Sədaqət Kamal “Cənubda kino günləri”ndə
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, filoloq, kinoşünas Sədaqət Kamal AKİ-nin “Cənubda kino günləri” – Lənkəran baxışlarının iştirakçısı olub. O, təəssrüratlarını “525-ci qəzet”lə paylaşıb. Məqaləni aki.az oxucularına təqdim edirik:
– Bakı-Astara magistralında şütüyən maşından baxarkən ancaq bir söz idi fikrimə hakim kəsilən: Şuşa. Yol boyu Şuşa yazılmış istiqamət bildirən ox şəkilləri bitmək bilmirdi. Yol “Şuşa” deyib yallı gedirdi sanki. Doğrusu, bu işarələrin Şuşadakı qələbəmizdən əvvəl də olub-olmadığını bilmirdim. Məncə, olmamışdı. Çünki magistral yeni olduğundan işarələr Şuşaya yolun qeyd-şərtsiz açıq olduğunu təsdiqləyən hökmlər kimi idi. Qızmar günəşin hərarətindən qızan asfalt döşəmə üzərindəki bu hökmün, Şuşaya gedən yolçularla yanaşı, digər bölgələrə yollananların da ürəyinə, əriyən yağ kimi yayıldığı həqiqət idi. Mən də ikincilərdəndim; yolum Lənkəranaydı, Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsinin Lənkəranda reallaşacaq növbəti tədbirinə qatılacaqdım. Şuşa isə düşüncələrimdə göydən düşmə deyildi. Mədəniyyət paytaxtımız Şuşa ilə Lənkərandakı kino günləri arasında məntiqi bağlılıq görmüşdüm. Fikrimi aydın etməkçün neçə illər öncəyə qayıtmağım lazım gəlir.
1996-cı il, Birinci Şərq-Qərb Beynəlxalq kinofestivalının açılışı idi. O vaxtkı “Respublika” sarayında keçirilən açılış mərasiminə mərhum Prezidentimiz Heydər Əliyev də təşrif buyurmuşdu. Mərhum rejissorumuz Rüstəm İbrahimbəyovun yaratdığı bu beynəlxalq festivalın nümayəndələrindən biri isə Fransanın tanınmış rejissoru Rejis Varniye idi.
Onun açılış mərasimindəki çıxışı, sanki rəhbəri olduğu xalqın sənətinə və sənətkarına yüksək dəyər verən Prezidentimizin diqqətini çəkməyə hesablanmışdı; Heydər Əliyevin incəsənət xiridarı olduğunu bilənlər çox idi dünyada.
Rejis Varniye çıxışında dedi ki, 1939-cu ildə Fransa yeni təsis etdiyi dünyaca məşhur Kann kinofestivalının açılışına hazırlaşırdı. Lakin müharibə başladı. Bu illər ərzində Fransa xalqı ağrı-acılı illər yaşadı.
Lakin müharibə bitən kimi Fransa dövlətinin reallaşdırmağı zəruri saydığı ilk iş məhz Kann festivalının açılması üçün təşkilati tədbirləri həyata keçirmək oldu. Çünki kino xalqın arzusu ola bilmişdi bu illər ərzində, bu arzuya qanad açmağa, dünyaya uçmağa imkan yaradan isə əmin-amanlıq olmuşdu.
Məncə, fikrimi çatdıra bildim. Ancaq sözsüz ki, Varniyenin nitqini xatırlatmaqla, qatılmaq istədiyim Lənkəran kino günləri ilə Kann kino- festivalı arasında oxşatmaca təqdim etməkdən uzağam. Bununla belə, fakt faktlığında qalır axı. Yəni Kann Fransanın cənub bölgəsidir, Lənkəran bizim. Eləcə Lənkəranda keçirilən kino günləri də 44 günlük müharibədən sonra arzu kimi qanadlanmaq, dünyaya inteqrasiya imkanını özündə ehtiva edir, Kannda da elə idi. Bütün bunlara iki illik pandemiya dövrünü də əlavə etsək, özünə qapanmadan sıxılan insanların bir yerə toplaşmaq arzusunu da kinonun imkanları daxilində həyata keçirmək, sözsüz ki, cəmiyyətin inkişaf səviyyəsinin göstəricisidir.
Bu il Kino Evində, daha sonrasa müasir standartlara uyğun təmirli “Azərbaycan” kinoteatrında təşkil olunan kinoseanslar, kütlə ilə kino arasındakı qarşılıqlı təsir prosesini reallaşdırırdı, tamaşaçının öz milli kinosundan nə istədiyini öyrənmək mümkün olduğu kimi, gənc kinematoqrafımızın da ona nə təqdim etmək iqtidarında olduğu aşkarlanırdı. Yəni sözün əsl mənasında kinematoqrafımızın inkişaf prosesi relsə düşürdü.
Bu ilin iyun-iyul ayları müddətində cənub bölgəmizdə kino günləri layihəsi də bu relslə regionlarımıza yola çıxdı. Lənkərandan öncə kino günləri Biləsuvar və Lerikdə baş tutmuşdu. Gənc kino rejissorlardan Amil Amalın, Məzahir Haşımov və Elvin Adıgözəlin də bu regionlarda tamaşaçılarla keçirilən görüşləri çəkdikləri filmin xalq tərəfindən necə qarşılanacağını yaxından izləməyə imkan yaratdı. Feysbukdakı səhifəsində “Sizə məktub var” filminin rejissoru Məzahir Həşimov kino günlərindən aldığı təəssüratı belə bölüşüb: “Nə gözəl hissdir öz filmini böyük ekranda tamaşaçıya təqdim etmək. Bu, film vasitəsilə tamaşaçıyla ünsiyyətdir. Azərbaycan Kinematoqrafçılar İttifaqına dərin təşəkkürümü bildirirəm bu təşəbbüsə görə. Həm bizi tanıyırlar, həm də filmimizi”.
Bəli, bu günün gənc rejissorlarının öz vətənlərində böyük ekran həsrəti var, tamaşaçısı ilə ünsiyyətdə olmaq arzusu var. Elə-belə gənclər də deyil a onlar; filmləri dünyanın mötəbər kinofestivallarında diqqətçəkən, dəyərləndirilən bu gənc rejissorlarımız ölkə xaricində bizdəkindən çox tanınırlar.
Mənim Lənkəranda qatıldığım kino günlərində nümayiş olunan filmlərin rejissorları iştirak etməsələr də, Bakıdakı kino günlərinə moderatorluq edən kinoşünas Sevda Sultanova Lənkərana gəlmişdi. Tədbirin ilk günü təqdim olunan “Biləsuvar” filminin prodüseri İntiqam Hacılı isə, Lənkəran Dram Teatrının yeni təyin olunmuş direktor müavini və burdakı kino günlərinin təşkilatçısı idi. Ümumilikdə isə Cənubda Kino Günləri layihəsinə tamaşaçı marağını artıran faktlardan biri də, filmlərdən birinin elə məhz regionun adıyla adlanmasıydı. Layihənin start götürdüyü ilk region Biləsuvar, filmin rejissoru Elvin Adıgözəlin özü də Biləsuvar sakini olduğundan filminə maraq oyadacağına əmin idi. Eləcə də yerli tamaşaçıların öz məkanlarıyla bağlı filmə, çəkildiyi neçə ildən sonra baxa bilmək faktı da kinomuzun doğma tamaşaçısı ilə ünsiyyət qura bilməsində yeni mərhələ sayıla bilərdi. Rusiya, Cənubi Koreya, Tatarıstandakı uğurlarından sonra filmə Biləsuvarın özündəki baxış əlamətdar hadisə formatı da alırdı, məncə.
Məhz bu amillərlə bağlı filmin Lənkərandakı kiçik, müasir tipli kafe-şopdakı təqdimatı zamanı prodüserə: “Nəyə görə istedadlı gənclərimizin böyük əziyyət bahasına ərsəyə gətirdikləri film dünyanı gəzəndən sonra gəlib çatır öz milli tamaşaçısına?” sualıyla müraciət etmək istəsəm də, cavabı elə özüm müəyyənləşdirdim.
İntiqam Hacılı öz çıxışında bildirdi ki, Cənubda Kino Günləri layihəsi test xarakterlidir. Biləsuvar, Lerik, Lənkəran və Masallıda onu reallaşdırarkən ilk növbədə artıq kinoteatrlardan ayağını çəkən tamaşaçını kinobaxışlara cəlb etmək üçün müəyyən hazırlıq işləri görülməli olub. Bu xüsusda mətbuatda mütəmadi çıxışlar etmək, reklam və təşviqat aparmaq, baxışlara əlverişli zaman və məkan seçmək zərurəti yaranır. Bu ilk layihəylə bağlı İntiqam Hacılının gəldiyi nəticə bu olub ki, belə tədbirlər üçün ən əlverişli zaman yaz və payız aylarıdır. Regionlardakı nümayişlərdə bu, əsas şərtlərdən biridir. Bu şərtin əsas olduğunu şahidi olduğum faktla təsdiqləyə bilərəm. Kino günlərində qonaq qaldığım Digah kəndində kinoya baxmaq üçün mənimlə şəhər mərkəzinə getməyi təklif etdiyim sakinlərdən: “Nə danışırsız, günorta istilərindən sonra, saat 6-da, bağ-bağatda işləməyin yaxşı vaxtında kinoyamı getmək olar…”, – cavabını eşidirdim.
“Pulsuzdur, “Tor” kafe-şop da rahat və sərin bir məkandadır”, – deyib israr etsəm də, mənə qoşulan tapılmadı.
Beləliklə, “Tor”a gəlib, orda tamaşaçı qismində, amerikalı turisti – Lyuisi görəndə heç də təəccüblənmədim. Bu mənada müasir lənkəranlı gənclərin əhatəsində “Biləsuvar” filminə baxarkən özümü elə Kanndakı kimi hiss etdim. Eyni zamanda, filmin müzakirəsi zamanı bu istedadlı və savadlı gənclərin, kinomuzu dünya şöhrətli görmək arzusu da məni kövrəltdi.
“Biləsuvar” filmini diqqətlə seyr edən Lyuisisə filmə münasibətini bölüşmək xahişimə belə reaksiya verdi: “Gərək şərait dəyişsin ki, insanlar da dəyişə bilsinlər”.Öz-özümə: “Ay Lyuisi, şəraiti insanlar özləri də dəyişə bilər də” – dedim. Məsələn, “Biləsuvar”ın işıqlı qəhrəmanlarından biri, məktəb müəllimi öz şagirdlərinə yeni il şənliyinin atributu olan yolka ağacı tapmayanda gedib adi bir ağac budağı tapıb onu yolka sayağı bəzədiyi kimi.
Eləcə bu kino günləri layihəsi də işıqlı kino xadimlərimizin, kinoya baxmağa vaxt tapmayan Lənkəran zəhmətkeşlərinə şərait yaratmaq arzusu deyilmi?! Doğrudur, onlar bu şəraiti xırda addımlarla yeriyən bir uşaq tərzində yaratsalar da, böyüyüb əminliklə addımlamaq kimi təbii bir prosesə kökləniblər.
Ertəsi gün digər filmlərə baxış üçün Lənkəran Mədəniyyət Mərkəzinə toplaşan çoxsaylı auditoriya ilə kafe-şopdakı kiçik auditoriya arasında xaricən ciddi bir fərq nəzərə çarpmasa da, İntiqam Hacılıyla söhbətimdən sonra belə məlum oldu ki, daxilən fərq var. Nümayiş üçün film seçimində təşkilatçı elə məhz bu fərqi nəzərə almışdı. Mərkəzdəki kinobaxışa klub rəhbərləri və üzvləri, teatr xadimləri, bir sözlə, seçilmişlər toplaşmışdılar. İntiqam Hacılı dedi ki, regionlardakı film təqdimatında mentaliteti nəzərə almaq da vacibdir. Məsələn, “Biləsuvar” filmində tez-tez səslənən söyüşlər var, mentalitetimizdə belə hallara qarşı qıcıq olduğundan onu Mədəniyyət Mərkəzindəki auditoriyaya çıxarmaqdan ehtiyat etməyimiz lazım gəlir. Kafe-şopdakı nümayişdə isə bu hal çox sakit və təbii bir hal kimi qarşılandı. Amerika filmlərinə baxan gənc nəslin bu reaksiyası barədə, qulaqlarının həmin filmlərdə addımbaşı səslənən “fak”a – söyüşə öyrəncəli olduğuna nəzərən fikir yürütmək doğru olmazdı. Bunu, gənc nəslin ekranda pafoslu nitqə deyil, həyatda yaşayan insanların ekran obrazını real və təbii bir biçimdə görmək tələbatına aid etmək istərdim. Axı həyatımızda nə çoxdur ağzı söyüşlülər.
Qeyd edim ki, mən Kino Günlərində yalnız bir gün oldum və bir filmin nümayişində iştirak edib müzakirələrə qoşuldum. Çünki məqsədim oxucularla məhz bir günün təəssüratlarını bölüşmək idi. Ancaq bir-iki kəlmə ilə arzularımı da bölüşmək istərdim. Kinomuzla bağlı arzularımı. Əmin-amanlığımızın öhdəsinə düşür çoxlarımızın bu arzuları.
P.S. “Cənubda Kino Günləri” layihəsi çərçivəsində yuxarıda adını çəkdiyim regionlarda dövlət sifarişi və müstəqil çəkilən bu filmlər nümayiş olundu:”Qırmızı bağ” – rejissor Mirbala Səlimi; “Biləsuvar” – rejissor Elvin Adıgözəl; “Nar bağı” – rejissor İlqar Nəcəf; “Ol” – rejissor Namiq Ağayev; “Sizə məktub var” – rejissor Məzahir Həşimov; “Titrəmə” – rejissor Amil Amal, “Dan yeri” – rejissor Kamal Yaşar; “Dəhlizdə” – rejissor Amil Amal; “Bir ata haqqında” – rejissor Nurlan Həsənli; “Hədiyyə” – rejissor Rövşən Nicat; “Papanin” – rejissor Türkan Hüseynova; “Səs” – rejissor Ərturan Nəcəfi.