Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci ilin mayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, kinodramaturq, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi qeyd olunacaq.
M.İbrahimbəyov 1960-cı illərdə ədəbiyyata qədəm qoymuş, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaratmaqla bədii fikrin zənginləşdirilməsinə öz töhfələrini vermiş yazıçılardan biri olub. Yaradıcı fəaliyyətilə SSRİ miqyasında tanınan yazıçının ilk kitabı 1961-ci ildə işıq üzü görüb. “Bütün yaxşılıqlara görə ölüm”, “Truskavesə kim gedəcək” , “Ondan yaxşı qardaş yox idi”, ” Qoy o bizimlə qalsın”, “Bayquş gəldi”, “Kərgədan buynuzu” və s. ən məşhur romanları hesab olunur.
Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib, 36 xarici dilə tərcümə olunub. “Mezozoy əhvalatı” (1975), “Bütün yaxşılıqlara görə ölüm” (1978), “Kərgədan buynuzu” (1993), “Müdrik Sfinks gülümsəyir” (2001), “Final restoranı” (2006). “Ülyahəzrətin rolls – roysu” (2009) və başqa pyesləri altmışdan çox teatr səhnəsində oynanılıb. Eyni zamanda, bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda müxtəlif kinostudiyalarda ekranlaşdırılıb. Ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri onun yaradıcılığında öz əksini tapıb.
M.İbrahimbəyov bədii kino sahəsinə 1968-ci ildə ssenarisi əsasında Arif Babayevin quruluşunda çəkilən, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Uşaqlığın son gecəsi” filmi ilə gəlib. Kinodramaturqun bu debütü çox uğurlu alınıb, “Komsomolskaya pravda” onu Azərbaycan kinematoqrafının dirçəlişi prosesində “ilk qaranquş” adlandırıb. Onun ssenarisi əsasında 1969-cu ildə görkəmli yazıçı, rejissor Həsən Seyidbəylinin çəkdiyi növbəti “Bizim Cəbiş müəllim” filmindəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Yazıçının “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilən filmdə müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından bəhs edilir.
1970-ci illər yazıçının kinoda ən məhsuldar çalışdığı dövr olub. Həmin dövrdə Sovetlər ölkəsinin müxtəlif studiyalarında onun ssenariləri əsasında çəkilmiş filmlər bir-birinin ardınca ekranlara çıxırdı: “Dağ mağarasının sirri” (M.Qorki adına kinostudiya), “Mezazoy əhvalatı”, “De ki, sevirsən məni”, “Bayquş gəldi” (“Azərbaycanfilm”), “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya), “Dağ mağarasının sirri” (1975, rejissor Lev Mirski / Rusiya, “Bütün yaxşılıqlar üçün ölüm” əsəri əsasında), “Sən nəğməmsən mənim” (1975, rejissor Anatoli Kabulov / Özbəkistan), “Truskavesə kim gedəcək?” (1977, rejissor Valeri Əhədov / Tacikistan), “Ona görə ki, mən Ayvar Lidakam” (1978, rejissor Biruta Veldre / Latviya), “Qızıl buzovların valsı” (1992, rejissor Murad İbrahimbəyov / Rusiya), “Gənc qadın üçün kişi” (1996, rejissor Murad İbrahimbəyov / Rusiya) filmlərin də ssenari müəllifidir.
Yazıçının əsərləri geniş tamaşaçı auditoriyası topladığı kimi, ssenariləri əsasında çəkilən filmlər də daima böyük maraq toplayıb. M.İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri onun yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Qeyd edək ki, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla tədbirlər planı şəklində həyata keçiriləcək.
aki.az