Ramiz Rövşən bəyan edir

Sadəcə kino. Poetik kino. Dil (ünsiyyət vasitəsi və yaradıcı yanaşma anlamında). Metaforik sənət. İdeoloji sənət (və ikisinin qaynağı). Sənətin vəzifəsi. Söz və onun bioqrafiyası. Millilik.
Ramiz Rövşən Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində 2008-ci ildə keçirdiyi ustad-dərslərində yaradıcı insandan örtü son dərəcə vacib olan bütün bu anlamlar xüsusunda gələcək kinematoqrafçılarla dialoq qurmağa cəhd edir. “Kinonun ifadə vasitəsi dildir”, “kökündə  riyaziyyat olmayan sənət sənət deyil”, “sənətin vəzifəsi xaosdan, boşluqdam məzmun yaratmaqdır”, “sənətdə faktura anlayışı yoxdur”, “millilik münasibətdədi, hansı dildə yazmaqla ölçülmür”, “sözün bioqrafiyasını hadisələr yazır”, “atalar və oğullar müqayisə-müzakirələrində Rusiya şərq məmləkətidir”, “Azərbaycan dili ən zəngin yox, ən mükəmməl dillərdən biridir” kimi qənaətlər ətrafında gələcək kinematoqrafçılar dünyagörüşlərini təkmilləşdimək, yanaşma bucaqlarını fərdiləşdirmək “açarlarını” əldə edə, Nabokov, Bunin, Eyzenşteyn, Qodar, Aytmatov, Tarkovski, Şukşin, Maleviç, Kandinski, Mayakovski, Yesenin, Heraklit, Şopenhauer, Akutaqava, Minakabi haqqındakı bilgilərini zənginləşdirə bilərlər.Ziyalı-ədib ustad dərslərində ümumən yaradıcılıq kredosunun anlamlarını incələyir, poetik kino manifestini təqdim edir. Konkret olaraq, mənfi və müsbət qəhrəman anlayışını əsl ədəbiyyatdan uzaq, yalnız ideoloji (sovet ideologiyası) istiqamətdən başqa bir şey olmayan təzahür kimi xarakterizə edir. Ən məşhur ədəbi qəhrəmanları – Hamletlə Don Kixotu dünyanın ictimai-siyasi təkamülü (və ya tənəzzülü) kontekstində səciyyələndirir (“dünyanın başına oyun açanlar Hamletlə Don Kixotun simbiozlarıdır”).
Mozaik lövhə assosiasiyası doğuran yaradıcılıq görüşü-mühazirə-ustad dərs zamanı şair Ramiz Rövşən yeri düşdükcə, bu və ya digər mətləbin qavrayışını poetik yolla asanlaşdırmaq üçün özünün müvafiq nəzm nümunələrini də oxuyur, ən sevimli kitablarından birinin “Tövrat” olduğunu etiraf edərək dinlər arasında paralellər aparır.
Natiq yaradıcı insanın ilk növbədə bəşəri ideallara sadiqliyinin vacibliyini qeyd edərək Berdyayev, Freyzer, Puşkin, Tolstoy, Dostoyevski, Markes, Rüstəm İbrahimbəyov arasında müqayisələr misalında mətləbi Azərbaycan kinosu predmetinə yaxınlaşdırlb vaxtilə “Aşıq Qərib” ekran əsərini Azərbaycanda səsləndirən Paracanovun bizim aktyor məktəbi barəsindəki yüksək fikirləri ilə “silahlanaraq” Azərbaycan aktyorlarının doğrudan da, fenomenal yaradıcı varlıqlar olduğunu bəyan edir.
Ustad dərsinin videosu Azərbaycan Kinematoqrafçılar İttifaqının youtobe kanalınnda:
https://www.youtube.com/watch?v=N24ZoLFBxXY
https://www.youtube.com/watch?v=GrJaQ-Uejnk&t=1499s

Samirə Məmmədli