Milli Kino Tariximizdən – “Yeddi oğul istərəm” - 50

“Milli Kino Tariximizdən” rubrikamızda bu dəfə 50 ilini tamamlayan “Yeddi oğul istərəm” filminin yaranma tarixindən bəhs edəcəyik.

Yusif Səmədoğlu filmin ssenarisini xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında yazıb. 20-ci illərin komsomolçularının mübarizəsindən bəhs edən, inqilabın qələbəsinə ürəkdən inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman 7 oğul…

Öncəliklə filmdə Peykanlı adının çox çəkilməsi Səməd Vurğunun adı ilə bağlıdır. Belə ki, ssenari bütünlüklə Qazax mahalı ilə bağlıdır. Və önəmli məqamlardan biri də odur ki, filmdə göstərilən qəbristanlıq qurulmuş səhnə olub. Atışma, partlayışla müşayiət edilən səhnələr olduğundan bunları real qəbristanlıqda etmək istəməyiblər. Əlbəttə ki, yaradıcı heyət müsəlmançılqdan çıxış edərək belə qərara gəliblər ki, dünyasını dəyişənlərə hörmətsizlik etmək olmaz. Filmin baş rəssamı Nadir Zeynalov yaradıcı heyətlə belə qərara gəliblər ki, qəbristanlıq səhnəsi kənar bir yerdə qurulsun. Məkan olaraq Qobustan seçilir. O da təsadüfi deyil ki, filmdə mənfi qəhrəman olan Gəray bəyin düşərgəsi də Qobustanda çəkilib. Yaradıcı heyət Qobustanda rahatlıqla güllə atıb, at çapıb və partlayış səhnələri qura biliblər, bir sözlə, seçilən məkan çəkiliş üçün əlverişli olub.

KAMİL RÜSTƏMBƏYOVUN REJİSSOR TƏYİN OLUNDUĞU FİLMİ TOFİQ TAĞIZADƏ ÇƏKDİ

Əslində filmin çəkilişləri Kamil Rüstəmbəyova tapşırılıb. Və rejissor bu filmə qədər “Aygün”, “Dağlarda döyüş”, “Dərviş Parisi partladır”, “Gözlə məni”, və s. filmləri çəkmişdi. Sınaq çəkilişləri aparan rejissor hər obraza uyğun bildiyi aktyorların seçimini edir və gözlənilmədən hər şey bir gün ərzində dəyişir. Belə ki, film Kamil Rüstəmbəyovdan alınaraq Tofiq Tağızadəyə tapşırılır. Bunun hansı səbəbdən baş verdiyini anlamaq, və ya arxasında hansı müəmmalı bir durumun olduğunu düşünməyə yəqin ki, gərək yoxdu. Gəlin məsələyə sadəcə belə baxaq: Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkərək adını kino tarixinə yazmalı idi, yəqin ki, bu onun qisməti imiş! Ola bilsin ki, bu durum Kamil Rüstəmbəyova pis təsir edib və ya əksinə, üzləşdiyi müəmmalı durum onu daha da gücləndirb ki, nəticədə bu filmin ərsəyə gəlməsindən bir il sonra “Axırıncı aşırım” filmini çəkir. Etiraf edək ki, Axırıncı aşırım” filmi bədii sənət nümunəsi kimi heç də “Yeddi oğul istərəm” filmindən geri qalmır. Və o da təsadüfi deyil ki, Kamil Rüstəmbəyov “Yeddi oğul istərəm” filminə təsdiq etdiyi aktyorların əksəriyyətini “Axırıncı aşırım”a dəvət edib. Həmin aktyorlar Həsən Məmmədov, Həsən Turabov, Hamlet Xanızadə, Əbdül Mahmudbəyov, Şahmar Ələkbərov bu filmdə də böyük ustalıq nümayiş etdiriblər.

KİNO TARİXİNƏ YAZILAN 7 OĞUL VƏ YA 7 AKTYORUN BİRLİK GÜCÜ

Həsən Məmmədov(Bəxtiyar)

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi əksər fimlərdə önəmli rollara imza atan Həsən Məmmədovun “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar obrazı özünəməxsusluğu ilə seçilir. Aktyor bu obraza sınaqsız çəkilib, sadəcə olaraq tərəf müqabilləri ilə birlikdə çəkilən sınaqlarda iştirak edib.

Film sanki Həsən Məmmədovun filmidir, 7 nəfərdən ibarət komanda yaradaraq qəhrəmanlıq ortaya qoyub. Onun istər at üzərində olan ifaları, istər 7 oğulu ətrafına toplayaraq hər döyüşün planını hazırlaması, bir sözlə, bir lider kimi hər məqamı diqqətdə saxlamaq, cavabdehlik daşımaq, məsuliyyət hiss etmək və s. hamısı aktyorun daxilindən gələn hiss-duyğu idi. O, bəlkə də elə özünü oynayırdı…Çəkilişlərin birində Həsən Məmmədov hətta atdan yıxılıb ayağını sındırsa da buna adi baxıb və çəkilişə davam edib. Yəni, hər şey kinoya xidmət etməlidir: aktyor zədələnə də bilər, xəstələnə də bilər, ancaq film yarımçıq qala bilməz- bu, aktyorun kinoyla bağlı olan düşüncəsi idi, bəlkə də həyat fəlsəfəsi idi… .

Şahmar Ələkbərov(Qəzənfər)

Aktyor kimi bənzərsiz ifa nümayiş etdirən, səs imkanları ilə həmkarlarından seçilən Şahmar Ələkbərovun kino məhəbbəti bir başqa duyğu üzərində köklənib. O, Tofiq Tağızadənin “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz” filmlərində maraqlı obrazlar yaradıb. Qəzənfər obrazı 7 oğulun içində daha çox sadəliyi, bəlkə təmkinli olması ilə seçilir. Hər səhnədə bir məkanda silaha sarılmış vəziyyətdə çəkilməsi, hadisələrə əsasən sakit reaksiya verməsi ilə seçilir. Filmdəki ölüm səhnəsi isə, onun üz cizgilərində təbəssümlə həyata vida etməsi, əslində bir qəhrəmanın həyatla vidalaşmasından daha çox, “mübarizə davam edir” şüarını səsləndirməsinə bənzəyir.

Ələsgər ibrahimov (Zalımoğlu)

Qəhrəmanlarımızdan sakit təbiəti ilə seçilən, ssenariyə əsasən hadisələri arxa planda qalaraq izləyən Zalımoğlu, nə qədər çox arxa planda qalmaq istəsə də görünüşü ilə diqqəti çəkir və bir epizodda onun silhadaşları ilə söhbəti, sanki mesaj kimi illər sonranın mənzərəsini təqdim edir. Bir anlıq xatırlayaq Bəxtiyar, Zalımoğlu, Cəlal ocaq başında oturaraq söhbət edirlər:

Zalımoğlu: Bəxtiyar, sən bizdən çox oxumusan, de görək başqa millətlər də bizim kimi bir-birini qırır? Belə birtəhər millətik e, gözümü açandan güllə səsi, ağlaşma səsi eşidirəm. Elə biz müsəlmanların alnına yazılıb bir-birinin qanını tökmək, axırına çıxmaq?

Bəxtiyar: Məsələ yazı-pozu məsələsi deyil. Dünya qurulandan fağır zalımla, ac toxla vuruşub, ona görə də qan tökülüb, məmləkətlər dağılıb, şəhərlər, kəndlər viran qalıb. Buna görədir Zalımoğlu, ancaq buna görə…

Zalımoğlu: Çox çəkəcək bunlar?

Bəxtiyar: Bilmirəm…

Doğrudur, bu səhnə əsərin gücündən qaynaqlanaraq ssenaridə cəm olunur və rejissor işi sayəsində ekrana gətirilir, ancaq aktyor ifasındakı bu mücərrəd duruma olan yanaşma, münasibət sanki illər sonra da davam edəcək mübarizəyə işarə edir ki, Zalımoğlu həmin səhnədki ifası ilə o məzlum, mücərrəd durumu ustalıqla göstərir, bəlkə də elə özünü oynayır, ömrün gənc vaxtında yarımçıq qalacaq həyatının ümidsiliyinə qapılır. Və yaddaşımıza Zalımoğlu kimi həkk olunur…

Yeri gəlmişkən, çəkilişlər zamanı Zalımoğlunun-Ə.İbrahimovun ən çox qorxduğu at minmək imiş. Kadrlarda da həmişə yeddi oğuldan ən axırda o gəlir. Ona görə də at minmək və çapmaq səhnələrində dublyorlardan istifadə olunub.

Elçin Məmmədov (Mirpaşa)

Filmdə Mirpaşa obrazının keçmişi barədə ən vacib məlumatı Gizir verir: “Haralı olduğunu bilmirəm, amma deyilənə görə, Tiflisdən Gəncəyədək qazamatlarda ad qoyub”. Mirpaşanın qazamatlar sakininə çevrilməsi konkret olaraq açılmasa da əsas olan odur ki, o ssenariyə əsasən ifası ilə səbəbləri açıqlayır.

Filmdəki səhnələrdən birini xatırlayaq: Bəxtiyarın Kələntərə ünvanlanaraq “Kimsən, a kişi” sualı və qarşı tərəfin qeyri-müəyyən cavabı Mirpaşanın silaha sarılmasına səbəb olur: “Bu saat kim olduğunu yadına salarıq” deyərək hazır vəziyyətdə durması, silahdaşları mane olmasa atəş açaraq Kələntəri öldürmək istəyi, artıq onun mübarizə əzmində olan, düşmən tərəfə güzəşt etməyən, kəmhövsələ biri olduğunu üzə çıxır. Tamaşaçı sanki ilk səhnədən Mirpaşanın aqibətini düşünür. Növbəti epizodların birində qurbanlardan birinin bədəninə saysız güllə yağdırması, mane olunmasa geri çəkilməyək xarakterini ortaya qoyması onun qəddar olduğunu deyil, əksinə baş verənlərə, dövrün amansızlıqlarına sıxılan, haqsızlığa qarşı susmayan ürəyinin səsini ortaya qoyması deməkdir. Mirpaşanın axundla söhbəti olan epizod isə tamaşaçı üçün bir başqa mənzərəni açır. Əslində o, dini eybəcərləşdirən, insanların canına yersiz qorxu salan kütləyə qarşı ironik münasibətini göstərir. “Axund da, molla da inqilabın düşməndir” deyən Mirpaşanın, yəni aktyor Elçin Məmmədovun ifası bu səhnədə nə qdərə çox güclüdürsə, əslində onun gücü ssenaridən irəli gələn sözün təsiriylə yaranır. Yenə də o fikrə gəlirik ki, SÖZ yeri gələndə silahlardan belə itidir, öldürücüdür. Müsəlmanın sitayiş etdiyi. Yer üzünə Allah tərəfindən axırıncı olaraq göndərilən və göndərilmə səbəbiylə müharibilərə, qan tökülməsinə son verilməsinin tapşırıldığı İSLAM dininin “dinsiz”lərin əlində oyuncağa çevrilməsinə qarşı Mirpaşaların silahı danışmalıdır, sonunda həmin soyuq silah kürəyinə sancılsa da…

Ənvər Həsənov (Cəlal)

Ən gənc komsomolçulardan olan, Ənvər Həsənovun ifasında romantik qəhrəman kimi tanıdığımız Cəlal obrazı romantik aşiq olduğu qədər də cürətli döyüşçüdür. Aktyor deyir ki, filmdəki atışma səhnələrinin çəkilişi çox təhlükəli idi: “O vaxt bizim istedadlı pirotexniklərimiz vardı. Bütün döyüş səhnələri onların əməyi sayəsində reallaşdırılırdı. Aktyorlara 7 metrdən az olmamaq şərtilə güllə atmağa icazə verilirdi. Partlayışlar, ard-arda silahların açılması çox təhlükəli idi. Filmin ilk səhnələri Fatmayı kəndində çəkilib. Məscid səhnəsi, Bəxtiyarın camaatla söhbətləşməsi, eyni zamanda Cəlalla Humayın görüş səhnəsi də həmin kənddə lentə alınıb.Cəlalın ölümündən sonra qalan “6 oğulun” çıraq başında şer deməsi kinostudiyanın pavilyonunda çəkilib. Biz o qədər obraza girmişdik ki, təhlükəli səhnələri özümüz oynayırdıq. Buna görə də kaskadyorlardan demək olar ki, çox az istifadə edilirdi”.

Əbdül Mahmudbəyov (Qasım)

“Yeddi oğul istərəm” filmində yeddi oğuldan biri, Qasım obrazını böyük hiss-həyəcanla oynayan Əbdül Mahmudov çəkiliş zamanı atdan yıxılıb ki, nəticədə də qabırğası sınıb: “Elə bir hala düşmüşdüm ki, nəfəs belə ala bilmirdim. Filmdə ona görə gipsdə çəklimişəm. Sonra da damdan yıxılmışdım. Biz o qədər obraza girmişdik ki, belə şeylərə fikir vermirdik”.

Rafiq Əzimov (Şahsuvar)

Ömründə at minməyən, buna baxmayaraq çəkilişdən əvvəl at çapmağı öyrənməklə filmdə peşəkarlıq nümayiş etdirən Rafiq Əzimov qeyd edir ki, Cıdır meydançasında ay yarım məşq edərək at üzərində dayanmağı, ümumiyyətlə atı idarə etməyi öyrəniblər: “Məşq prosesindən sonra Tofiq Tağızadə bizə göstəriş verdi ki, həmin atlar ilə Cıdır meydançasından kinostudiyaya gedək. Yeddimiz də atın belində şəhərin mərkəzi küçələri ilə gəlib kinostudiyanın həyətində cərgə ilə dayandıq. Sən demə, rejissor istəyirmiş təyin etsin, görsün ki, necə görünürük. Şahsuvar obrazının ilk çəkilişi kinostudiyanın pavilyonunda oldu. Mən səməni ilə kadra daxil oluram. Deyirəm ki, ”kənddə bir gəlin verdi”. İndi təsəvvür edin ki, filmin çəkilişinə az qalıb, səməni qoymağı unudublar. Heç kimə bir söz demədən çıxdım həyətə, həyətdə ot var idi, yeri qazıb xeyli ot çıxartdım. Torpağını yuyub, qayçıladım, qəşəng bir səməni düzəldib, qoydum boşqaba. Beləcə səməni yerinə otla çəkilişə qatıldım” Maraqlı məqamlardan biri də o olub ki, Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar-Rafiq Əzimov dözməyərək deyib ki, Tofiq müəllim, axı bu kişilikdən deyil ki, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq. Tofiq Tağızadə aktyorun nə təklif etdiyini soruşduqda, o, heç olmasa birimizdə bir qeyrət olsun , Bəxtiyara deyək ki, `Axı ayıbdır, niyə belə edirsən?` O, mənə qayıtdı ki, “motor” deyəndə sən Bəxtiyarı saxla. Beləliklə, çəkliş başlayanda atın üstündə çapıram və gəlib Bəxtiyara yaxınlaşıram, öz atımdan düşürəm, onun atının cilovun saxlayıram. Özümdən söz əlavə etdim: “Bəxtiyar, Bəxtiyar nə edirsən”. Bu dəmdə Bəxtiyarın atının cilovunu dartanda atın dişi qaşımın ortasına dəydi, zədələndi. Çıəkiliş vaxtı belə hallar çox olduğu üçün artıq öyrənmişik”.

Film haqqında dəfələrlə yazılıb, az qala bütün yaradıcı heyətin oyunu təhlil və ya tənqdi edilib, mənfi obrazlardan bəhs edilib və s. Bu rubrikada sadəcə 7 oğuldan danışmaq istədik, həmin oğullar ki, onlar Azərbaycan kinosunda çox önəmli yerə sahib olan usta aktyorlardır…

Azərbaycan Kinematoqrafçılar İttifaqı