“Mövsümün sonu” Almaniyada

Rejissor Elmar İmanovun “Mövsümün sonu” tammetrajlı bədii filmi Almaniyanın Köln şəhərində nümayiş olunub və filmin Almaniyanın 15 şəhərində, 20-dən artıq kinoteatrında numayişi gözlənilir.

Filmin Almaniyadakı təqdimatına Mədəniyyət Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aktyor heyəti – Zülfiyyə Qurbanova, Rasim Cəfər, Mirmövsüm Mirzəzadə də qatılıb.

Bu barədə Əməkdar artist Rasim Cəfər məlumat verib: “Nümayişdən sonra tamaşaçılar film haqqında fikirlərini bölüşüblər. Bu, Azərbaycan kinosunu təmsil edən bir aktyor kimi məni həm sevindirdi, həm qürurlandırdı”.

Xatırladaq ki, “Mövsümün sonu” rejissor Elmar İmanovun ilk tammetrajlı bədii filmidir. Filmin ilk təqdimatı 2019-cu ilin fevralında Rotterdam kinofestivalı çərçivəsində keçirilib. Film “Parlaq gələcək” (“Bright Future”) müsabiqəsində iştirak etmiş və FİPRESSİNİN (Beynəlxalq kinopressalar Federasiyası) mükafatı ilə təltif edilmişdir. 2019-cu ilin iyununda “Mövsümün sonu “Zerkalo” Beynəlxalq Kinofestivalının əsas müsabiqəsinə daxil oldu, onun nəticələrinə görə iki mükafata – “Nadir müəllif baxışına görə” mükafat və “Səs” gənc tənqidçilərin münsiflər heyətinin mükafatına layiq görülüb.

Aki.az