Rafael Qəmbərov və Amin Novruzovun birgə “Foto kompozisiya”sı

Kinooperator Rafael Qəmbərov və kinooperator Amin Novruzovun çapdan çıxan “Foto Kompozisiya” adlı kitabı IX fəsildən ibarətdir və dərslik kimi qələmə alınıb.

Qeyd edək ki, kitabda foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edilir, eyni zamanda kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumat təqdim edilir.

Tədqiqat əsərini indiyədək olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılıb və mövzunun geniş formada təhlil olunub. Bundan başqa kitabda fotoqrafiya sənətinin və onun texniki vasitələrinin təfərrüatlarından və xüsusiyyətlərindən bəhs edilməklə yanaşı, bu sənətlə maraqlanan gənclərə dəyərli tövsiyyələr də verir.

“Foto Kompozisiya”da Azərbaycan fotoqraflarının müxtəlif nəsillərinin, eləcə də dünyanın tanınmış sənətkarlarının çəkmiş olduğu dəyərli fotoəsərlər kitabda yer alan reproduksiyaları araşdırmadakı nəzəri hissələrin qavranılmasına yardım edəcək vasitə kimi diqqəti cəlb edir.

Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Rafael Hüseynovdur.

R.Hüseynov ön sözdə qeyd edir ki, bu kitab ilk ciddi təşəbbüsdür və fotosənəti aləminə tərəddüdsüz bir “qızıl açar” kimi qiymətləndirilə bilər: “Foto kompozisiya”nı vərəq-vərəq çevirdikcə əmin olursan ki, müəlliflər sadəcə bu sahəni dərindən bilən püxtə mütəxəssislər deyil, həm də bu gözəl sənətə aşiqdirlər. Müəlliflər kitabın əvvəlindən bzi nağıl kimi şirin olan cazibəli bir tarixə səyahətə, ilk fotonun yarandığı dünənə aparırlar. İnanıram ki, Azərbaycan foto sənəti və fotoçuları hələ çox araşdırmaların, çox dərsliklərin mövzusuna çevriləcəkdir”.

Xatırladaq ki, ilk dəfə olaraq fotoqrafiya terminlərinin rusca-azərbaycanca lüğətinin kitaba daxil edilməsi sahə terminoloji lüğətçiliyi baxımından diqqəti cəlb edir və bu önəmli yenilik sayıla bilər.

Kino mütəxəssisləri, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı ilə təsdiq və Mədəniyyət nazirliyi tərəfindən nəşr edilmişdir.

aki.az