”Qırmızı bağ”a aparan film
29 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Mirbala Səlimlinin quruluşunda”Qırmızı bağ” filminin nümayişi oldu.
Qeyd edək ki, hər tamaşaçının “Qırmızı bağ”a verdiyi bir məna var. M.Səlimli bildirir ki, “Qırmızı bağ” şəxsən onun üçün səyahətin filmidir: “Bu mənim üçün çox universal bir ideyadır. Düşünürəm ki, burada başqa bir hadisə də ola bilərdi. Mənim üçün əsas olan bu idi ki, insan beyninə girmiş arxaik bir ideya ilə yaşayır, reallığı görmür…Bəzən qulaq asır – eşitmir, baxır – görmür. Ancaq içinə səyahət edib başı əlhəq daşına dəyib, sağ qala bilirsə müdrikləşir. Bu mənim üçün bir günün, bir ayın, bir ilin filmi deyil. Bu mənim ömrümün filmidir”.
Rejissor filmin adıyla bağlı onu da qeyd edir ki, qırmızı rəng qanın rəngidir: “Bu yeni başlanğıcın rəngidir, qan bağlılığının rəngidir. Bağ – müqəddəs yerdir. Bağ, həm də ananın bətnidir. Bağ-sakral məkandır. Ananın bətni də sakral məkandır. Qırmızı bağ üç insanın, onlardan biri həyatda olmasa belə, yuvasıdır. Bu həm də həmişə başlanğıc nöqtəsidir. Bir çox xətt gəlib məhz qırmızı bağda birləşir”
Ümumiyyətlə, filmin müzakirəsində fəlsəfi, ruhi mövzulara toxunuldu.
Rejissor Əli İsa Cabbarov Tarkovskinin “Güzgü” filmini xatırladaq qeyd etdi: “Bəhs olunan filmin Fizika İnstitutunda olunan müzakirəsi zamanı alimlər dərin traktovkalar irəli sürüblər. Müzakirənin bitməsini gözləyən xadimə qadın müdaxilə edərək deyir ki, “nə müzakirə edirsiniz, filmdə sadəcə olaraq peşmançılıq hissi keçirən insanın hissləri ifadə olunur”.
Tarkovski qadının sözlərini eşidincə bildirir ki, məhs onun fikirləri filmə uyğundur. Bu baxımdan da düşünürəm ki, “Qırmızı bağ” haqqında da müxtəlif fikirlər səsləndirmək olar. Zənnimcə, filmin sadə bir həyat fəlsəfəsi var. İnsan həqiqətə ancaq əzabdan keçməklə çata bilər.
Sonra Əli İsa Cabbarov filmin rejissoruna belə bir sual ünvanladı: “Mirbala müəllim əzab-əziyyətdən keçməyincə həqiqəti tapmaq olmur?
M.Səlimli bildirdi ki, həqiqəti dərk etmək üçün mütləq əziyyətli yol qət etmək lazımdır: “Çünki biz dinləyirik, ancaq eşitmirik, baxırıq, ancaq görmürük. Ancaq ruhi əziyyətlərdən keçdikdən sonra həqiqəti görürük, reallığı dərk edirik”.
Ə.İ.Cabbarov onu da əlavə etdi ki, məhşur filosof Gürciyevin nəzəriyyəsinə əsasən insan həyatda yuxudadır, ancaq əzablar onu ayılda bilər: “Müqəddəs “İncil” kitabında da belə bir baxış var ki. Biz həyatı sanki bulanık şüşədən görürük”.
Müzakirələrdə aktyor Maksud Məmmədovun təbii ifası, istedadı xüsusilə qeyd olundu. Rejissor onu da qeyd etdi ki, Maksud Məmmədov son məqamda rola təsdiq olunub.
Daha sonra filmin quruluşçu operatoru Maksim Drozdovun film üzərindəki işi yüksək qiymətləndirildi.
Rejissor bildirdi ki, operatorla bigə filmdəki təsviri vermək üçün bütün incəliklərə qədər işləyiblər. Filmin yüksək təsvir mədəniyyəti var, çox kamil təsvir həlli var.
Filmin qəhrəmanı Maksud Məmmədəv öz çıxışında qeyd etdi ki, çalışdığı Rus Dram teatrında çox rolları oynayıb, tetar aktyoru kimi özünün təsdiq edib ki, bu da çəkiliş vaxtı bəzi çətinliklər yaşadıb: “Ümumiyyətli isə teatr aktyor manerası ilə kino aktyor manerası çox fərqlidir. Rejisora inandığım üçün, onun göstərişləri ilə obraz üzərində çalışdığım üçün təbii ifa nümayiş etdirə bildim. Bir sözlə, obrazın təbii, canlı alınması rejissorun uğurudur”.
M.Səlimli onu da bildirdi ki, dünya ölkələrindəki baxışlarda film müzakirə edilən zaman janr etibarilə fəlsəfi pritça hesab olunub.
Ə.İ.Cabbarov sonda qeyd etdi ki, hər birimizin həyatında qırmızı bağ var: “Və biz o yolla gedirik, əziyyətlərə qatlaşırıq. Arzu edirik ki, hər birimiz qırmıza bağa daha az əziyyətlə və ən kəsə yolla gedib çıxa bilək”.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə iştirak edirlər: Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və b.
Xatırladaq ki, film altı mükafat alıb. 15-ci Dəkkə Beynəlxalq Kinofestivalında “ən yaxşı film” nominasiyası üzrə qalib olub. Onlarla ölkədə göstərilib.Trabzon Beynəlxalq Kinofestivalında Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev “ən yaxşı oyunçu” mükafatı alıblar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı