Namiq Ağayev: Kino da, tamaşa da kütləyə xitab etməlidir
Sentyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor-aktyor Namiq Ağayevin “Ol” tammetrajlı bədii filminin nümayişi baş tutub. Tədbirin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.
Film iki qardaşın -aktyorlar mərhum Fikrət Məmmədovla Namiq Ağayevin film çəkib, Oskar mükafatı almaq istəyindən bəhs edir.
Filmdə Namiq Ağayev rejissoru, Fikrət Məmmədov ssenaristi, aktrisa Vüsalə Ağayeva isə onların qarşısına çıxmış materialı oynayır.
Nümayişdə filmin baş rol ifaçısı və rejissoru Namiq Ağayevlə, aktrisa Vüsalə Ağayeva iştirak ediblər. Müzakirədən öncə iştirakçılar filmin digər baş rol ifaçısı bu il vəfat emiş aktyor Fikrət Məmmədovun xatirəsini anıblar. Nümayişdən sonra rejissor və aktrisa film haqda fikirlərini bölüşüb, iştirakçıların və moderatorun suallarını cavablandırıblar.
Rejissor Namiq Ağayev “Ol”un yaranması haqda danışarkən deyib ki, əslində, ideyanı ilk dəfə eşidəndə, müsbət qarşılamayıb: “İlk dəfə filmin ideyasını gənc rejissor-prodüser Rəşad vermişdi. Onda hələ bəlli deyildi ki, filmi kim çəkəcək. Sadəcə ilkin ideya bu idi ki, iki qardaş film çəkib, “Oskar” almaq istəyir. Onda dedim ki, bu, ideya deyil. Sonra söhbət etdiyimiz otağa Fika (Fikrət Məmmədovu nəzərdə tutur-İ.A.L.) girdi. Fikonu görən kimi, dedim, vəssalam, film hazırdır. Ona baxan kimi, dedim ki, böyük məmnuniyyətlə, biz bunu yazmağa başlayırıq”.
Qəhrəmanlardan Vüsalə Ağayeva çıxışında deyib ki, əslində, Namiq Ağayev filmə başqa bir aktrisa dəvət edəcəkmiş: “Mən əvvəldən bilirdim ki, Namiqlə Fika görüşürlər, nə isə yaradırlar. Hər dəfə Namiq gəlib mənə ssenari ilə bağlı nə isə deyəndə, cavab verirdim ki, get, ciddi işlərlə məşğul ol. Amma axırda hazır ssenariyə baxanda, dedim ki, bu rolu mən oynayacam. Hətta o, nəzərində başqa aktrisa da düşünmüşdü (gülür-İ.A.L.), amma mən özüm dedim ki, bu rolu mən oynayacam”.
İzləyicilər arasında olan aktyor Rauf Şahsuvarov deyib ki, o, filmdə Azərbaycanda ürəyində çox sözü olan, amma onu dilə gətirə bilməyən insan obrazını görüb: “Mən burda ürəyi arzular qəbirstanlığı olan bir insan gördüm. Həm rejissor, həm də aktyor kimi. Allah Fikrətə də rəhmət eləsin, inşallah nə vaxtsa görüşəcəyik. Onun da ruhu şad olsun”.
Rejissor Amil Amal filmin uğurlu alındığını söyləyib: “Mən bu filmdə Namiq Ağayevin özünü gördüm. Özü varsa, məncə, film uğurludur. Bəyənmədiyim nüanslar da oldu. Operatorla rejissor arasında sanki müəyyən kontak yox idi. Namiq Ağayev bayaq dedi ki, bu filmdə etiraf var, amma mən burda etirafdan daha çox etiraz gördüm. Bu filmdə sanki onun Azərbaycan teatrına etirazını, onun teatr görməmişliyini- o görməmişliyi ki, o, teatrda göstərə bilmir. Namiq Ağayev tamaşalar qoymalıdır, amma qoya bilmir. Niyə qoya bilmir? -mən filmdə bunları gördüm. Məncə, filmdəki qəhrəmanların uğursuzluqları bu filmin uğurlu olmasıdır”.
Tamaşaçılar arasında olan Rusiyadan qonaq gəlmiş gənc rejissor filmi belə şərh edib: “Əvvəli çox maraqlı, əla başlanğıc idi. Amma mən sonrasına köklənə bilmədim. Sanki birdən siz üz ifadənizi dəyişdiniz. Mən absurd, özünə ironiya olacaq bir davamlılıq gözləyirdim, siz isə bizi başqa yerə apardınız. Amma nəzərə alın ki, dil baxımından mən çox şeyi başa düşmürdüm. Bununla yanaşı deyə bilərəm ki, çox uğurlu qəhrəmanlar seçilmişdi. Həmçinin də, yerlər çox əla seçilmişdi. Bu, bədii, poetik bir film idi. Bir az səsdə problem olduğunu düşünürəm. Bir də ki, məncə, filmin musiqiləri Azərbaycan musiqiləri də ola bilərdi. Amma bütün hallarda, təbrik edirəm, aktyor oyunu çox yaxşı idi”.
Rejissor Əli İsa Cabbarov filmdəki operator Ramin Asimoğlunun işinin uğurlu alındığını vurğulayıb: “Məncə, əslində, burada rejissorla operator tandemi uğurlu alınıb. Baxmayaraq ki, operatorun çox böyük təcrübəsi yoxdur, buna rəğmən, ortaya çox səmimi və emosional iş qoyub. Adətən görürük ki, bizdəki operatorlar texniki və təcrübə cəhətdən kamil olsalar da, ortaya emosional, tamaşaçı ilə danışan bir təsvir qoya bilmirlər. Amma bu filmdə bu təsvir var. Məsələn, indicə əcnəbi birinin fikrini dinlədik və gördük ki, o, dili yüz faiz başa düşməsə də, filmlə emosional kontakta girə bilib. Bunu ona başa salan məhz təsvirdir”.
Kinorejissor Məzahir Haşımov fikirlərini belə bildirib: “Bəlkə də Namiq müəllim məndən inciyəcək, amma mən fikrimi bildirmək istəyirəm. Filmi bəyəndimmi? Yox, bəyənmədim. Amma deyim ki, Azərbaycan kinematoqrafiyasında bu janrda film çəkən yoxdur. Rusların bir sözü var “Sadəcə kameranı götürüb, film çəkmək olmaz”. Siz bunu etmisiniz və çox qəşəng etmisiniz. Bunun üçün ürək lazımdır, bu, super bir şeydir. Amma digər tərəfdən, bu janr siz demişkən, artıq çeynənib. Yenə də sizin belə bir forma etməyiniz, mənə ləzzət etdi. Mənim üçün filmin əvvəli başqa, ortası bir başqa, finalı isə tamam başqa bir şey idi. Final özü bir film idi. Bir şeyi də deyim, bu film 3 nəfərlik tamaşa olsaydı, super bir şey olardı. Ümumiyyətlə isə bir daha deyim ki, siz bu filmlə çox böyük bir addım atmısınız. Ona görə də sizi təbrik edirəm”.
Musiqi ilə bağlı iradlara cavab olaraq rejissor bildirib ki, bu, filmin ilkin variantıdır: “İlkin variantdan sonra 2 il keçib. Amma açığı, pulum yoxdur musiqini dəyişməyə. İndi biz filmi fesvtivala göndərmək istəyirik, ona görə də musiqisinə təzədən baxılacaq. Musiqini bütövləşdirsəm, məncə, janr bütünlüyü yaranar. Əslində, bəzi səhnələr var, onları da aça bilərdim. Qaldı ki, siz (fikrini bildirən tamaşaçıya müraciət edir -İ.A.L.) haqlısınız. Bir şeylə başlayıb, başqa şeylə bitirmək mənim subyektiv seçimim idi. Çünki mən eklektika sevirəm. Bir şeyi də deyim ki, bu film əslində, festival üçün nəzərdə tutulmamışdı. Bu, kommersiya filmi idi. Şit komediyaların qarşısına nənənin ölümünü çıxarmışdım. Sentimental. Filmin məqsədi alternativ, öyrəşmədiyimiz kommersiya filmi yaratmaq idi”.
Baş rol ifaçısı və rejissorun həyat yoldaşı Vüsalə Ağayeva musiqi ilə bağlı iradlara cavab verərkən deyib ki, əslində, Namiq Ağayev filmdə öz yaradıcılıq prosesini göstərib: “Bəlkə Namiq mənə etiraz edər, amma məncə, o, özünün yaradıcı prosesini çəkib. Onun yaradıcı prosesi isə budur. O, polifanik düşünür, yəni, həm rejissorluğu, həm musiqini, həm təsviri. Namiq məhz filmdəki musiqilərin ladında düşündüyü üçün o musiqiləri də seçib məncə. Bir də bir şeyi deyim, Azərbaycan kinosunun prodüser problemi var. Əlbəttə ki, bizim filmdə də prodüserlər var idi. Amma ümumən, bu sahədə qeyri-peşəkarlıq var. Kino dünyanın ən böyük bizneslərindən biridir. Hollivud boş yerə yaranmayıb. Yəni, bu məhsulu istehsal edirsənsə, bunu satmalısan. Artıq prodüser bilir ki, bu musiqi niyə istifadə olunur. Təəssüf ki, Azərbaycanda həm dövlət, həm özəl sektorda tək-tük adları çıxmaqla, peşəkar prodüser yoxdur”.
Filmin kütləvi sənət olduğunu deyən Namiq Ağayevin sözlərinə görə, “Ol” kinoprokatda xüsusi uğur qazanmasa da, onun üçün film uğurlu alınıb: “Mən fərq qoymuram, kino da, tamaşa da kütləyə xitab etməlidir. Mən bunların hər ikisini də tamaşaçının zövqünə görə yox, nəfəsinə görə qururam. Filmin kommersiya və sənət filminə bölünməsini də əslində, səfehlik hesab edirəm. Belə bir bölgü yoxdur, bu bölgünü biz bölmüşük. Film sadəcə film olar, maraqlı və baxımlı olar. Biz bu filmi edəndə, mən özüm filosof olduğum üçün ən primitiv xətt, ən primitiv ssenari ilə getdik. Bu filmdə səmimiyyət və təcrübə var. Burda montaja irad tutmaq mümkün deyil, operatorumuz burdadır. Amma mən özüm komandanı xəbərdar etmişdim ki, çox primitiv işləyək ki, balans olsun və baxımlı olsun. Məncə, tamaşaçı bu filmdə oturar, uzağı xoşuna gəlməyə bilər, amma zalı tərk etməz. Çünki tempo-ritm deyilən bir şey var. Yəni, qayda var, qanun var. Adətən, rejissorlar yüzdə 20 faiz istədiyini ala bilir. Mənim də bu filmdə istədiklərim alınıb. Mən deyə bilmərəm ki, istədiklərim olmadı”.
Moderator Sevda Sultanovanın fikrincə, bu filmi müəyyən mənada Namiq Ağayev nəslinin etirafı kimi də qəbul etmək olar: “Siz filmdə Samir Qasımovun (Mərhum rejissor Samir Qasımov nəzərdə tutulur-İ.A.L) da adını çəkirsiniz, biz Samiri də buradan sevgi ilə anırıq. Filmdə nostalgiya yaşadığınız bir səhnə var. Bilirsiniz mənə nə maraqlıdır? Yaradıcılığınızda fasilələrin olması, nə isə çəkməməyiniz, nə isə tamaşaya qoymamağınız bu, nə ilə bağlıdır? Zamanla ayaqlaşa bilmirsiniz? Çünki bütün hallarda, indi elə bir dövrdür ki, texnologiya inkişaf edib, nə isə çəkmək olar və yaxud da alternativ teatr formatları var. Filmdəki o nostalgiya, əvvəlki dövrləri axtarmaqla bağlı fikriniz sizcə, bir bəhanə deyil?”
Rejissor kinoşünasın sualına cavabında deyib ki, gənclikdə nə isə çəkmək istəyirsənsə, gərək onu həmin vaxt çəkə biləsən: “Mən bu yaxınlarda bir etiraf etmişdim ki, rejissorun yaşlı olması çox yaxşıdır. Çünki onda rejissor hər hansı bir radikal yön tutmur. Yəni, həddindən artıq erotizmə, patriotizmə və yaxud da sentimentə qaçmır. İndi biz gəncliyimizi yadımıza salanda, düşünür ki, necə ola bilərdi ki, biz hansısa orijinal, gözəl bir fikir düşünə bilərdik? Amma rejissor özü filosof olmur. Sadəcə etdiyi fəlsəfi çıxır. Demək istədiyim odur ki, gənc ehtirası elədir ki, əgər gəldisə, onu gərək isti-isti çəksin də bu yazıq. Yəni, rejissorun ağlının olması vacib deyil, əsas odur ki, gələn hissi ötürə bilsin”.
Sevda Sultanovanın “Bəs indi yaradıcı insan kimi sizə həmin hisslər gəlmir?” sualına isə Namiq Ağayev belə cavab verib: “Filmdə bir az etiraz var idi. Amma mənim film içində film janrından acığım gəlir. Bu, asan yoldur. Məncə, bu, ssenari və fantaziya kasadlığıdır. Doğrudur, “Ol” etiraf filmidir, amma bu, mən deyiləm. Mən bundan sonra sərt bir “əkşn” ( action) filmi edərdim. Ümumiyyətlə, əkşını Homer də sevib, Firdovsi də sevib, Kəlilə və Dimnə də sevib, Bxaqavad Gida da sevib. Bizdə “əkşn” ucuz tutulur, çünki edə bilmirlər. Elə bilin ki, əkşın konyakdır, komediya pivədir. Biz pivə istehsal edə bilirik, amma konyak istehsal edə bilmirik. Camaatın da boynuna yıxırlar ki, komediya istəyirlər. Ümumiyyətlə, tamaşaçı nə qədər kobud olsa, o qədər yaxşıdır. Əslində, sənətçilərin həmişə bir etirafı var ki, çox mədəni tamaşaçı onların işini asanlaşdırır”.
Musiqişünas Cahangir Səlimxanov bildirib ki, adi tamaşaçı üçün “Ol” filmini başa düşmək asan olmaya bilər: “Mən 20 ildir Namiqi tanıyıram. Doğrusu, belə bir şey gözləmirdim. Film məni pozitiv mənada təəccübləndirdi. Yəni, sanki yeni Namiq gördüm, amma bir az da baxdıqca, düşündüm ki, yox, elə bu, mənim tanıdığım Namiqin potensialıdır. Doğrudur, mən filmi tutdum. Amma fikirləşdim ki, görəsən, adi tamaşaçı yazıq bu filmdən nə başa düşəcək? Yəni, istəsən də, istəməsən də, bu, festival filmidir. Bir də ki, musiqi ilə bağlı deyim ki, əgər musiqiləri bir az daha yerli koloritə yaxınlaşdırsan, məncə, filmin bu torpağa, bu zəminə bağlılığı bilinər. Çünki belə çox kosmopolitdir, bilmək olmur ki, əslində, bura aiddir”.
Tədbir iştirakçıların rejissoru və aktrisanı təbrik etməsi ilə yekunlaşıb.
İzolda Lalə Ağayeva
.