Martın 4-də “Azərbaycan” CinemaPlyus-da “Dünya klassikası Azərbaycan dilində” silsiləsindən Kira Muratovanın “Qısa görüşlər” bədii filminin nümayişi keçirildi. Azərbaycan Kineamtoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə kinotənqidçi, moderator Sevda Sultanova açdı. O, bildirdi ki, AKİ artıq ikinci dəfədir ki, Muratovanın yaradıcılığına müraciət edir.

“Bir neçə il əvvəl Muratovanın “Baş tutmayan ayrılıq” bədii filmini nümayiş etdirmişdik. Həm bu filmdə, həm indi izləyəcəyiniz “Qısa görüşlər”də əsas qəhrəman – qadınlar, onların taleləridir. Muratova ilk filmlərini Aleksandr Muratov ilə birlikdə işləyib. “Qısa görüşlər” isə onun tammetrajlı debüt işidir. Film 1967-ci ildə çəklib, yalnız kinoklublarda, kiçik kinozallarda göstərilib, daha sonra isə uzun müddət rəfə qoyulub. Yenidənqurma dalğası zamanı, 1987-ci ildə geniş prokata buraxılır və filmə 4 milyona yaxın tamaşaçı baxır.
Nümayişdən sonra həmkarım, kinoşünas İlqar Quliyevlə birlikdə bu film və Muratovanın yaradıcılığı haqda danışacağıq”.
Nümayişdən sonra baş tutan müzakirədə moderator bildirdi ki, “Qısa görüşlər”in yaradıcı heyətinin bəziləri üçün bu film ilk iş olub: “Muratovadan başqa, əsas rollardan birinin ifaçısı Nina Ruslanova da bu filmdə debütünü edib. Həmçinin ssenaristlərdən biri Leonid Juxovskinin də kinoda debütüdür. Juxovski eyni zamanda, Oktay Mir-Qasımın “Anlamaq istəyirəm” filminin ssenaristlərindən biridir. Operator Gennadi Karyukun da operator tammetrajlı bədii filmdə ilk işidir. Valentina rolunu aktrisa Antonina Dmitriyeva oynamalı idi, amma xəstələndiyi üçün Kira Muratova özü ifa edib. Maksim roluna isə Stanislav Lyubşin dəvət olunmuşdu. Lakin o, “Qalxan və qılınc” televiziya filminə dəvət aldığından, imtina edir və bu rola Vladimir Vısotski dəvət olunur. Ümumiyyətlə, Muratovanın həmmüəlif kimi işlədiyi filmlərdə onun müəllif dəst-xəti önə çıxmır. Daha çox Aleksandr Muratov var bu filmlərdə. Amma Muratovanın ilk qısametrajlı “Yaz yağışı” və müstəqil çəkdiyi filmlərdə isə fərqli Muratova var. O, kinoya yeni tip qadın obrazları gətirdi; onun filmlərində Avropa müəllif kinosundan, xüsusən, italyan kinosundan və franslz Yeni Dalğasından təsirlənmələr var. Və sovet dönəmində çəkdiyi filmlərdə antisovet ruhu duyulur”.

Kinoşünas İlqar Quliyev bildirdi ki, “Qısa görüşlər” 1967-ci ildə çəkilib,amma qadağan olunub. Amma, iki il sonra – 1969-cu ildə ekranlara çıxmış “Brilliant əl” bədii filmi bu filmdən daha çox antisovet ruhludur, lakin o film demək olar ki, heç bir maneə olmadan senzuradan keçmiş və uğur qazanmışdı. Fərq ondadır ki, “Qısa görüşlər”də təsvir olunan problemlər açıq formada, “yaş əsgi” kimi üzə çırpıldığı təqdirdə, “Brilliant əl” filmində ümumi SSRİ-nin problemləri sarkastik yumor şəklində təqdim olunur. Zənnimcə, məhz bu səbəbdən film 20 il rəflərdə yatıb. Süjet sevgi üçbucağı üzərində qurulub və bu, filmin əsas ismarışını qismən ört-basdır etməyə hesablanıb. Bu film zamanına görə çox novator hesab edilir. Belə ki, ənənəvi təhkiyə qaydasına zidd olaraq, film, müasir yanaşması, mürəkkəb dramaturgiyası və qəhrəmanların dərin psixoloji tədqiqi ilə seçilir.
Moderator, İlqar Quliyevin fikirləri ilə razıladığını dedi: “Rejissor ilk kadrlarda məmur qadının üzərinə qoyulan ideoloji öhdəliklərdən yorulduğunu göstərir. Maksim isə bürokratik əngəllərdən yorularaq, azadlığını cəmiyyətdən kənarda, çöllərdə axtarır. Muratovanın ustalığı odur ki, o, sərt həqiqətləri melonxolik, lirik bir əhvalatın içərisində deməyi bacarır”.

Kinoşünas Aygün Aslanlı bildirdi ki, bu filmə təkrar baxsa da, hekayə onu yenidən kövrəldə bildi: “Mənə elə gəlir ki, “Qısa görüşlər” azadlıq haqdadır. Əsas fikir, qəhrəmanların cəmiyyətin qəliblərindən qurtulub azadlığa can atmasıdır. «Qısa görüşlər” filmi uzun müddət rəflərdə qalıb, geniş nümayişə buraxılmayıb. Amma bunun səbəbi filmdə sovet dövründəki sosial, bürokratik problemləri açıq göstərməyi deyil. Bu film öz üslubu, qeyri-xətti təhkiyəsi, personajları, rejissor baxışı ilə başdan-başa özünüifadə azadlığı, çərçivələri dağıtmaqdan xəbər verir. Çox güman ki, filmə yasaqlar qoyan məmurları da narahat edən hansısa sosial problemlər yox, bu azadlıq olub.

İlqar Quliyev: “Burada azadlıq axtarışı üç fərqli rakursdan təqdim olunur. Bayaq Sevda xanımın da qeyd etdiyi kimi, Maksim, azadlığı kənarda axtarır. Valentina isə həyatının monotonluğundan bezib və yeganə çıxış yolunu sevgidə görür. Nadya isə, gözlərini həyata və dünyaya hələ yeni açmış, səriştəsiz bir qəhrəmandır. Süjet xəttinin müəyyən mənada depressiv və melanxolik olmasına baxmayaraq, film, həyata keçməmiş ümidlər, arzular və gerçəklik arasındakı uçurumu meditativ ovqatda təqdim edir”.
Muratovanın üslubu haqda danışan moderator bildirdi ki, o, rejissor təhkiyəsini ənənəvi qurmurdu: “Muratova bir qayda olaraq, qarışıq, əlaqəsiz, xaotik süjetlər qururdu. Aktyorların oyun tərzi reallıqdan bir qədər uzaq, mübaliğəli, bəzən teatral idi. Hekayələrində absurda, qroteskə çox yer verirdi, kəskin montaj üsulunu seçirdi. Müsahibələrindən birində deyirdi ki, “Mən filmlərimdə sual qoymuram, həll vermirəm, sadəcə problemi əks etdirirəm”.
Qeyd edək ki, “Qısa görüşlər” filminin dublyaj olunmuş versiyası Azərbaycan Dövlət Film Fondundan təqdim edilib. Əsas rolları Əminə Yusifqızı və Hamlet Xanızadə səsləndirirlər.
aki.az