Rüfət Əsədovun 60 yaşı tamam olur

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Rüfət Əsədovun dünyaya göz açdığı gündür, 60 yaşı tamam olur.

R.Əsədov 30 avqust 1960-cı ildə Naxçıvanda doğulub.Leninqrad Texnoloji Universitetində və”Lenfilm”in nəzdindəki Kino Məktəbində təhsil alıb.1999-cu ildə amerikalı prodüser O. Harençarın rəhbərlik etdiyi “Sənədli filmlərin istehsalı” kurslarınının dinləyicisi olmuş, 2000-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən “Promatheus Production” kinostudiyasında staj keçib.

Rejissor Leninqradda (indiki Sankt-Peterburq), istərsə də Azərbaycan Televiziyasında çox sayda sənədli filmlər lentə alıb.“Vahimə” qısametrajlı filmi onun kinoda bir rejissor olaraq debütüdür. Psixoloji dram janrında çəkilən 20 dəqiqəlik filmin yalnız bir dəqiqəsində danışıq var. Film birçox mükafatlara layiq görülüb.

“Vahimə” (1998) filmindən sonra rejissor “Neftçi” (1999), “Sonrakı peşmançılıq” (1999), “Antropoloji sənəd” (2001), “Ümidlərin sınağı” (2004), “Arxada qalmış gələcək” (2005), “Azərbaycana xoş gəlmisiniz” (2006), “Sərhəd müstəqillikdir” (2007), “Yeni əsrin şəhəri” (2008), “Kənddə sonuncu yəhudi” (2016) və s. filmlərə də quruluş verib.

“Arxada qalmış gələcək” tammetrajlı bədii filmi rejissorun yaradıcılığında mühüm yer tutur. Fantastik-realizm janrında lentə alınan film Qarabağ mövzusuna həsr olunsa da burada döyüş səhnələrinə o qədər də önəm verilməyib. Ssenariyə əsasən 2004-cü ildə qaçqın şəhərciyində yaşayan Səməd adlı dəcəl oğlan yıxılaraq huşunu itirir və keçmişə – 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür, onların qəhrəmanlığının şahidi və iştirakçısı olur.

Qeyd edək ki, rejissor ssenarisi yazılarkən ədəbi ssenaridə olan ana xətt olduğu kimi filmə gətirilib.

Rüfət müəllim bildirir ki, rejissorun ssenaridə hər hansı bir dəyişkliyi təbii qarşılanmalıdır: “Çünki ssenaristdən fərqli olaraq rejissor daha çox şəraitə uyğun hərəkət edir. Mən deyərdim ki, istənilən rejissor ssenarini öz təxəyyülündən keçirərək ona həyat verir”. Maraqlı məqamlardan biri də odur ki, “Arxada qalmış gələcək” filminin ədəbi ssenarisində oğlan azərbaycanlı kimi, qız isə erməni kimi təqdim olunurdu. Rejissor hazırlıq prosesində erməni qızını malakan qızı ilə əvəz edib və deyir ki, çox vaxt malakana rus kimi baxırlar.

Vətənpərvər ruhlu rejissor, eyni zamanda xalqlar arasında olan dostluğa da önəm verir ki, bu da onun quruluş verdiyi filmlərdə öz əksini tapır.

Rejissorun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Rüfət Əsədov qeyd edir ki, ölkəmizdə bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur. Bu baxımdan da “Kənddə sonuncu yəhudi” filmi Azərbaycanda yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür.

Ümumiyyətlə isə rejissor dağ yəhudiləri haqqında 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqınıln İdarə Heyəti adından kinoda özünəməxsus yeri, dəst-xəti olan Rüfət Əsədovu 60 illik yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az