Ramiz Əzizbəylinin xatirəsinə...

“Sənətə aktyor kimi başlayıb, sonra rejissorluğa keçdim. Məni də çəkdilər, mən də çəkdim. Cavanlıqda idmanla məşğul olmuşam. Yaxşı şəkillər də çəkirdim. Həm də karikaturaçı rəssamam” deyən rejissor, pedaqoq, Xalq artisti Ramiz Əzizibəyli həm də gözəl səsə sahib idi. Əslində o, elə incəsənət üçün doğulmuşdu, çünki təpədən-dırnağa incəsənət adamı idi…

R.Əzizbəyli 1961-ci ildən “Azərbaycanfilm”ə dəvət olunub və o gündən etibarən fasiləsiz olaraq kinostudiyada çalışıb. Fəaliyyəti müddətinddə mindən çox filmin dublyajında iştirak edib, 50-dən artıq filmin mətnini rus dilindən ana dilimizə çevirib. “Mozalan” satirik kinojurnalının 100-ə yaxın sayında həm aktyor, eyni zamanda rejissor kimi çalışıb.

Aktyor kimi çəkildiyi (“Mən rəqs edəcəyəm”(1962), “Şir evdən getdi”(1977), “Dərviş Parisi partladır”(1977), “Qərib cinlər diyarında”(1978), “Asif, Vasif” Ağasif”(1984), “Atları yəhərləyin”(19840, “Köhnə bərə”(1986), “Cin mikrarayonda(1986), “Gümüşgöl əfsanəsi”(1985), “Bəyin oğurlanması”(1985), “Fövqəladə vəziyyət”(1986), “Bağ mövsümü”(1986), Şeytan göz qabağında”(1987), “Qəm pəncərəsi”(1988), “Alman klinikasına şəxsi səfər”(1988), “Şahid qız”(1990), “Qəzəlxan”(1991), “Bəxt üzüyü”(1991) və s.) filmlərdə əsasən ikinci dərəcələıi və ya epizodik rollar oynamasına baxmayaraq ifası ilə tamaşaçı marağına səbəb olmağı, yadda qalmağı bacarıb.

R.Əzizbəyli rejissorluq  fəaliyyətinə “Pirverdinin xoruzu”(1987) qısametrajlı bədii filmi ilə başlayıb.

Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında, Eldəniz Quliyevin ssenari müəllifi olduğu film sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci, nə deyingən arvadı, nə səfeh oğlu, nə də təsadüfən peyda olmuş gəlini,onun qəlbində söndürə bilməz. Filmdəki hər xırda detal Ramiz Əzizbəylinin ilk rejissor işi kimi yaradıcı potensialını tamamilə açıb göstəriri.

Rejissor növbəti dəfə “Bəxt üzüyü”(1991) tammetrajlı bədii filmini çəkib.

Yeri gəlmişkən, Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesi o vaxta qədər artıq Şəki və Sumqayıt teatrlarında səhnəyə qoyulmuşdu. Bu baxımdan da tamaşaçının bildiyi bir əsəri ekrana gətirmək və onu qəbul etdirmək bir o qədər də asan deyildi. Komediyanı dərindən bilən, yumor hissi güclü olan Ramiz müəllim bütün bunları düşünməyə bilməzdi. Necə etməli ki, çəkdiyi film hər zaman maraqla qarşılansın, bunu da düşünürdü…

Önəmli məqamlardan bir isə odur ki, fimin çəkldiyi il artıq Sovetlər Birliyinin dağıldığı, birliyin tərkibində olan respublikaların öz müstəqilliyi uğrunda mübarizə apararaq nəhayət azadlığı əldə etdiyi ilə təsadüf edir. Bu proses hər sahədə, xüsusilə kinoda özqünü qabarıq şəkildə büruzə verməyə başlamışdı. Və belə bir vaxtda komediya haqqında düşünmək, komediya filmi çəkimək böyük cəsarət, güc tələb edirdi.

Vaqif Səmədoğlunun xeyir-duası ilə Ramiz Əzizbəyli filmin ssenarisini hazırlayır. Əsər olduğu kimi saxlanılır, sadəcə kino  üçün laızm olmayan məqamlar çıxarılır.

Rejissor deyirdi ki, kino natura çəkilişlərini daha çox sevdiyi üçün bu əsərə hava verdim, onu havaya çıxartdım: “Əsərin siyasi tərəfini bir az gücləndirdim. Söhbət 1991-ci ilin əvvəllərindən gedir. Bu da o deməkdir ki, SSRİ mövcud olsa da, artıq hamı onun dağılmaq təhlükəsi ilə üz-üzə qaldığını bilirdi. Çünki yuxarı təbəqələrdə artıq parçalanma başlamışdır”.

Film qəhrəmanlardan birinin bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Film insanları laqeyd olmamağa, bir-birlərinə qarşı diqqətli olmağa çağırır. Bu çağırış filmin əsasını təşkil edir.

R.Əzizibəyli  qeyd edib ki, filmdəki yeddi personajın yeddisi də əsas qəhrəman səviyyəsindədir: “Yəni, fimdə böyük, yaxud da kiçik rol yoxdur. Bütün rollar əsasdır, çünki hərəsi bir taleyin açarıdır. Filmə baxanların hərəsi özünü bir obrazda görür”.

Rejissorun 2006-cı ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkdiyi, Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilən “Yalan” bədii filmi isə artıq onun bir rejissor kimi baş verən hadisələrə bir üsyanı idi. Şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunan “Yalan” filmi heç də birmənalı qarşlanmamışdı. Ancaq rejissor çətin şəraitdə yaratdığı bu ekran əsəri haqqında deyirdi ki, filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb: “Yalan”ı 30 ilin kino avadanlığı ilə ərsəyə gətirdik. Elə bu üzdən də yaradıcı heyət kifayət qədər problemlərlə üzləşirdi”.

Çoxları bilərəkdən filmi gözdən salmağa başladılar, başqa filmlərlə müqayisə edərək rejissora mənfi təsir göstərməyə çalışdılar.

Rejissor isə üstünlüyü tamaşaçı fikrinə verdi və filmin nümayişindən sonra gözünün yaşını silə-silə tamaşaçı zalından çıxan adamları görüncə, sadəcə susdu, deməli “Yalan” bəyənilib, tamaşaçıya öz təsir gücünü göstərib. Və onu da düşündü ki, yaxşı filmlərin ətrafında hər zaman mübahisələr olur və hər film öz zamanını gözləyir.

Səhhəti izn versəydi, ömür vəfa etsəydi rejissor fəlsəfi film çəkməyi və çəkdiyi filmlə yenə öz tamaşaçısını düşündürməyi arzulayırdı…

Oynadığı rollarla, çəkdiyi filmlərlə hələ sağlığında ürəyimizdə özünə yer edən, yaddaşımıza həkk olunan Ramiz Əzizbəylinin vaxtsız vəfatından kədərlənir, bu böyük sənətkara Allahdan rəhmət diləyirik!

X.QİYAS