Rüfət Şabanov -100

“Boş dayanmağı sevməyən, film çəkmədiyi dövrdə də özünə bir iş axtarıb tapan, dəfələrlə ümumittifaq televiziya filmləri festivallarının münsiflər heyətinə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinə üzv seçilən, yaradıcı gənclərlə böyük iş aparan görkəmli rejissor Rüfət Şabanovun 100 illik yubileyidir.

R.Şabanov 22 iyun 1922-ci ildə anadan olub. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında truppa müdiri, rejissor olaraq çalışan R.Şabanov həmin teatrda “Uşaqların anası”, “Qızıl qartal altında”, “Gözəl qızlar”, “Bədbəxt hadisə” və s. pyesləri səhnləşdirir. 1957-1967-ciillərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor, televiziya-kino çəkilişləri redaksiyasının baş rejissoru olub. 1967-1981-ci illərdə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. 1957-ci ildə Bakı kinostudiyasında fəaliyyətə başlayan Rüfət Şabanov, bir çox filmlərdə rejissor köməkçisi olaraq çalışıb. Sonralar “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Bizim küçə” və “Romeo mənim qonşumdur” bədii filmlərində ikinci rejissor işləyir.

1958-ci ildə görkəmli rejissor Tofiq Tağızadənin quruluş verdiyi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilən “Uzaq sahillərdə” filmində Rüfət Şabanov həm rejissor kimi, həm də filmin bəzi çəkilişlərində aktyor olaraq iştirak edib.

Kinoşünas Aydın Kazımzadə öz araşdırmalarında yazır ki, həmin səhnələrdə – “Mixaylo”nu ifa edən aktyor Nodar Şaşıqoğlu xəstələnəndə rejissor onu əvəz edib. Təbii ki, gözə çarpmasın deyə, yalnız orta və uzaq planlarda çəkilib. Bədən quruluşlarına və boylarına görə olan oxşarlıq filmdə imkan yaradıb ki, lazım olan səhnələrdə Rüfət Şabanov öz aktyorluq əməyindən istifadə etsin.

O da qeyd olunur ki, “Uzaq sahillərdə” filmində Veselinin (Yuri Boqolyubov) ölüm səhnəsində N.Şaşıqoğlunun yerinə Rüfət Şabanov Veselini qucağına alaraq həmin kadrda oyun nümayiş etdirib. Bundan başqa, Karranti rolunu oynayan aktyor Lev Bordukov günlərin birində çəkilişə gələ bilməyib. Karranti ilə Mehdinin görüşdüyü səhnədə də R.Şabanov onun rolunda arxadan və yan tərəfdən çəkilərək lentə alınıb.

Rejissorun ilk müstəqil işi 1966-cı ildə yazıçı Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilən “Liftçi qız” qısametrajlı filmidir.

O, 1983-cü ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Gəmi saatının sirri” (1983) bədii filmini çəkir. Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir.

R.Şabanov “On yeddi yaşlı oğlan” bədii televiziya filmini isə 1985-ci ildə çəkir. Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilən film çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edir.

1968-1981-ci illərdə AzTV-də televiziya kino çəkilişləri redaksiyasında baş rejissor vəzifəsində çalışan rejissor, “Sovet Azərbaycanının salnaməsi”, “Bakı”, “Şuşa”, “Talış meşələri”, “Dənizkənarı bulvar” və s. televiziya filmlərini məhz həmin illərdə çəkir.

Ömrünün əsas hissəsini Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr edən, adı milli kino və televiziya tarixində əbədi qalan Rüfət Şabanovu doğulduğu bu gündə böyük hörmət və ehtiramla yad edirik!

aki.az