“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin finalçıları kimlərdir?
2020-ci ilin 11 avqustunda elan edilən “Qarabağ.İnsan.Qələbə” tammetrajlı bədii film ssenari müsabiqəsi sanki qələbəmizin müjdəçisi oldu.
Azərbaycan Kinematoqrafçılar İttifaqı müsabiqənin sloqanında prinsipial olaraq “insan” və “qələbə” sözlərini daxil edib. Tarix də göstərdi ki, məmləkətimizin vətəndaşı böyük hərflə Qalib və ən əsası böyük hərflə İnsandır. Artıq müsabiqə yekunlaşmaq üzrədir. Müsabiqənin qısa siyahısında yer alanlar sırasında təcrübəli müəlliflər olduğu kimi, debütantlar da var.
Finalçılardan Nicat Dadaşov “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsində “Sahibin evi” ssenarisi ilə iştirak edib.
O, 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bir sıra hekayə və romanın müəllifidir. 2014 ildə “Həyatın bir anı” adlı hekayələr kitabı çap edilib. 2021-ci ildə “Bizim vaxtımız keçib” adlı romanı oxuculara təqdim olunacaq. “Xənnas” (2017), “İki yad adam” (2017), “Sükut” (2018), “Qaynana 2018” (2018), “Nazik Mətləb” (2021), “Xəzərin üzərində yelləncək” (2021) filmlərinin, “İkinci bahar” (2014), “Məryəm” (2016), “Ögey ana” (2017), “Sarı gəlin” (2017), “Könül yarası” (2018) seriallarının ssenari müəllifidir. Onun 2018-ci ildə Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında yazdığı “İki yad adam” filmi Pekində “Grand Asian” film festivalında “Ən yaxşı sosial film” mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenari müsabiqəsində qaliblər siyahısında olub.
Ssenarist Türkan Hüseynova müsabiqəyə təqdim etdiyi “Axırıncı palata” ssenarisi ilə finalçılar pilləsində yer tutub.
T.Hüseynova 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisasında təhsil alıb. “Cinema News” jurnalının redaktoru olub. “40-cı qapı”(2008) tammetrajlı bədii filmin – geyim rəssamı, “Saat” (2008) qısametrajlı bədii filmin ssenari müəllifi, “7 gözəl” (2015) tammetrajlı bədii filmin prodüseri olub. “Yadigar (II) (2017) və “Sonuncu foto” qısametrajlı bədii filmin rejissorudur.
Rejissor Çingiz Rəsulzadə “Daima birlikdə” ssenarisi ilə beşliyə düşüb.
O, 1992-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) davam etdirib. Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “Yuva” qısametrajlı bədii filminin quruluşçu rəssamıdır. 2009-cu ildə quruluş verdiyi “Kuklalar” filmi bir neçə Beynəlxalq Film Festivallarının iştirakçısıdır.
Kinotənqidçi Hacı Səfərov ssenari müsabiqəsinə “Kaş” ssenarisini təqdim edib və final mərhələsinə adlayıb.
Hacı Səfərov 2014-2018-ci illərdə İstanbul UniversitetindəTürk dili və ədəbiyyatı üzrə təhsil alıb. 2018-ci ildən kino tənqidi ilə məşğuldur. 2019-cu ildə iki beynəlxalq festivalda – Batumi İnternational Art-House Film və Cottbus Film fesativallarında gənc kino tənqidçi kimi iştirak edib. “Kaş” ssenarisi onun ilk qələm təcrübəsidir, ssenari tammetrajlı film üçün yazılıb.
Gənc tənqidçi deyir ki, ssenarini 4 ay ərzində yazıb və inkişaf etdirib. Mövzuya gəlincə, Qarabağ müharibəsində bir yeniyetmənin böyümə hekayəsi üzərində qurulub: “Ssenarini yazarkən zövqünə güvəndiyim insanların fikirlərini öyrənirdim və onlar mənə müsbət qarşılıq verirdilər. Yazmaq prosesi çok çəkdiyi üçün özüm də analiz etmək imkanı tapmışdım və yaxşı olduğunu düşünürdüm. Finala olmasa da, ilkin siyahıya düşəcəyimdən əmin idim”.
Gənc rejissor Elvin Abdullayev ilk qələm təcrübəsi “Kapitan Fərhadın Odisseyası” ssenarisi ilə müsabiqəyə qatılaraq finalçılar sırsında yer alıb.
E.Abdullayev 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakultəsində – rejissor sənəti üzrə təhsil alıb.
O, 2020-ci ildə magistratura üzrə təhsil alan zaman internetdə əsir həyatı yaşamış bir döyüşçü haqqında məlumat oxuyur, onunla gerçək həyatda da tanış olur və həyat hekayəsini qələmə alır.
Elvin Abdullayevin yazdığı “Kapitan Fərhadın Odisseyası” ssenarisi, Qarabağ haqqında yazılan ssenarilər sırasında üstünlük təşkil edib. İlk ssenarisi ilə “Qarabağ.İnsan.Qələbə” müsabiqə münsiflərinin müsbət rəyini alıb.
E.Abdullayev deyir ki, ssenari üzərində bir il işləyib: “Öncəliklə qeyd edim ki, ssenari ilə reallıq arasında çox az fərq var, sadəcə bəzi mövcud olan məqamları reallıqla uzlaşdırıb hadisələrə əlavə etmişəm”.
“Kapitan Fərhadın Odisseyası” adına gəlincə, rejissor qeyd edir ki, bunun səbəbi ssenaridə əsas rolu oynayan kitabdır: “Fərhad əsir qaldığı evdə “Captain Blood and his odyssey” nağılını oxuyur və bu kitaba bağlanır. Kitabda təsvir olunan qəhrəmanın həyatını özünə doğma bilir və Peter Blood-un elədiyi kimi qaçmaq barədə fikirləşir, gecə-gündüz plan qurur. Və beləcə onun nağıl kimi qaçışı gerçəkləşir. Bu ssenari həm də mütaliənin, dünya görüşün insan həyatında əhəmiyyətini göstərir”.
Bu ssenari eyni zamanda ümiddir, müəllifin dediyi kimi, əsir və itkin düşmüşlərin ailələri üçün doğan bir ümid: “Bəlkə birinci Qarabağ müharibəsində 4 minə yaxın əsir və itkin düşmüş adamların aqibəti bilindi. Onlar arasında mənim müharibədə döyüşüb itkin düşən əmim, dayım da var”.
Xatırladaq ki, müsabiqənin qaliblərinin adları 18 mart tarixində açıqlanacaq.
aki.az