərinə bir neçə ay vaxt ayrılmasına baxmayaraq sonda Rza Təhmasibin ssenariyə əsasən rollara uyğun gördüyü aktyorların ifası əsas götürülüb. Əslində filmin hələ hazırlıq prosesində aktyor ansamblının seçilməsi Rza Təhmasibə həvalə olunub. Buna baxmayaraq isə kənar studiyalardan dəvət olunan aktyorların filmdə uyğun olan rollara təsdiq olunması vacibliyini Təhmasib bir an da olsun unutmayıb. Və təqdimatı gözləmədən Sovet kinosunun görkəmli aktyorlarının bir neçəsini Maqoma rolunun sınağına dəvət edib. Onlar arasında Çerkasov, Otello rolunun məhşur ifaçılarından biri olan Vladimir Vasilyeviç Txapsayevin adını çəkmək olar. Sonda üstünlük V.Txarsayevin ifasına verilmiş və o Maqoma roluna təsdiq olunmuşdur. Dramatik obraz hesab olunan Bədirxan roluna isə Azərbaycan səhnəsinin unudulmaz komediya ustası Məmmədəli Vəlixanov təsdiq olunub.

Filmin hazırlıq prosesində rejissoru əsas düşündürən məsələ baş rolun-Süleyman Stalskinin obrazının hansı aktyor tərəfindən oynanılması olub. Çünki rejissor onu da gözəl anlayırdı ki, baş rolunu seçiminin düzgün olması və digər rolları da ona uyğun formada bir araya gətirmək əvvəlcədən filmin yarı uğurundan xəbər verəcək. Bir çox axtarışlardın sonra Stalski roluna Mahaçqala Teatrının aktyoru Konstantin Slanov təsdiq olunur. Bu seçimin kim tərəfindən həyata keçirilməsi barədə dəqiq məlumat olmasa da əsas olan o idi ki, aktyor seçimi uğurlu idi.

Yeri gəlmişkən, filmdə Biçexarov roluna filmin reоissorlarından biri Mikayıl Mikayılov çəkilib. Təsadüfi deyil ki, Mikayıl Mikayılov bir çox filmlərdə aktyor kimi özünü sınamışdı. Həmin filmlər sırasında “Bakıda küləklər əsir” filmi də var ki, həmin filmdə də Rza Təhmasiblə Mikayıl Mikayılovun möhtəşəm tərəfmüqabil işi diqqətdən yayınmır.

 

MOSKVADA MARAQLA QARŞILANAN FİLMƏ BAKIDA BİGANƏ MÜNASİBƏT

 

Əsas çəkilişləri Bakıda və Mahaçqalada lentə alınan film tez bir vaxtda hazır olunmuş və Moskvanın baxışına təqdim olunmuşdu. Filmi bəyənən Moskva onu tamaşaçıların baxışına təqdim edir.

HAŞİYƏ: O illərdə paytaxtın bütün kinoteatrlarında hər həftə Çexoslovakiya, Macarıstan, Fransa, Almaniya, Polşa, İtaliya və başqa Avrora ölkələrinin yaxşı da olmasa, orta səviyyəli filmləri nümayiş olunur və tamaşaçılar  da böyük maraqla bu filmlərə bilet alaraq seyr edirdilər. Əcnəbi filmlərinə baxan paytaxt əhli Dağıstan şairinin-aşığının həyatına, inqilabi hadisələrin ekran həllinə və ən əsası isə maraqlı aktyor oyununa biganə yanaşıblar. Məhz bunun nəticəsidir ki, filmin ekran ömrü çox qısa olub. Bununla bağlı Rza Təhmasibin qızı öz xatirələrində yazır: “Elə həqiqətlər olur ki, onları təsdiq edən heç bir arxiv sənədi, mətbu yazısı tapmaq mümkün olmur. Məhz belə həqiqətlər konkret şəraitdə, mühitdə doğulur, sonra isə yaddaşlarda tarixə çevrilir. Bununla əlaqədar məni belə bir sual düşündürür. Hecə olur ki, dünya ekranlarını fəth etmiş “Arşın mal alan” filminin rejissorunun sonralar quruluş verdiyi iki filmi “Bakının işıqları” və “Mahnı belə yaranır”(hər ikisində qüdrətli rejissorların və aktyorların iştirakına baxmayaraq) Bakının təkcə adi tamaşaçılarının deyil, hətta kino həvəskarlarını da maraqlandırmadı? Zənnimcə bunun cavabı bir mənalıdır. Dramaturgiya, yerli həyatı bilməyən, xalqı tanımayan, tarixindən, adətindən, milli xüsusiyyətlərindən xəbərsiz olan dramaturqların müdaxiləsi. Mən qəti olaraq o fikirdəyəm ki, həmin filmlər yerli müəlliflərin ssenariləri üzrə çəkilsəydi bu əsərlərin taleyi nisbətən uğurlu olardı. Bir neçə il bundan əvvəl “Ədəbiyyat və incəsənət” qəzetində çar olunmuş “Problemlərdən biri” məqaləmdəki bir fikrə qayıdıram: “Zəif pyesdən yaxşı tamaşa yaratmaq fikrinə inanmaq çətindir. Bu, şoranlığa axıdılmış saf suya bənzəyir”. Ekran əsəri də belədir. Bəs onda rejissoru bu filmlərin üzərində bu qədər əmək sərf etməyə məcbur edən nə idi? Çox təəssüf ki, heç bir arxiv sənədində, protokolda, mətbuat səhifəsində qeydə alınmayan yalnız konkret şəraitin doğurduğu səbəbləri indi araşdırmaq müşkül işdir. İki filmin-“Bakının işıqları” və “Mahnı belə yaranır” filmlərinin talesizliyi sənətkarı düşündürməyə bilməzdi. Səbəbi ona və yalnız o zaman ona məlum olsa da bu barədə aşkar, uca səslə danışmaq hələ mümkün deyildi. Odur ki, susurdu və yeni imkanla “səhvini” düzəltməyi arzu edirdi. Belə bir imkan 1959-cu ildə yarandı. Rza Təhmasibin qardaşı yazıçı Məmmədhüseyn Təhmasib vaxtilə yazdığı “Bahar” pyesinin motivləri əsasında işlədiyi kinossenarini studiyaya təqdim edir. Bədii Şuranın müzakirəsindən və tədqiqindən sonra gərgin iş başlanır və filmin quruluşçu rejissor işi Rza Təhmasibə tapşırılıb”.

Rza Təhmasibin kinorejissor kimi fəaliyyəti məhz “Onu bağışlamaq olarmı?” filmi ilə bitib.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Roman Fatuyev, quruluşçu rejissorlar Rza Təhmasib, Mikayıl Mikayılov, quruluşçu operatorlar Teyyub Axundov, Cavanşir Məmmədov, rəssam-Nadir Zeynalov, bəstəkar Niyazi, geyim rəssamı Əlisəttar Atakişiyev, səs operatoru Əziz Şeyxov.

Rollarda iştirak edirlər: Konstantin Slanov(Süleyman Stalski), Vladimir Txarsayev(Qara Maqoma), Afanasi Koçetkov(Maksim Qorki), Məmmədəli Vəlixanov(Bədirxan), Z.Abiqasalanova(Məriyat), Əli Qurbanov(kor aşıq), Abbas Rzayeva(Xanapi), Ş.Montaşev(harun), Z.Qalazova(Ayna), A.Qurumov(hizri), Mikayıl Mikayılov(Biçeraxov), Ələkbər Hüseynzadə(Hacımed), Fateh Fətullayev(Bədirxanın adamı), Sadıq Hüseynov(sərnişin), M.Rəşidxanov), Süleyman Tağızadə) və b.

Saleh ŞƏKƏRLİNSKİ