``Sevil`` Sənədli Film Festivalı üçün film qəbulu başlayır
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı üçün sənədli film qəbulu açıq elan olunub.
Artıq dördüncü dəfə keçiriləcək festival bu ilki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbuluna başlayıb.
Sənədli janrda olması mütləq olan filmlər “FilmFreeway” (https://filmfreeway.com/Sevilfilmfest) platforması vasitəsilə qəbul edilir.
Qeyd edək ki, aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər Sevilfest 2023-də iştirak etmək üçün qəbul edilir:
– Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər;
– Filmin baş qəhrəmanı qadındır;
– Filmin məzmunu qadınlar və onların həyatına təsir edən məsələlərdən ibarətdir;
– Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.
Bİldirilir ki, xüsusi olaraq LGBTQI+, əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanları müsabiqəyə müraciət etməyə təşviq edilir. Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər aşağıdakı nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək.
- “Ən yaxşı uzunmetraj sənədli film”
- “Ən yaxşı beynəlxalq qısametraj sənədli film”
- “Ən yaxşı yerli qısametraj sənədli film”
Yeri gəlmişkən, bu ilki festivalda “tamaşaçı mükafatı” da yer alıb ki, həmin mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək.
“Sevilfest”-in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlıq nəticəsində festivalın ötən ilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”-da iştirak haqqı qazanıb.
Son söz əvəzi: Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.