“Sən niyə susursan” filmi /Həsən Seyidbəylinin 100 illiyi/ rubrikasında

Görkəmli rejissor, yazıçı Həsən Seyidbəylinin quruluşunda çəkilən filmlərin əksəriyyətinin ssenarisi elə onun özünə aiddir. Bu baxımdan da Seyidbəyli yaradıcılığında yazı üzərindəki qəhrəmanlarla, ekrandakı qəhrəmanların birbirini tamamlaması diqqətdən qaçmır. Hətta əksər vaxtlarda rejissor qəhrəmanını elə yazı üzərindən müəyyənləşdirirmiş ki, bu barədə də məqalədə geniş məlumat verəcəyik.

Həsən Seyidbəylinin 100 illiyi münasibətilə hazırladığımızı rubrikada bu dəfə onun “Sən niyə susursan” filmini seçdik. Film 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsalata buraxılıb.

Macəra yanrında çəkilən, mürəkkəb əxlaqi problemlər qaldıran, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış edən filmin ssenari və rejissor işi Həsən Seyidbəyliyə aiddir.

 

SSENARİ YAZILIŞINDA AKTYOR TAPINTISI VƏ YA SINAQ ÇƏKİLİŞLƏRİNDƏN FRAQMENTLƏR

 

“Sən niyə susursan” filminin baş rollarının sınaq çəkilişləri zamanı çox sayda aktyorlar, əsasən də sənətə dəxli olmayan gənclər foto və kino yoxlamalarından keçiblər. Buna baxmayaraq fərqli iş üslubuna malik olan Həsən Seyidbəyli eyni zamanda hələ ssenarinin yazılışı ərəfəsində də rolların əksəriyyətini aktyorların üzərinə işləyib. Məsələn, Cəmilə rolu onu ifa edən Rəna Səlimova üçün işlənib. Və o da təsadüfi deyil ki, rejissor ilk dəfə onu “Cazibə qüvvəsi”(1964) filmində baş rola çəkib. Rejissor “Sən niyə susursan” filminin çəkilişlərinə başlayarkən əvvəlki filmdə çəkdiyi baş qəhrəmanları bu filminə də dəvət edir. Filmdə görünən digər aktyorlar isə artıq o vaxta qədər müxtəlif janrlı filmlərdə çəkilmişdilər. Filmdə digər qəhrəman olan Rasim rolunun sınağında Xəyal Axundzadə ilə birgə bir neçə aktyor da iştirak edib.

Qeyd etdiyimiz kimi, H.Seyidbəyli əvvəlcədən kimi hansı rola çəkəcəyini müəyyənləşdirirmiş. Buna baxmayaraq sınaq çəkilişlərini dövrün qaydasına əsasən keçirmək məcburiyyətində qalırmış.

 

HƏSƏN SEYİDBƏYLİ: QƏHRƏMANLARIMIN İKİSİNƏ TƏSADÜFƏN RAST GƏLDİM – XƏYAL AXUNDZADƏYƏ VƏ RƏNA SƏLİMOVAYA

 

Azərbaycanda ilk dəfə kinoalmanax 1964-cü ildə çəkilib. 3 novelladan ibarət olan kinoalmanaxda “Cazibə qüvvəsi” filmi də yer tutub. “Cazibə qüvvəsi” filminin ssenarisi təsdiq olunduğu vaxtda “Azərbaycanfilm” kinostudiyasında fövqəladə vəziyyət yaranıb: Bu barədə Həsən Seyidbəyli yazıb: “Ssenarilərdən biri vaxtında verilmədiyindən istehsalata buraxılmamışdı. Studiya bir kino vahidini itirmək təhlükəsi qarşısında qalmışdı. Bütöv bir ssenarini yazıb qurtarmaq üçün isə xeyli vaxt lazım idi. Buna görə də üç novelladan ibarət kino almanaxı yaratmağı qərara aldıq. Ənvər Məmmədxanlı, İmran Qasımov və mən idman mövzusunda novellalar yazmağı boynumuza götürdük. Novellalar hazır oldu. Üç kino qrupu çəkilişə başladı. Yenə də mənim ssenarim çətinliyə düşdü: rejissor və operatora təcili olaraq başqa iş tapşırıldı və yenə də mən öz ssenarim üzrə film çəkməli oldum. Orta yaşlıları tapmaq asan idi. Məlik Dadaşovu, Cabbar Əliyevi, Tələt Rəhmanovu rollara dəvət etdim. Baş rollara, yəni gənclərin roluna isə aktyor tapa bilmirdim. Əslində, bu yaşda-on beş, on altı, on səkkiz yaşlarında aktyor olmur. Yenə də bu aktyorları küçələrdə, məktəblərdə axtarmaq məcburiyyətində qaldıq. Bu elə bir vaxta təsadüf edirdi ki, məktəblərdə dərs qurtarmış, yay tətili başlamışdı. Qalırdı küçələr və parklar… İki “qəhrəmanımın” ikisinə də təsadüfən rast gəldim-Xəyal Axundzadəyə və Rəna Səlimovaya. Düzü Rəna Səlimova ikinci qızın roluna nəzərdə  tutulmuşdu. Əsas rol üçün çağırılmış qız Rənadan çox qəşəng idi. Təmkinli, zəkalı baxışları diqqəti cəlb edirdi. Ancaq məşqlər zamanı Rəna Səlimova gözlənilmədən ön plana çıxdı. Bir sözlə, dağlarda böyümüş, dağların təbiəti qanına hopmuş obraz elə bil Rəna Səlimovanın boyuna biçilmişdi. Hər şeydən çox onun təbəssümünə valeh olmuşdum. O, uşaq kimi, bütün qəlbi ilə gülümsünürdü, ağ dişləri parıldayır, iri gözləri sevinclə alışıb yanırdı. Mən Rənanın bu xarakterik cizgilərini ekranda ön plana çəkməyi qərara aldım. Beləliklə, Rəna Səlimovanın təbiəti, plastikası, təbəssümü kağız üzərində yaranmış obrazı tamamladı. Hətta demək olar ki, özünə tabe etdi. Bu novella birinci Ümumittifaq kinofestivalında “İdman mövzusunun poetik təcəssümünə görə” diplomuna layiq görüldü. Sonralar Xəyal Axundzadə və Rəna Səlimova “Sən niyə susursan” filmimə bir aktyor kimi gəldilər”.

 

AXUNDZADƏLƏR AİLƏSİNİN DƏSTƏYİ – YAS MƏCLİSİNDƏ AKTYOR AXTARIŞI

 

1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli rejissor Lətif Səfərovun faciəli ölüm xəbəri bütün kinematoqrafçıları, eyni zamanda isə bütün Azərbaycan xalqının sarsıtmışdı. Tanıyan-tanımayan hər kəs Səfərovlar ailəsinə baş sağlığına gəlirdi. Səfərovlar ailəsinin qonşuları, xüsusilə akademik Axundzadəgil, görəndə ki, yas məclisinə gələnlərin sayı-hesabı yoxdur, ancaq buna baxmayaraq yer darısqallığı ucbatından çoxları elə küçədə dayanmaq məcburiyyətində qalıb, bu zaman öz mənzillərinin qapısını taybatay açaraq məclis iştirakçılarının ixtiyarına vermiş, eyni zamanda isə özləri də məclisdə yaxından iştirak ediblır. Yas məclisinin keçirildiyi günlərin birində Həsən Seyidbəyli də bir qrup kinematoqrafçı ilə Səfərovlar ailəsinə, ailənin xanımı görkəmli müğənni Şövkət xanım Ələkbərovaya baş sağlığı verməyə, onun dərdinə şərik olduğunu bildirməyə gəlir. Həmkarının ölümündən kədərlənən kinorejissor əvvəl-axır hamının gedəcəyi bir məkan haqqında düşünməsinə baxmayaraq, eyni zamanda rejissor həssaslığı ilə ətrafı seyr etməyə başlayır. Bu zaman onun gözü qonaqlara qulluq göstərən bir gəncə, gələcək filmlərinin qəhrəmanına çevriləcək Xəyal Axundzadəyə zillənir. Gəncin səbrlə qonaqlara qulluq etməsi, arada söhbətlərə müdaxilə etməsi, eyni zamanda isə fərqli təbəssümlə olan gülüşü rejissoru düşünməyə vadar edir. Bu əhvalatdan bir neçə ay sonra rejissor növbəti filminin sınaq çəkilişlərinə bir çox aktyorlarla yanaşı, Xəyal Axundzadəni də dəvət edir. İlk dəfə kinoya gələn, sınaq çəkilişlərinə qatılan Xəyal elə ilk çəkilişdən də yaradıcı heyətin diqqətini cəlb edir və rola təsdiq olunur.

Xatırladaq ki, Rəna Səlimova ilə söhbət əsnasında eşitdiyimiz bu xatirələr, hələ “Cazibə qüvvəsi” filminin çəkilişindən bir neçə ay əvvəl baş vermişdir.

 

“MAGİSTRAL” ADI “SƏN NİYƏ SUSURSAN”LA ƏVƏZ EDİLDİ

 

Filmdəki Cəmilə obrazını oynayan Rəna Səlimova “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 5 filmdə rol oynayıb. “Cazibə qüvvəsi” və “Sən niyə susursan” filmindən fərqli olaraq onun digər filmlərdə(“Nəsimi”, “Şir evdən getdi” və s.) oynadığı rollar epizodik olub. Hətta o, “Mən ki, gözəl deyildim” filminin 1-ci variantında olan çəkilişində  baş qəhrəman olan Səidə rolunda çəkilirmiş. Məlum hadisələrdən sonra həmin rol Xuraman Qasımovaya tarşırılıb.  Bundan başqa isə o “Mosfilm”in istehsal etdiyi bir neçə filmlərdə də çəkilib. Rəna xanım söhbətə bir qədər uzaqlardan başlayaraq bildirir ki, Həsən Seyidbəylinin üç filmində çəkilib: “Bildiyiniz kimi “Cazibə qüvvəsi” və “Sən niyə susursan” filmində baş rolları oynamışam. Ancaq bilmədiyiniz bir məqama da toxunmaq istərdim ki, Seyidbəyli “Nəsimi” filmində məni Şəms roluna çəkmək istəyirdi. Sonra elə oldu ki, mən Şəmsin iştirak etdiyi epizodda yalnız rəqqasə rolunu oynadım. Xoreoqrafiya məktəbində təhsil almağım mənə rəqqasə rolunu yaratmağa kömək etdi. Təsəvvür edin ki, bir dəqiqəlik çəkilişdən ötrü 10 gün Naxçıvanda qaldım. İlk dəfə məni aktrisa kimi “Cazibə qüvvəsi”ndə kəşf edən Həsən Seyidbəyli, elə bu filmin ardınca da “Sən niyə susursan” filminin çəkiliş hazırlıqlarına başladı və yenidən mənə baş rol olan Cəmiləni həvalə etdi. Təkrar olaraq deyim ki, Cəmilə rolu hələ ssenarinin yazıldığı dəqiqədən mənim üçün nəzərdə tutulub. Hətta Həsən Seyidbəyli mənimlə məsləhətləşərək hansı adı xoşladığımı da soruşmuşdu. Mən də Cəmilə adının çox xoşuma gəldiyini dedim və beləliklə də filmdəki rolumun adı Cəmilə olaraq qaldı”.

Yeri gəlmişkən, filmin adı öncə “Magistral” olaraq seçilib. Çünki ssenariyə əsasən baş verən hadisələrin əksəriyyəti ucu-bucağı görünməyən yollarda cərəyan edir. Ancaq sonrakı proseslərdə vəziyyət dəyişib.

Aktrisa deyir ki, filmin ikinci adı əsas süjet xətti ilə sanki bir-birini tamamlayırdı: “Çünki yol boyu davam edən hadisələrdə taleyi namərdlərin əlində oyuncağa çevrilmiş bir qızın susması sürücünün marağına səbəb olduğu kimi, film boyu tamaşaçını da düşündürürdü. Ona görə də “Sən niyə susursan” adı film üçün daha məqsədə uyğun idi”.

 

FİLMİN QAÇIŞ SƏHNƏSİNDƏ RƏNA SƏLİMOVA KM-LƏRLƏ YOL QƏT EDİB

 

Maraqlı erizodlardan biri də filmdəki qaçış səhnəsidir. Cəmilənin maşının ardınca qaçan səhnəsi bəlkə də Rəna Səlimovaya km-lərlə yol qət etməyə başa gəlib. Yaşlı nəsil aktyorlar qaçış səhnələrində dublyor köməyindən istifadə etsələr də, yeniyetmələr bu səhnələri canlı yaratma∙a üstünlük verirlər. İş burasındadır ki, kinoreyissorları heç gənc nəslin dublyor köməyindən istifadə etməsinə şərait də yaratmırlar. “Mən elə bir yaş dövründə idim ki, Cəmilənin bütün hərəkətlərini, çıl∙ınlı∙ını mənimsəmişdim. Rolu unudaraq sanki özümü oynayırdım, öz dünyama qarılmışdım. Həm də ki, mən artıq “Cazibə qüvvəsi” filmində qaçış üzrə idmançı olan bir qızın obrazını yaratmışdım. Təsəvvür edin ki, km-lərlə yol, lar dəqiq desək isə Bayıl qəsəbəsindən Hökumət evinə qədər olan məsafəni qaça-qaça qət etmişdim.  Bu məsafəni qaçmaq məni yormasa da, çətinlik onda idi ki, qaçış zamanı tez-tez kameradan çıxırdım. Buna görə də belimə ip bağlamışdılar ki, kameradan kənara çıxmayım”. Filmin hazırlıq prosesi bitdikdən sonra montaj vaxtı məlum olur ki, dəniz kənarında lentə alınan epizodun lenti korlanıb və həmin epzod yay fəslində lentə alınmışdır. Ancaq lentin yararsız vəziyyətə düşməsindən  payızda xəbər tutulub.

R.Səlimova deyir ki, soyuq noyabr ayı idi, artıq qar da yağmışdı və belə bir havada dəniz kənarında yenidən çəkiliş aparılmalı idi: ”Sadəcə dəniz kənarı olsa nə var idi ki, axı Cəmilə belə qarlı havada suyun içində gəzmək həvəsinə düşməli idi. Təbii ki, çətinliklərə baxmayaraq həmin epizodu çəkmək məcburiyyətində idik. Həhayət ki, yaradıcı heyət belə qərara gəldi ki, məni soyuq havadan qorumaq üçün ayaqlarımı spirtlə möhkəm masay etdilər, sonra isə ayaqyalın dənizin dayaz yerlərində suya girərək bir o tərəfə, bir bu tərəfə gəzməyə başladım. Sanki yay fəslidir və mən də dənizin içində gəzirəm”.

Filmdə Rasimin Cəmiləni dəniz kənarında daşla vurma səhnəsində, Xəyal Axundzadə doğrudan da kiçik daş parçaları ilə Rəna Səlimovanın kürəyindən vurub. Başqa maraqlı bir məqam isə Rənanın (Cəmilənin) əlində od parçası ilə çəkilişə qatılması olub.

R.Səlimova: “Həmin epizodda bir əlimdə od tutmalı, digər əlimlə isə Rasimə kömək etməli idim və bütün bunları etdiyim halda belə kameradan çıxmamaq üçün bir növ çərçivədə hərəkət etməli idim. Eyni zamanda isə başqa bir epizodda tor atma səhnəsində bir çox çətinliklər meydana çıxırdı. Başıma atılan toru ələrimlə tutmağa, boğulmamağa çalışırdım. Əlbəttə ki, özünü müdafiə etmə həm film üçün lazım idi, həm özüm üçün. Axı mən doğrudan da boğula bilərdim”.

Çəkiliş vaxtı Rəna Səlimova tərəfmüqabillərinin, xüsusilə Yusif Vəliyevin, Fazil Salayevin, Həsənağa Turabovun oyun tərzlərindən əməlli-başlı heyrətlənib. Çünki adları çəkilən aktyorlar öz rollarını o dərəcədə inandırıcı oynayırmışlar ki, bu da gənc aktrisanın heyrətinə səbəb olurmuş. Xatırladaq ki, film azərbaycan və rus dilərində dublyay olunub. Azərbaycan dilində Rəna Səlimovanı Əminə Yusifqızı, rus dilində isə Nataliya Fateeva səsləndirib.

 

FİLMİN ÇƏKİLDİYİ MƏKANLAR… PAVİLYON ÇƏKİLİŞİNİN SİRLƏRİ

 

Onu da qeyd edək ki, filmin ssenarisinə əsasən çəkilən epizodların lentə alınacağı məkanlar əvvəlcədən planlaşdırılıb. Plana əsasən filmin çəkilişi kinostudiyanın pavilyonu da daxil olmaq şərtilə bir çox yerlərdə aparılmalı idi. Əlbəttə ki, bunun maddi tərəfi də nəzərə alınırdı. Rəna xanımla söhbət əsnasında belə məlum oldu ki, filmin bəzi epizodlarını asan çəkmək baxımından Həsən Seyidbəylinin əslən olduğu Nardaran kəndində, eyni zamanda isə filmin ikinci rejissor və operatoru olan Rasim Ocaqovun əslən olduğu Şəki rayonunda aparılıb. Filmin digər çəkilişləri Zaqatalada, məhşur Ağsu keçidində, Qaradağ rayonunda, Gəncə şəhərindəki Aluminium Zavodunda lentə alınıb.

Məsələn, filmdə Rasimin idarə etdiyi maşının batma səhnəsi Gəncədə-Aluminium Zavodunda Lentə alınıb. Və həmin erizodda doğrudan da maşını batıraraq çəkiliş aparıblar. Maşının sürətlə getdiyi dolanbac yollar Ağsu keçidində, dağların, magistral yollarını görünüşü, eyni zamanda isə Rasimin mağazadan Cəmilə üçün paltar alma epizodu Şəkidə lentə alınıbdır. Hətta canlı mağazada gedən çəkilişlərdə heç bir dəyişikliklər aparılmayıb. Satıcı roluna isə rejissor Əminə Yusifqızını çəkib.

Bundan başqa, filmin çəkilişi zamanı əvvəlcədən su maşını hazır vəziyyətdə çəkiliş meydançasına gətirilib. Elə ki, yağğış yağan epizodun çəkilişi başlanıb, bu zaman pirotexniklər şlanqın ağzına setka keçirərək onu fantan şəklində maşının üzərinə gətiriblər. Təbii ki, əvvəlcədən də maşının ətrafını su ediblər ki, çəkiliş vaxtı epizoddakı hər kadr canlı çıxsın. Həmin erizodda Amaliya Rənahova da qucağında uşaq epizodik rola çəkilib. Bu epizodda xəstə uşağı xəstəxanaya aparma səhnəsi isə Bakı ətrafında çəkilib.

Filmdə maşınla eyni vaxtda qatarın gedişi olan səhnələr əvvəlcədən planlaşdırılıb. Belə ki, yaradıcı heyət qatarın yola düşmə cədvəlini dəqiqləşdirərək onun gedişi ilə eyni vaxtda çəkiliş aparıblar. Bu epizodun çəkilişi zamanı maşının yaxından olan görünüşündə rol arxasında Xəyal Axundzadə otursa da, kənardan olan sürətli çəkilişlərdə onu kaskadyor əvəz edib.

FİLMİN YARADICI HEYƏTİ: Sssenari müəllifi və rejissor Həsən Seyidbəyli, operator və II rejissor Rasim Ocaqov, rəssam-Kamil Nəcəfzadə, bəstəkar-Tofiq Quliyev, səs operatoru-Əziz Şeyxov.

Rollarda iştirak ediblər: Xəyal Axundzadə(Rasim), Rəna Səlimova(Cəmilə), Yusif Vəliyev(Şirməmməd), Zemfira Sahilova(Sürəyya), Oleq Xabalov(Nəcəf), Məmmədsadıq Nuriyev(Arıq), Kamil Qubuşov(Bəbir), Həsənağa Turabov(milis mayoru), Ağarza Quliyev(kənd müəllimi), Fazil Salayev(Ramazan), Mirzə Babayev(1-ci avtomobil müfəttişi), E.Əliyev(2-ci avtomobil müfəttişi), Sadıq Hüseynov(sahə müvəkkili), A.Pənahova, Z.Seyidbəyli, S.Məcidova, Ə.Yusifqızı.

Tofiq İLK