Rasim Balayev: Kinomuzun yaxşı günlərini yenidən görmək istəyirəm

Milli kino elə milli düşüncə tərzi, milli təfəkkür deməkdir. Bu baxımdan istənilən xalqın, millətin təbliğatında kinodan böyük vasitə kimi istifadə olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Azpost.info-ya verdiyi müsahibəsində bu məsələlərə diqqəti çəkib. Müsahibəni ixtisarla sizlərə təqdim edirik.

Kinonun qıtlıq vaxtında, kino olmayan yerdə, bir respublikada iki Kino İttifaqının olmasının istehza yaratdığı  fikrini irəli sürən AKİ sədri bildirib ki, zamanında Azərbaycan Kinematoqrafçılar İttifaqı bilavasitə kinostudiyanın çəkdiyi filmlərlə sıx bağlı olub: “Biz onların gördüyü işləri təbliğ edirdik. Kino İttifaqında yeni filmlərin baxışını, müzakirəsini  keçirirdik, tövsiyələr edirdik. Həmçinin, müəyyən insanların axtarılıb üzə çıxarılması, xüsusilə gənc istedadlara imkanların yaradılması ilə məşğul olurduq. Həyat inkişaf edir, dünyasını dəyişən sənətkarların yerinə gənclər gəlir. Bu gəncləri də ortaya çıxartmaq  Kino İttifaqının bir işidir. İstedadlı gənclərə dəstək olmaq lazımdır. Onlara filmlər verilməli, ssenarilər yazdırılmalıdır. Həmin gənclərə müəyyən işlərdə bir növ kömək etmək lazımdır. Bütün bu işləri görmək üçün isə kino olmalıdır”.

Milli Kino Günü ərəfəsində hansı işlər görüləcək sualına gəlincə, R.Balayev qeyd edib ki, biz də həmin günə hazırlıq işləri görürük: “Kino sahəsində çalışan müxtəlif insanlar fəxri adlarla təltif ediləcək.Mən təklif etdim ki, bunu kollegiyal şəkildə müzakirə etmək lazımdır. İnsallah, səsvermə yolu ilə təqdimat olacaq. Həmin gün müxtəlif təqdimatlarımız, mükafatlarımız olacaq. Burada Kino məktəbini bitirən insanlar var. Təxminən 10 nəfər. Onların diplom təqdimatı olacaq”.

Söhbət əsnasında Rasim Balayev az qala hər gün, xalqdan, camaatdan, müxtəlif təbəqəli insanlardan  eşitdiyi “Heyif deyildi köhnə kinolar…” fikrini səsləndirir: “Arzu edirəm, elə filmlər çəkilsin ki, yenidən tamaşaçılarımızın zövqünü oxşaya bilək. Biz, kino xadimlərinin əsas vəzifəsi xalqımıza xidmət etməkdir. Belə olmayacaqsa, onda bizim burada görüləcək işimiz yoxdur. Sənətə yeni gələn gənc nəsil var. İstər rejissorlar, istərsə də aktyorlar. Amma onlar əsasən seriallar çəkməklə məşğuldurlar. Serial çəkməklə inkişaf etmək olmaz. Aktyor yaxşı filmlərdə oynamalıdır. Yaxşı rejissorun əlinə düşməlidir ki, inkişaf edə bilsin”.

“Serial sənayesi son illərdə Türkiyədə yaxşı inkişaf edib” deyən AKİ sədri onu da əlavə edir ki, 1994-95-ci illərdə TGRT kanalının çəkdiyi “İbrahim Gülşəni Həzrətləri” və “Qanayan yara Bosniya” filmində çəkilmişdim: “Aradan 27-28 il ötüb. Tarix üçün elə də böyük zaman kəsiyi deyil. O zamanlar Türk kinosu bu günkü səviyyədə deyildi. Sonralar gənc rejissorları, operatorları Almaniyaya, Amerikaya oxumağa göndərdilər. Peşəkar kino ordusu yaratdılar. Son 30 ildə türk kinosu bu qədər inkişaf etdi. Amma biz yüksəklikdən enib, bu günkü səviyyəyə düşdük. Düzdür, oturub danışsaq, bunun səbəbini araşdırsaq çox problemlər ortaya çıxacaq. Yaşadığımız məlum ictimai-siyasi hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinliklər fonunda kinomuz arxa plana keçdi. Amma bütün bunlar keçmişdə qaldı. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad edildi. Bundan sonra mədəniyyətimiz, teatr və kinomuz yüksələn xətlə inkişaf etməlidir. Kinomuzun yaxşı günlərini yenidən görmək istəyirəm.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:  https://azpost.info/birl%C9%99s%C9%99k-kimi-ist%C9%99yirl%C9%99r-s%C9%99dr-secsinl%C9%99r-f%C9%99xri-ad-t%C9%99qdimati-%C9%99ndaz%C9%99d%C9%99n-cixmisdi/

 aki.az