Rüstəm İbrahimbəyovun ad gününə

“Həyatımın ən vacib illərini Bakıda keçirdim. Buna görə də buranın hər bir daşı ruhuma rahatlıq gətirir. Bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dünyaya göz açdığı gündür, 83 yaşı tamam olur.

R.İbrahimbəyov Azərbaycan Neft və Kimya İnstitutunda və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisasları üzrə təhsil alıb. Neft Kimya İnstitutunu bitirəndən sonra bir neçə il elmlə məşğul olan R.İbrahimbəyova hamı uğurlu alim kimi baxıb.

Əlbəttə ki, elm dalınca gedə bilərdi, ancaq kino sevgisi, nəsrlə məşğul olmaq, teatrlar üçün pyeslər yazmaq, bir sözlə, qələmin gücü ilə yaratmaq onu daha çox özünə cəlb edib.

1962-ci ildən qələmə sarılır, əsərləri əsasında bədii filmlər, televiziya filmləri və tamaşalar hazırlanır. Dramatik konfliktlərlə yadda qalan pyesləri – “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Qum üzərində ev”, “Şirə bənzər” və s. dünyanın 100-dən artıq teatrlarında tamaşaya qoyulur.

R.İbrahimbəyov yalnız Azərbaycanda, Rusiyada deyil, eyni zamanda dünyada tanınan dramaturqlardan biridir. Onun yaratdığı “İbrus” teatrının teatrlar arasında xüsusi yeri olub.  “İbrus” 2000-ci ildə ilk müəllif teatrı kimi, yazıçının daxili, mənəvi ehtiyaclarından, sənət ehtiraslarından yaranmışdı. Və az müddətdə “İbrus” teatrı iki dildə-Azərbaycan və rus dillərində səhnə möcüzəsi yaradan bir mədəniyyət ocağına çevrilib.

Yazının kino fəaliyyəti isə bir başqa əhval-ruhiyyə üstündə köklənib. Ssenariləri əsasında “Bir cənub şəhərində”(1969), “Səhranın bəyaz günəşi”(1969), Çekist haqqında povest”(1969), “O vaxt mən yox dedim”(1973), “Ürək…ürək”(1976), “Ad günü”(1977), “İstintaq”(1979), “Anın quruluşu”(1980), “Bağlı qapı”(1981), “İşgüzar səfər”(1982), “Gəmi saatının sirri”(1983), “Park”(1983), “Özgə ömür”(1987), “Ölsəm…bağışla”(1989), “Qətldən yeddi gün sonra”(1991), “Həm ziyarət, həm ticarət”(1995), “Günəşdən usanmışlar”(19940, “Əlvida, cənub şəhəri”(2006) və s. dəyərli filmlər çəkilib.

1969-cu ildə “9-cu Xrebtovı” povesti üzrə ekranlaşdırılan “Bir cənub şəhərində” filmi lirik-psixoloji dram janrında lentə alınıb və çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Filmdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilir, yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi diqqətdə dayanır. Film hazır olduğu zaman respublika rəhbərliyi və Moskvadan gəlmiş nümayəndə heyətinin baxışına təqdim edilir və “Bir cənub şəhərində” filmi rəflərdən birinə qoyulur. Zamanında böyük təzyiqlərə məruz qalan film nəhayət ki, qəbul edilir və illər sonra belə film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

1977-ci ildə yazıçının “Ad günü” və “Ezamiyyət” hekayələri əsasında qələmə aldığı ssenari əsasında “Ad günü” filmi ekranlaşdırılır. Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm”   kinostudiyasında istehsal edilən filmə rejissor Rasim Ocaqov quruluş verib. Lirik-psixoloji həqiqi dostluq haqqında olan kinolentin qəhrəmanları müasirlərimizdir. Müxtəlif xarakterli, dünyagörüşlü xarakterlərin olduğu filmdə əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.

Yeri gəlmişkən, “Ad günü” filmi Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun uzunmüddətli və etibarlı zəmin üzərində qurulmuş birgə əməkdaşlığının əsasını qoydu. Bir məqamı da xüsusilə qeyd etmək istərdik ki, əslində hər iki yaradıcının birgə əməkdaşlığı “Bir cənub şəhərində” filmindən başlayıb. R.Ocaqov həmin filmin operatoru olub. Uğurlu əməkdaşlığın nəticəsidir ki, bu filmdən sonra hər iki yaradıcı daha kəskin süjet xəttinə malik olan bir film çəkməyi planlaşdırırlar.

Rasim Ocaqov bunun səbəbini o illərin gərgin olması ilə əlaqələndirirdi və onu da qeyd edirdi ki, Rüstəm İbrahimbəyovla birgə belə gərginliklərdən bəhs edən bir fim çəkməyi özümüzə borc bilirdik.

R.İbrahimbəyov pyesi yazır və Rasim Ocaqov həmin pyesi ilk öncə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnələşdirir, sonra isə ekran variantını yaradır. Söhbət 1979-cu ildə çəkilən “İstintaq” filmindəın gedir.

R.Ocaqovun xatirələrindən: “Dram janrında çəkdiyimiz “İstintaq” filmi ölkəmizdə mafiyanın mövcudluğu, onun qurbanları, mafiyaya qarşı tək-tək adamların uğursuz və çətin mübarizəsi haqqındadır. 1978-ci ildə adına “durğunluq” dediyimiz o dövrün ən qatı vaxtında biz o filmi çəkə-çəkə bir çox epizodların, replikaların senzuradan keçəcəyinə qətiyyən ümid bəsləmirdik”.

Çətinliklər hesabına ekranlara buraxılan film ilk nümayişindən sonra bütün ölkədə böyük səs-küyə səbəb olur. Doğrudur, bəzi vilayət komitələri rəhbərlik etdikləri ərazilərdə filmin nümayişini qadağan edirlər. Ancaq Moskva filmi qəbul edir, ona görə ki, ekran əsərində söhbət sadəcə Azərbaycandakı mövcud problemdən gedirdi.

“İstintaq” filmindən sonra Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun əməkdaşlığı daha da güclənir və birgə yaratdıqları filmlərin hər birində problemlərə müraciət  edərək, onun səbəbini araşdırırlar.

Hər iki yaradıcı hazırda Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm bağışla…”, “Qətldən yeddi gün sonra”, “Həm ziyarət, həm ticarət” kimi Azərbaycan mədəniyyət tarixində daim qalacaq dəyərli sənət nümunələri yaradıblar.

Qeyd etdiyimiz kimi, R.İbrahimbəyovun ssenariləri əsasında bir çox dəyərli sənət nümunələri yarandı, hətta zamanla ssenarist özü də bir neçə filmdə rejissor kimi iştirak edib. Buna baxmayaraq isə özünü heç bir vaxt rejissor kimi görmür, çünki əlindəki qələmin gücünə daha çox inanır. Beynindən, ağlından qələmə ötürülərək kağıza köçürülən sözün gücünə, kəsərinə daha çox əmindir.

1981- ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin birinci katibi, daha sonra sədri seçilən Rüstəm İbrahimbəyovun İttifaqdakı fəaliyyətinin artıq 41 ili tamam olur.

Azərbaycan Kinematoqrafçılar İttifaqınınAzərbaycan kinosunun inkişafındakı rolu, hər gələn yeni nəslin formalaşmasına şərait yaratması, yeni-yeni layihələrin həyata keçirilməsinə dəstək verməsi və s. hər biri  göz qabağında olub.  Və bütün bunlar Rüstəm İbrahimbəyovun zəhməti, əzmkarlığı və geniş dünyagörüşü sayəsində baş verib.

R.İbrahimbəyov deyir ki, sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın paytaxtında, rayonlarında  dövlət dəstəyi olmadan, az miqdarda olan vəsaitlə gözəl film çəkən gənc  rejissorlar var: “Zənnimcə, bu, önəmli faktordur. Azərbaycan Kimematoqrafçlar İttifaqının əsas vəzifəsi belə gənclərə hər baxımdan kömək etməkdən ibarətdir. Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq kino sənətinin lazımı səviyyəyə yüksəldilməsi üçün bütün səyimizlə çalışmalıyıq”.

Yazdığı əsərlərdə xalqın gücünə inanan, daima dövlətçilik mövqeyindən çıxış edən, dünya ölkələrində Azərbaycanı layiqli şəkildə təmsil etmə gücünü göstərən, Azərbaycana qarşı qərəzli mövqe tutan ölkələrin mükafatlarından imtina etməklə millətçilik duyğusunu üstün tutan, bütün fəxri titullara sahib görkəmli dramaturq Rüstəm İbrahimbəyovu ad günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömürlər arzu edirikl!

Aki.az