“Nəsimi” filmi /HƏSƏN SEYİDBƏYLİNİN 100 İLLİYİ/ rubrikasında

/Həsən Seyidbəylinin 100 illiyi/ rubrikasında silsilə məqalələrimiz davam edir. Bu dəfə rejissorun quruluş verdiyi “Nəsimi” filminin yaranma tarixindən bəhs edəcəyik.

1971-ci ildə YUHESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilir. İki il sonra bir qrup kinematoqrafçılarımız Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə “Nəsimi” bədii filmini yaradırlar.

1973-cü ildə “Azərbaycanfilm” kinostudiyası İsa Hüseynovun ssenarisi əsasında “Nəsimi” filmini istehsalata buraxır ki, tarixi mövzuda çəkilmiş filmə də Həsən Seyidbəyli quruluş verir.

 

HƏSƏN SEYİDBƏYLİ: FİLMDƏ BİZ XIV ƏSRDƏN SÖHBƏT AÇMALI İDİK, ÖZÜ DƏ NƏSİMİDƏN

 

Filmin müəllifləri həm elmi, həm tarixi, eyni zamanda etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün çəkilişə görkəmli Nəsimişünasları, filoloq alimləri, sənətşünasları dəvət etmişlər. Və hər hansı bir epizodun çəkilişi zamanı onların məsləhətlərindən yararlanıblar.

Qeyd edək ki, Həsən Seyidbəyli hazırlıq prosesində əsasən rol bölgüsü üzərində çox düşünüb. Çünki rejissor filosof-alim, ictimai xadim, şair kimi tanınmış Nəsiminin yaşadığı həyatın bir çox epizodlarını canlı yaradaraq tamaşaçı auditoriyasını inandırmaq istəyirdi. Bunun üçün isə ilk öncə Nəsimi kimi bir dahini yaradacaq aktyor lazım idi. Həmin ərəfələrdə rejissora məsləhət verənlər çoxluq təşkil edirdi. Hətta ona başqa ölkələrdən aktyor dəvət etməyi təklif edənlər də var idi. Ancaq rejissor Nəsimini başqa ölkələrdən deyil, azərbaycanlı aktyorlar arasında axtarır.

Həsən Seyidbəyli öz xatirələrində yazır: “”Nəsimi” filmi üzərində fikirləşəndə əsas rola kimi dəvət edəcəyimiz barəsində uzun-uzadı, özü də böyük nigarançılıqla, həyəcanla düşündük, çox götür-qoy etməli olduq. Məlum olduğu kimi Nəsimi əfsanəvi bir dəyanətə, yüksək və dərin insani keyfiyyətlərə, ülvi, poetik vüsətə malik şəxsiyyət, filosof-alim, şair, ictimai xadim olmuşdur. Belə bir obrazı yaratmaq üçün böyük təcrübəyə, yüksək istedada malik aktyor tapılmalı idi. Bu məsuliyyətin qarşısında biz özümüz də bir növ duruxub qalmışdıq. Bəziləri məsləhət görürdülər ki, Nəsimi roluna aktyor seçmək üçün axtarışlarımızı daha əhatəli aparaq, Azərbaycanda deyil, başqa ölkələrin teatr və kinostudiyalarında, ən təcrübəli və ən istedadlı kino aktyorları arasında yoxlama çəkilişləri aparaq və hansı daha çox layiq olsa onu da dəvət edək. Biz XIV əsrdən söhbət açmalı idik, özü də Nəsimidən. Həmin mürəkkəb dövrün dili, danışığı, plastikası o qədər qabarıq verilməli idi ki, hər səhnədə, hər şeydə dərin bir gerçəklik, yüksək təbiilik olsun. Belə çətin məsələni təkcə sənətkarlıqla həll etmək mümkün deyildi. Nəsimi roluna dəvət olunan aktyorda mürəkkəb tarixilik, nəsimilik, hürufilik, şairlik kompleksi, əruz vəzninin ritmi, gözlərdə alışıb yanan Nəsimi alovunun qığılcımı vəhdət tapmalı idi”. Axtarışlar davam edir və tale-qismət rejissoru Azərbaycan kinosu  üçün kəşf edəcəyi aktyorla qarşılaşdırır.

Rejissor xatirələrində onu da qeyd edir ki, buna  görə də biz həmin qəhrəmanı məhz azərbaycanlı aktyorlar arasında axtarmaq qərarına gəldik və axtarışlar bizi Rasim Balayevlə rastlaşdırdı: “Rasim elə ilk baxışdan diqqətimi cəlb etdi. Yaxından tanış olduqca bu ucaboy, asket görünüşlü oğlanın iri, mənalı gözlərində gizli bir ağrı, nigaranlıq, qibtə və fədailik gördüm. Bəlkə də Rasim özü bunları bütün dərinliyi ilə bilmirdi. Bəlkə də mənim əsas köməyim bu oldu ki, Rasimi öz yaradıcılıq xəzinəsi ilə, öz çoxcəhətli istedadının boyaları ilə tanış etdim. Altı aya yaxın məşq etdik. Rasim özünü bir istedad, bir yaradıcı, yaxşı imkanları olan aktyor kimi kəşf etdi və özü öz gücünə inandı. Bu inam isə Nəsimi obrazını yaratmaq üçün çox lazım idi. Onun dil, tələffüz mədəniyyəti qənaətbəxşdir, əruz vəznində Həsimi qəzəllərini oxuyanda isə bizi də, tamaşaçıları da sarsıda bildi. Kadrdan-kadra nəsimiləşdi. Onun bütün varlığından Nəsimi ehtirası, Nəsimi şeriyyəti, Nəsimi dəyanəti sızmağa başladı. Buna görə də Ymumittifaq kino festivalında Rasim Balayevin aktyorluq sənəti və məharəti çox yüksək qiymət aldı”.

 

TOFİQ QULİYEV: “NƏSİMİ” FİLMİ MƏNİM ÜÇÜN MARAQLI YARADICILIQ AXTARIŞLARI İLƏ ƏLAMƏTDARDIR

 

Filmin yaradıcı heyətində bəstəkar Tofiq Quliyevin olması və onun yazdığı əsərlər filmə bir başqa rəng qatır. Ən önəmlisi isə “Nəsimi” filminin uğur qazanmasında bəstəkarın yazdığı musiqi başlıca rol oynayıb.

Tofiq Quliyev xatirələrində bu barədə deyib ki, “Nəsimi” filmi mənim üçün maraqlı yaradıcılıq axtarışları ilə əlamətdardır: “İş təkcə bunda deyildir ki, irtica qüvvələrinə meydan oxumuş üsyankar şair Nəsiminin obrazının canlandırılması bəstəkarın qarşısında böyük imkanlar açır. Bu film məni bir də ona görə cəlb etdi ki, iş prosesi zamanı bir çox mürəkkəb yaradıcılıq məsələlərini həll etmək lazım gəldi. Musiqi yaradıcılığının müasir formaları ilə yanaşı, elə ifadə vasitələri də tapmaq lazım idi ki, tamaşaçıları Nəsimi poeziyası aləminə, uzaq keçmişə aparsın. Axtarışlar məni belə bir fikrə gətirib çıxardı ki, musiqinin əsasını xalq musiqi yaradıcılığının klassik nümunələri olan muğamlar təşkil edə bilər. Muğamların XIV əsrdə də təqribən indiki şəkildə ifa olunduğu məlumdur. Lakin bu heç də o demək deyildir ki, qarşıdakı yaradıcılıq problemlərinin hamısı birdən-birə həll olundu. İntonasiya üzərində də çox işləmək, orkestri ud, kanon, cəng və s. qədim Azərbaycan musiqi alətləri ilə zənginləşdirmək lazım gəldi”.

 

RASİM BALAYEV: ZAHİDİN BİR BARMAĞIN KƏSSƏN, DÖNÜB HƏQDƏN QAÇAR, GÖR BU MİSKİN AŞİQİ SƏRPA SOYARLAR AĞRIMAZ

 

Görkəmli aktyorumuz Rasim Balayevin Nəsimi roluna çəkilməsi barədə mətbuat çox yazıb və Rasim müəllim də bu barədə çox danışıb, hətta yorulmadan, bezmədən, böyük sevgiylə bəhs edib. Bu baxımdan da çoxsaylı oxucuılarımız Rasim balayevin həyatının necə ağır bir dönəmində Həsən Seyidbəyli tərəfindən kəşf edilərək filmə çəkilməsi onun bəlkə də həyatının yenidən başlanması, yenidən dünyaya gəlməsi kimi bir məqam idi.

1973-cü ildə R.Balayevin həyatında ən unudulmaz hadisə baş verir, “Azərbaycanfilm” kinostudiyasının Bədii Şurası onu Nəsimi roluna təsdiq edir, gərgin məşqlər başlayır. Həsən Seyidbəyli Rasim Balayevlə çox ağır məşq saatları keçirir. Hətta elə olur ki, bir kadr bir neçə dubl çəkilməli olur. Belə gərgin məşqlərdə rejissora “nahaq yerə vaxt itirirsən, onsuz da Rasimdən Nəsimi çıxmayacaq” deyənlər də olub. Geniş dünyagörüşünə malik Həsən Seyidbəyli böyük əqidə sahibi olub və öhdəsinə götürdüy hər hansı bir işin məsuliyyətini dərk edərək addım atarmış. Eyni zamada o, bir rejissor kimi hazır aktyorlarla işləməkdən çox yeni aktyor nəsli yetişdirmək sahəsində böyük təcrübəyə malik olub. Bu baxımdan da o, maneə olmaq istəyən qüvvələr sadəcə bir kəlimə deyib: “Xahiş edirəm hər kəs öz işi ilə məşğul olsun”.

Gənc aktyor, bir çox uğursuzluğa düçar olan Rasim Balayev Nəsimi rolu üçün kəşf olunduğu zaman özü də təəccüblənib, hətta inmasızlıq içində olub. Belə bir vaxtda maneə qüvvənin mənfi fikirlərini eşidincə dahah da ümidsizliyə qapılıb. Ancaq qismətdən kim qaça bilib və ya belə uğulu bir qismətdən kim qaçmaq istəyər ki?!

Rasim Balayev deyir ki, mən portret kimi müəlliflərin bərk xoşuna gəlmişdim: “O vaxta qədər mən kinokamera qarşısında dayanmamışdım. Rolun məsuliyyəti çox ağır idi və ilk rol…Demək olar ki, sənət taleyim həll olunurdu. Məşqlər başladı və məşq proseslərinin birində hiss etdim ki, getdikcə Həsən Seyidbəylini bir aktyor kimi, bir Nəsimi kimi razı sala bilirəm”.

Yeri gəlmişkən, filmin çəkilişləri əsasən Bakı, Şamaxı, Mərəzə, Naxçıvan, Xivə, Səmərqənd, Hələb, Dəməşq şəhərlərində, habelə Abşerondakı bəzi tarixi abidələrin fonunda çəkilib. Təbii ki, filmin çəkilişi üçün seçilmiş yerlər, bilavasitə, hürufiçiliyin yayıldığı və şairin yaşadığı yerlərlə bağlıdır. Film orta əsr abidələrinin fonunda naturadan çəkilib.

Filmin ən təsirli kadrının çəkilişini yada salaq. Bu o səhnədir ki, Rasim Balayev-Nəsimi dar ağacından asılıb və dərisi soyulur. Bu səhnə o dərəcədə inandırıcı oyun tələb edirdi ki, son anda tamaşaçı inana bilsin və Nəsiminin başına gətirilən müsibətin şahidi ola bilsin.

R.Balayev bildirir ki, həmin kadr Orta Asiyanın Urgenc vilayətinin Xivə şəhərində çəkilirdi və çox çətin kadr idi: “Mən dəfələrlə ssenaridə olan həmin məqamları oxuyur və düşünürdüm. Zənnicə, o vaxta qədər hər hansı bir filmdə insanın diri-diri soyulma səhnəsi çəkilməyib. Həm də adam təsəvvür edə bilmir ki, dərisi soyulanda özünü necə hiss edə bilər. Ola bilsin ki, mənim kimi adi bir şəxsin dərisi zədələnərkən onun qışqırığı, bağırtısı aləmi bürüsün. Ancaq bu, Nəsimi idi. Nəsiminin dözümü, dəyanəti ilə həmin ağrını vermək, həmin səhnəni yaratmaq və tamaşaçını inandırmaq lazım idi. Söz arasında onu da qeyd edim ki, filmin ssenari müəllifi İsa Hüseynov mənə təklif etdi ki, əlimə bir mıx götürərək bərk sıxım. Mən belə də etdim. Təsəvvür edin ki, mıx əlimi deşsə də mən hiss etməmişdim. Çünki Həsimi ağrısını bir mıxın dərini zədələməsi ilə vermək mümkün olan şey deyildi. O ağrını gərək içdən oyadasan, içdən yaşayasan. O ağrı yalnız cismin ağrısı deyildi, o ağrı mənəviyyatın, iç dünyasının, təfəkkürün, ürəyin ağrısı idi ki, gərək inandırıcı yarada biləsən. Həsimi boş yerə demir ki, “Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, Gör bu miskin aşiqi sərra soyarlar ağrımaz””.

 

“NƏSİMİ” FİLMİNİN UĞUR QAZANMASINDA ROL BÖLGÜSÜ ƏSAS ROL OYNAYIB

 

Hər hansı bir filmin uğur qazanmasında, yaradıcı heyətin, aktyor seçiminin düzgün qurulması çox önəmlidir. Bu baxımdan da “Nəsimi” filminin uğur qazanmasında rol bölgüsü əsas rol oynayıb. Rasim müəllim də filmin uğurunun rol bölgüsü ilə əlaqəli olmasını deyir: “Nəsimini mən oynadığım üçün belə demirəm, filmdəki digər ifalar da olduqca təsirli, yaddaqalandır. Bir anlıq da olsa, “O olmasın, bu olsun” filmini xatırlayaq. Bu filmdəki hər ifanı yaradan aktyor sanki öz yeri üçün yaranıb. Başqa aktyorların ifasında həmin filmə baxmaq, inanmıram ki, lazım olan effekti versin”. “Nəsimi” filmində ən məsuliyyətli rollardan biri də Teymurləng obrazıdır. Rejissor bir çox aktyorları həmin rolda yoxlasa da qəti qərar verməkdə çətinlik çəkirdi.

H.Seyidbyli daha çox iki aktyorun namizədliyini irəli sürürdü ki, onların da ikisindən birini seçmək çətin idi. Çünki hər iki aktyor Teymurləngin zəhmini yarada bilərdi. Həmin aktyorlar Adil İsgəndərovla, Yusif Vəliyev idi. Reyissorun fikirlər düşüncəsinə qərq olunduğu bir məqamda Adil İsgəndərov öz seçimini edir və Həsən Seyidbəyliyə xitabən “Yusif Vəliyev Teymurləngi məndən yaxşı oynaya bilər” deyərək roldan imtina etdiyini bildirir.

Rasim Balayev deyir ki, Adil İsgəndərovla da, Yusif Vəliyevlə də sınaq çəkilişlərində olub:  ”Mübaliğəsiz demək olar ki, hər iki aktyorun yaratdığı Teymurləng əzəmətli idi. Ancaq təbii ki, ikisi də birdən bu rolu yarada bilməzdi. Reyissor da qəti qərar çıxarmaqda tərəddüd edirdi. Elə həmin məqamda Adil müəllim elə bir böyüklük nümayiş etdirdi ki, bunu yalnız şəxsiyyətlər, əsl sənətin qiymətini bilən fədakarlar edə bilərdi”.

Filmdə Nəsimi-Fatimə məhəbbət xəttinə mühüm yer verilmişdir. Bu xətt film boyu davam edir. Xatırladım ki, Fatimə rolunda Xalidə Qasımova çəkilib. Aktrisa təzadlı və mürəkkəb Fatimə obrazını yaradarkən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 2-ci kursunda təhsil alırmış: ”Filmin çəkilişləri Bakı, Şirvanşahlar sarayı, Qobustan, Suraxanı-Atəşgah, Xivə və Hələbdə aparılırdı. Hava çox isti idi, su qıtlığı vardı. Çəkiliş vaxtı yaxınlığımızda olan kənd camaatı bizi yeyinti məhsulları ilə təmin edirdilər. Yaxşı yadımdadır, uzun saçlarım var idi. Onları bir-bir hörürdüm, sonra isə bəlkə bir yüzə yaxın sancaqla hörükləri başıma bərkidirdilər, axırda isə pariki başıma qoyurdular. Ssenaridə belə bir yer var idi ki, Nəiminin varisinin kim olduğu gizli saxlanmalıydı, əks halda isə onu öldürə bilərdilər. Fatimənin anası isə edam edilmişdi. Buna görə də Fatimə ana nəvazişindən uzaq böyümüşdü. Mən də həyatda anamı erkən yaşlarımda itirmişəm. Bu baxımdan ağrılı və oxşar duyğular Fatimə obrazını yaratmaqda mənə yardımçı oldu. Fatimə ilə aramda olan fərq sadəcə zaman idi və  zaman fərqinə baxmayaraq biz ruhən bir idik”.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi-İsa Hüseynov, reyissor-Həsən Seyidbəyli, operator-Rasim İsmayılov, rəssam-Məmməd Hüseynov, bəstəkar-Tofiq Quliyev.

Rollarda iştirak edirlər: Rasim Balayev(Nəsimi), İsmayıl Osmanlı(Fəzlullah Nəimi), Xalidə Qasımova(Fatma), Tofiq Mirzəyev(Dövlət bəy), Səməndər Rzayev(Şirvanşah İbrahim), Məmmədrza Zeyxzamanov(şeyx Əzim), Almaz Əsgərova-Süleymanova(Şəms), Yusif Vəliyev(Topal Teymur), Muxtar Maniyev(Miranşah), Kamal Xudaverdiyev(Yusif), Əbdül Mahmudov(dərviş).

Tofiq İLK