“Rakurs” rüblük bülleteninin ilk nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin ilk nömrəsi çapdan çıxıb.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, eyni zamanda əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten Azərbaycan Kinematoqrafçılar İttifaqının 2020-ci il üzrə hesabatı ilə başlayır.

Hesabatda Azərbaycan Kinematoqrafçılar İttifaqının 2020-ci ildəki fəaliyyət istiqamətləri-kino təhsilinin inkişafı, AKİ sədri Rüstəm İbrahimbəyovun yeni nəsil kinorejissorlarla, ssenarilərin bədii cəhətdən təkmilləşdirilməsi üzərində müəlliflərlə müntəzəm iş aparması, milli filmlərin təbliği, ssenari müsabiqələrinin keçirilməsi, kino mövzusunda kitabların çapı və kinoprosesdə iştirak etməkdən ibarət olması  diqqəti çəkir. Bundan başqa, kinodramaturgiya sahəsində aktivliyi artırmaq məqsədilə A.M.Qorçakov adına adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsi, eyni zamanda Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, müharibədə insan faciələrini tam dolğunluğu və realistcəsinə əks etdirilməsi məqsədilə elan edilən “Qarabağ.İnsan.Qələbə” devizi altında bədii film ssenari müsabiqəsindən də bəhs olunur.

Son olaraq qeyd edək ki, kino araşdırmaçıları üçün nəzərdə tutulan 48 səhifəlik “Rakurs” rüblük bülleteni Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun məsləhəti ilə nəşr olunub.

Nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, tərtib edən yazıçı Nəriman Əbdülrəhmanlı, redaktor kinoşünas Sevda Sultanovadır.

aki.az