Mayın 14-də “Azərbaycan” CinemaPlus-da rejissor Elcan Məmmədovun “Nurlan” sənədli filminin premyerası keçirildi.
Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova, Elcan Məmmədovun yaradıcılığı haqda qısa məlumat verdi:
“Elcan müəllim həmişə çətin, ekstrim mövzuları araşdırır. O, “İnsan alveri nədir?”, “”Görünən və görünməyən azadlıq”, “Bataqlıq, Dəniz və Elmanın arzuları…” filmlərin müəlifidir. Elcan müəllimin daha bir maraqlı filmi var. Bu, 1993-cü il Ağdamda erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərinin fəaliyyətindən danışan “258 nömrəli piyada döyüş maşınının ekipajı” adlı tammetrajlı sənədli filmidir. Bu gün isə bir Xocalı ailəsinin taleyindən bəhs edən “Nurlan” sənədli flimini izləyəcəyik”…
Nümayişdən sonra Elcan Məmmədovla filmin müzakirəsi oldu.
Moderatorun “Filmlərinizdə bir qayda olaraq çətin mövzuları araşdırırsınız. Ağır mövzularda işləmək rejissordan hansı hazırlığı tələb edir” sualını cavablandıran rejissor, öncə qadınlar haqda silsilə filmlər çəkdiyini qeyd elədi:
“Nurlan” da bu silsiləyə aiddir… Rejissor ilk növbədə kinonu sevməlidir. Xüsusən, sənədli film rejissoru hər vəziyyətə hazır olmağı bacarmalıdır. Biz “Nurlan”ı çəkəndə gözləmirdik ki, bu filmdə proses belə gedəcək. “Nurlan” cinema-verite üslubunda çəkilib. Yəni biz bilmirdik ki, nə baş verir. Sonradan çəkilən materiallara baxanda dedik ki, bu hekayədə nəsə başqa bir şey var. Elə də oldu, növbəti çəkilişdə gördük ki, tamam başqa hadisə var. Yəni bizə öncədən demişdilər ki, belə bir yaşlı qadın var, onların əkiz uşaqları olub, biri tələf olub, ailədə gərginlik yaşanıb. Biz bu hekayəni çəkməyi düşünürdük. Biz bir az da qadının yoldaşına kilidləndik, dənizə getdik, ailə portreti yaratmaq istədik. Və orrda filmi bitirirdik. Amma sonra montajda gördük ki, film bitməyib, burada nəsə başqa məsələ vardı ki, qadın və kişi bunu bizə deməmişdi. Onda filmin ikinci hissəsi başladı. Ardıcıl suallarımızı verdik. Həqiqət ortaya çıxdı. Qadın insult keçirib və mütəxəssislərə görə, iflic keçirən insanların hafizəsi 10 il əvvələ qayıdır və onlar dəqiq xatırlayırlar. Qadının hafizəsində oğlunun kənddə dəfn edilməsi hekayəsi qalmşdı. Sonra kişi etiraf etdi. Və həqiqət birinci çəkilişdə yox, ikincidə açıldı” (məlumat üçün qeyd edək ki, Xocalı hadisələri zamanı qəhrəmanlardan biri – kişi, oğlu Nurlanla bərabər qalıb. Və Xocalını tərk edərkən Nurlan ermənilər tərəfindən güllələnib, ata məcburən oğulu orada qoymalı olub, dəfnə vaxt olmadığından üstünü ağac budaqları, kol kosla örtməli olub. Anaya isə əvvəlcə Nurlanın meyitini gətirdiyini və dəfn etdiyini deyib. red.).
Moderatorun daha sonra “Elə kadrlar oldu ki, onu filmə daxil etmədiniz” sualına rejissor belə cavab verdi:
“Vardı, çünki dramaturji cəhətdən filmi yükləyirdi. Bəzi təsvirlər fokusdan kənardı. Amma sənədli kinoda bu təbiidir. Onu təzədən çəkəndə əvvəlki həmin ifadəni, hissi itirə bilərsiniz. Bizim əldə olan texnika ilə o təsviri ala bilmirdik. Qəhrəman hərəkət edir və ona deyə bilmərik ki, dayan, operator özünə yaxşı yer seçsin. Çünki həmin məqamda çox vacib məqamlar səslənir. Biz araşdırma ilə çəkilişi eyni vaxtda edirdik”.
Kinoşünas Sədaqət Kamal bildirdi ki, Xocalı faciəsi təkcə onu yaşayanlar üçün yox, bütün bəşəriyyət üçün faciədir:
“Dənizdə çəkilən epizodlar çox xoşuma gəldi. Ən böyük faciə unudulmaqdır. Qadın başa düşdü ki, onların faciəsi unudulmayıb”.
Elcan Məmmədovun sözlərinə görə, dəniz səhnəsi uzun alınıb:
”Mən dinamikanın tərəfdarıyam. Amma vəziyyət uzun planı diktə edirdi, çünki, özüm yaşamaq istəyirdim o səhnəni. Həm də bu səhnədən sonra gərginlik başlayacaqdı. Tamaşaçını gərginliyə hazırlamaq məqsədi güdürdü. Musiqini də elə seçmişdik ki, o dövrün, yaşlı nəslin musiqisidir. Xan Şuşinski ilə Şövkət Ələkbərova oxuyur”.
AKİ-nin layihə meneceri Afaq Yusifli filmə görə rejissora təşəkkür elədi:
“Sənədli film rejissoru anı hiss etməlidir. Mənə ən çox təsir edən son səhnələri idi. Qəhrəman öz faciəsini qəbul etmişdi. Biz Qarabağda 25 minə yaxın insan itimişik və bir milyondan çox adamın hekayəsi var. Elcan müəllim, sizcə, biz Qarabağ hekayələrini danışa bilmişik vizual olaraq? Bizim əlimizdə bu qədər material var. Hələ də onları danışa bilmirik”.
Elcan Məmmədov bildirdi ki, o, rejissor kimi üzərinə düşəni edir: “Amma başqa adamların əvəzinə nəsə deyə bilmərəm. Bu filmdə hər şeyi olduğu kimi saxlamışıq. Manipulaysiya etmək olardımı? Olardı. Konstruksiyanı dəyişmək olardımı? Olardı. Biz bunu etmədik. Elə olduğu kimi göstərdik. Asan deyil buna nail olmaq, amma mümkündür. Lazım olanda qəhrəmanın qarşısında çəkiliş qrupu aciz olmalıdır, nəinki yönləndirməlidir. Biz addım-addım hadisələrin arxasınca getdik. Qəhrəmanın sənə danışması üçün empatiya qurulmalıdır, münasibətdən çox şey asılıdır”.
Rejissor Ruslan Mollayev bildirdi ki, Elcan müəllim yaradıcılıqla yaşayan adamdır:
“Bilirəm ki, hansı məqamlardan keçərək o filmi ərsəyə gətirib. Xaricdə sənədli filmlərin hansı səviyyədə çəkildiyini bilirik. Elcan müəllim festivallarda göstərilən həmin üslublarla ayaqlaşa bilən rejissordur. Bu filmdə mövzu millidir. Söhbət ovqatdan gedir. Filmin ikinci hissəsində bir yazıçı, oğlunun dəst-xətini gördüm (qeyd edək ki, Elcan Məmmədov yazıçı Altay Məmmədovun oğludur. red.)”.
Yaradıcı heyətə dərin təşəkkürünü bildirən tamaşaçı Nizami Babaşov bildirdi ki, sənədli film bədii filmdən ona görə fərqlənir ki, o, sırf həyatdır, bədii təxəyyül yoxdur: “Mənim yadıma 20 yanvar faciəsi düşdü. Onda Azərbaycan tək qalmışdı, informasiya blokadasında idik. Biz informasiya blokadasını yarmaq üçün Rusiyanın “Volqafilm” kinostudyasının yaradıcı kollektivini dəvət elədik, hamısı rus idi. 20 yanvar hadisələrində şəhid olan uşaqların valideynlərini çəkdik. Film Samara kinostudiyasının istehsalı olaraq sənədli filmlər festivalında iştirak etdi. AZTV-də bu film arxivdədir. Filmin adı “Kədərli ana”dır. O yaradıcı insanlara minnətdarıq ki, tarixi çəkir. Bu cür hadisələrə yaxşı bədii filmlər çəkə bilərik, bunun üçün bütün imkanlarımız var”.
Rejissor Seyran Bədəlov bildirdi ki, insan taleləri haqda filmlər çəkmək çətindir:
“Bu baxımdan mən sizə dözüm arzu edirəm. Filmdə diqqətimi çəkən o oldu ki, dərd yüklü insanların sanki üz ifadələri olmur, sanki daşlaşıblar. 30 il ərzində Qarabağ mövzusunu dünyaya çıxara bilmədik. Məğlub olanda da, qalib olanda da. Yanaşmamızı müəyyənləşdirə bilmədik, ya çox ağlaşmaya gedirik, ya pafosla edirik. Elcan müəllim sağ olsun ki, soyuqqanlıqla real hekayə çəkib”.
Kinoşünas Aygün Aslanlı hekayəyə görə Elcan Məmmədova təşəkkür elədi: “Universal hekayədir. Oğlu ilə bağlı özü üçün hekayə uydurmuş ana və sondakı etiraf. Kulminasiya “kaş ki oğlumu verəydim, sağ qalardı” cümləsi idi. Filmdə çaşqınlıq hiss olunurdu. Müəllif etirafdan sonra sanki “nə etməliyəm?” sualı qarşısında qalır”.
“Yaxşı sənədli filmlərimizin çəkilməsi üçün nə etmək lazımdır” sualının cavabında rejissor bildirdi ki, ilk növbədə məktəb qurulmalıdır:
“Məktəb daim inkişaf etməlidir, yeni tendensiyaları öyrənmək lazımdır, rejissorlar dramaturgiyanı bilməlidirlər, ədəbiyyatı yaxşı bilməlidirlər. Gənclər çəkmək istəyirlər, həvəs var, amma içlərində ədəbiyyat yoxdur. İçində ədəbiyyat olmayan adam yaxşı film çıxara bilmir. İçində yaxşı hekayə və hekayəyə maraq olmalıdır. Ənənə mütləqdir, ənənəni yaratmaq üçün isə istehsal olmalıdır. Başqa rejissorları təqlid etmək olmaz, rejissorun öz münasibəti olmalıdır. Azərbaycan xalqı sənədli kinoya adekvat xalqdır”.
Qeyd edək ki, “Nurlan” filmi büdcəsiz çəkilib. Filmin operatorları Emil Əli, Orxan Adıgözəlov, prodüserlər Şahin Hüseynli, Həmid Hüseynlidir. Filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə rejissor, Seyran Bədəlova, Elvin Aşirova, Elşən Əliyevə təşəkkkür elədi və kinematoqrafçıların bir-birinə dəstəyindən məmnunluğunu bildirdi.
Qeyd edək ki, film nümayişləri Azərbaycan Kinematoqrafçılar İttifaqının təəbbüsü ilə keçirilir.
aki.az