Rəşad Babayev: Ağ kətan filmin ağ ekranına bənzəyir
Ötən həftə (3 dekabr) Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Kino Evində rəssam, rejissor Rəşad Babayevin film gecəsi keçirilib. Moderatorluğunu kinoşünas Sevda Sultanovanın etdiyi tədbirdə rejissorun 4 qısametrajlı filmi (“Sərnişin”, “61 qram”, “İtkin”, “Çao”) nümayiş olunub. Həm instalyasiya, həm heykəltəraşlıqla məşğul olan, eyni zamanda film və animasiya filmləri çəkən Rəşad Babayevin ən məhşur işlərindən biri “Antonioni Bakıda” adlı instalyasiyası hesab edilir. Rejissorun Kino Evində nümayiş olunan filmlərindən digəri – “61 qram” isə Qahirə Beynəlxalq Film Festivalında iştirak edib.
Nümayişdən sonra rejissor moderatorun və tamaşaçıların suallarını cavablandırıb. Müəllifin filmlərini və rəssamlıq nümunələrini şərh edən Sevda Sultanova deyib ki, yaratdığı əsərlərə baxdıqdan sonra R.Babayevin palifonik düşüncəyə və üsluba sahib olduğu qənaətinə gəlmək mümkündür: “Eyni zamanda bir neçə işlə məşğul olmağınız, ümumiyyətlə, nəyin göstəricisidir? Özünü axtarışdasınız, yoxsa, potensialınız sizi o qədər narahat edir ki, onu hər şeyə xərcləmək istəyirsiniz?”
Filmlərinin nümayişi üçün AKİ-ya təşəkkür edən rejissor kinoşünasın sualına cavabında onun üçün məşğul olduğu sahələrin hər birinin fərqli olduğunu bildirib: “Mən rəngkarlığı film sahəsinə qatmıram, amma mənim üçün bu iki sahə arasında müəyyən bir məntiqi bağlılıq var. O baxımdan ki, ağ kətan da filmin ağ ekranına bənzəyir. Yəni, eyni prosesi orada da əks etdirməyə çalışırsan. Ümumiyyətlə isə mən rəngkarlığa və filmə ayrı yanaşıram. Mənim üçün rəssamlıqla məşğul olmağımın filmə o qədər aidiyyatı yoxdur. Yəni, bir növ dualizm var burada. Mən bu sahələrin hər birinə başqa tərəfdən baxıram. Heç də hər şeyə əl atmaq kimi bir məqsədim yoxdur”.
Rejissor onu da vurğulayıb ki, Sevda Sultanovanın qeyd etdiyi kimi müəllifin filmlərində rəssam səliqə-səhmanının hiss olunması, yəni, rəssam kimi işinin filmlərində əks olunması irrasional olaraq baş verir: “İstər-istəməz rəssamlıq filmlərimdə əks olunur. Amma bu, daha çox irrasional alınır. Çünki filmdə hər şey ekstremal vəziyyətdə alınır. Elementar olaraq deyim ki, məsələn, heç bir filmdə çəkilişlərə icazə yox idi. Yəni, hər an kim isə gəlib, ya çəkilişi dayandıra, ya da “Çəkilişə icazən yoxdur” deyib, səni qova bilər. Bu baxımdan da çəkilişdə improvizasiyaya hazır olursan. Sanki bütün filmlər partizan filminə dönür. Mənim rəngkarlığımda da improvizasiya, bədahətən, irrasional üslub mənə yaxın olduğu üçün bu, filmlərin çəkilişinə də yansıyır. Amma montajda isə bunu daha da strukturlaşdırırsan”.
Filmlərinə etdiyi improvizasiyalardan danışarkən R.Babayev deyib ki, bu məsələdə o, fransız rejissoru Jan Renuarın dedikləri ilə həmfikirdir: “Jan Renuar demişkən, “Proses vaxtı qapını açıq qoyun, çünki əsl kino o zaman yaranır”. Yəni, kənardan nə isə bir müdaxilə ilə bu, mümkün ola bilir. Mən bu fikrə çox yaxınam. Çalışıram ki, hansısa bir improvizə filmin xeyrinə işləsin. Əgər əvvəl düşünülmüş strukturdan daha yaxşı hansısa bir improvizə etmək mümkündürsə, üstünlüyü bu əlavəyə verirəm”.
İzləyicilərdən biri müəllifin “Sərnişin” filmini belə şərh edib: “Mən sizin filmdə milli-mənəvi dəyərlərlə hüququn tandemini gördüm. Yəni, həm ənənəvi konservatizm, həm də müasirliyin tandemini gördüm. Məncə, bu, çox vacib bir mesaj idi. Çünki bu, insana seçim qoyur: Sən milli dəyərlərə üstünlük verirsən, yoxsa, hüquqa? Bizim maarifçilər- M.F.Axundov, M.Ə.Sabir, M.Cəlil həmişə bizə satira ilə nələri isə göstəriblər. Amma sizin filminizdə satiradan daha çox, mən bir etiraz-iki tərəfin də etirazını gördüm. Maraqlıdır, siz filmi çəkərkən iki tərəfin-konservatizmlə müsairliyin qarşıdurması olacağını nəzərə almışdınızmı?”
Tamaşaçıya “Yəqin ki, sualınız ilk filmlə bağlıdır. Mən bu sualın cavabını açıq qoymaq istəyirəm- o mənada ki, bunlardan heç birini dəstəkləmirəm. Çünki məncə, hərə öz fikrində qala bilər. Hansısa bir fikrimi aşılamaq istəmirəm. Kimin isə fikrini dəyişdirmək istəmirəm, bu, tamaşaçıdan asılıdır ” – deyə cavab verən R.Babayev qərarı hər zaman tamaşaçının öhdəsinə buraxmağın tərəfdarı olduğunu vurğulayıb.
Rejissor bildirib ki, o, film çəkərkən qarşısına xüsusi uzaqgörən məqsədlər qoymamağa üstünlük verir: “Mənim üçün önəmli olan daha çox özümü ifadə etməkdir. Nəticə barədə xüsusi olaraq düşünmürəm. Ona görə də heç nəyi detallı ölçüb-biçmirəm”.
Filmlərində aktyor sayının azlığının büdcə ilə əlaqədar olub-olmaması, həmçinin, işlədiyi tənhalıq mövzusu ilə bağlı suallara müəllif belə cavab verib: “Sözsüz ki, aktyor sayının az olması müəyyən mənada büdcədən də irəli gəlir. Ssenari dövründə əgər nələrə isə büdcənin yetməyəcəyi məlum olursa, artıq az aktyor istifadə olunur. Digər tərəfdən isə yetərli büdcə olsa belə, mənə minimalist film çəkmək daha maraqlıdır. Amma bu haqda bir dəfə də demişdim, gələcək işlərdə kollektiv qəhrəmanların, adam sıxlığının olduğu film çəkmək də maraqlı təcrübə olardı. Əslində, hazırda üzərində işlədiyim çox personajlı bir ssenarim var. Yəni, proses mərhələsindədir. Mən bu prosesi pazl yığmağa bənzədirəm. Pazl kimi müxtəlif dəyişikliklər edirəm. Bütün hallarda, filmdə az elementlərin olmasını büdcə diqtə edir. Buna baxmayaraq, mən az elementlərlə daha çox şeyi ifadə etməyə çalışıram. Filmlərimdə tənhalığın hiss olunması ilə razıyam. Doğrusu, mən tənhalıq mövzusunu xüsusi olaraq qabartmaq fikrində olmamışam, bu, daha çox irrasional olaraq baş verib. Amma bu yaxınlarda yenidən analiz edəndə gördüm ki, doğrudan da filmlərimdə tənhalıq mövzusu qabarıqdır”.
Kino tənqidçisi Sədaqət Kamal rejissorun filmləri haqda bunları deyib: “Birinci filmdə mən Çingiz Aytmatovun “Manqurt” problemini gördüm. Amma artıq qeyd etdiniz ki, siz bu problemi qoymamısınız, tamaşaçıya seçim təklif etmisiniz. Mənim ən çox bəyəndiyim sonuncu “İtkin” filmi oldu. Siz bu filmdə vizuallıqla və audionun, yəni, musiqi ilə təsvirin çox gözəl duetini yaratmısınız. Sizi təbrik edirəm”.
Tamaşaçılar arasında olan kultroloq Rəhman Bədəlov isə çıxışında deyib ki, Rəşad Babayevin filmləri onu yaxşı mənada təəccübləndirə bilib: “Mən çoxdandır bizim kinoda belə bir bütöv bədiilik görməmişdim. Bu filmlər mənə ümid verdi. Doğrudur, indi bizdə meydanda “ölülər”dir. Amma bu filmlər göstərdi ki, “dirilər” meydanda olmasalar da, onlar hər zaman həyatda olacaqlar. Bu filmlərdən sonra cəsarətlə deyə bilərəm ki, bizim kinomuzda parlaq sənətkar var- Rəşad Babayev”.
İzolda Ağayeva Lalə